Məktubda qeyd olunub ki, müstəqillik əldə olunandan sonra xalqımızın milli varlığının müəyyən edilməsində başlıca amillərdən biri olan soyadların milli-mənəvi ənənələrimizə uyğun formalaşması istiqamətində müvafiq addımlar atılıb. Bunun nəticəsində ötən dövr ərzində 500 min nəfərdən artıq şəxs -ov, -yev soyad sonluğunu milli soyad sonluğuna dəyişib. Məktubda vurğulanıb ki, ötən il dekabrın 24-də Azərbaycan Milli Elmlər Akademiyası Rəyasət Heyətinin Terminologiya Komissiyasının nəzdində fəaliyyət göstərən Adlar və Soyadlar üzrə Xüsusi Komissiyanın vəsatəti əsasında Azərbaycanın soyadlarının formalaşmasına dair qərar qəbul olunub. Həmin qərarla valideynlərin mövcud soyadlarının kökünə -lı, -li,-lu, -lü, -zadə, -soy, -gil, kişilərə -oğlu, qadınlara -qızı və ya -oğlu soyad sonluqlarının artırılması və ya heç bir soyad sonluğunun artırılmaması, eləcə də titul bildirən sözlərdən soyad yaratma vasitəsi kimi istifadə olunmaması təklif olunub.
Xidməti məktubda VVAQ şöbələrinə yuxarıda göstərilənləri nəzərə alaraq, müraciət edənlərə soyad sonluğunun könüllü dəyişdirilməsi hüququ, müvafiq prosedurların sadəliyi və hər hansı ödəniş edilmədən həyata keçirilməsi barədə məlumat verməklə onların arzusundan asılı olaraq bununla bağlı xahişlərini qısa müddətdə həll etmək tapşırılıb.