Yeni il şənliyini harada keçirək?

MARAQLI
17:22 12.12.2012
3949
şaqların az qala bir il hazırlıq gördükləri Yeni İl yaxınlaşır. Yeni İl ağacını qurma, hədiyyələr, əyləncələr-bunlar uşaqlar üçün bayram başlamamışdan bir ay əvvəl başlayır. Bütün valideynlər çalışırlar ki, ən yaxşı teatr tamaşalarına, yeni il şoularına uşaqlarını apara bilsinlər. Bakının demək olar ki, bütün teatr və mədəniyyət ocaqları balacaların Yeni il şənliyi və qış tətili günlərinə xüsusi hazırlaşıb. Yeni illə əlaqədar Heydər Əliyev adına Saray, Bakı Dövlət Sirki, Kukla Teatrı, Gənc Tamaşaçılar Teatrı, Akademik Milli Darm teatrı, Əl oyunları Sarayı və başqa mədəniyyət ocaqlarında müxtəlif proqramlar, uşaqlar üçün yeni il şouları nəzərdə tutulub. Artıq dekabrın 27-dən bu şənliklərə start veriləcək. Heydər Əliyev adına Saraydan ANS PRESS-ə verilən məlumata görə, 2,3,4, 5 yanvar 2013-ci il tarixlərində uşaqlar üçün növbəti dəfə yeni il şənliyi təşkil ediləcək. Uşaqların marağına səbəb olacaq konsertdə milli və müasir rəqslər, illüziya şousu, rəngarəng çıxışlar və digər sürprizlər gözlənilir. Heydər Əliyev Sarayının təşəbbüsü və təşkilatçılığı ilə keçiriləcək Yeni il şənliyində ən hündür səhnə şam ağacının quraşdırılacağı gözlənilir. Əlvan şam ağacının ətrafında toplaşacaq uşaqlar Qar qız, Şaxta baba və digər nağıl qəhrəmanları ilə birgə əylənəcəklər. Musiqili qonaqların da olacağı yeni il şənlikləri saat 13:00-da başlanacaq. Bakı Dövlət Sirki isə dekabrın 27-dən başlayaraq konsert proqramı təşkil edəcək. Sirkin mətbuat xidmətinin rəhbəri Mahir Hümbətovun ANS PRESS-ə verdiyi məumata görə, yeni illə bağlı “Afrikanın fillər imperiyası” adlanacaq proqram təşkil olnacaq. Belə bir tərkiblə çıxış Bakıda ilk dəfədir ki keçirilir. Tərkibində bəbir, şir, yaquar, puma, kakadu və s. heyvanlarla bağlı maraqlı nömrələr var. Onun sözlərinə görə, itlərlə bağlı xüsusi nömrə, hava uçuşu var, hava gimnastları, akrobatlar, klounlar nəzərdə tutulub. Yeni il olduğuna görə rəmzi olaraq Şaxta baba və Qar qız da çıxış edəcək, tədbiri açacaqlar. İki saatdan artıq davam edəcək yeni il şənlikləri təxminən yanvar ayının ortalarına kimi davam edəcək. Bayram günlərində Dövlət Sirki fasiləsiz işləyəcək. Kukla teatrından aldığımız məlumata görə, 28-31 dekabrda bayram şənliklərinin keçirilməsi nəzərdə tutulub. Hər il olduğu kimi teatr bu il də “Cırtdanın yeni il sərgüzəştləri” adlı yeni il tamaşasını təqdim edəcək. Azərbaycan Akademik Milli Dram Teatrı dekabrın 28-dən yanvarın 6-a kimi Şaxta baba və Qarqızın iştirakı ilə Yeni İl şənlikləri planlaşdırıb. Teatrda həmçinin Abdulla Şaiqin “Danışan gəlincik” əsəri oynanılacaq. Gənc Tamaşaçılar Teatrında yeni il üçün nəzərdə tutulan “Qar qızı kim oğurladı” tamaşası oynanılacaq. Sürprizlərlə zəngin əyləncəli bayram proqramı və yeni tamaşa dekabr ayının 27-dən yanvarın 5-dək saat 12.00, 14.00, 16.00, 18.00-da nümayiş etdiriləcək. Əl Oyunları Sarayında da dekabrın 29-31-də “Yeni il sərgüzəştləri” adlı proqram nəzərdə tutulub. Yeni illə bağlı ən möhtəşəm şənlikləri Dənizkənarı Bulvar İdarəsi Dənizkənarı Parkda keçirəcək. İdarənin rəis müavini Nazim Məcidov mətbuata açıqlamasında bildirib ki, bulvarın 10 yerində şam ağaclarının quraşdırılması nəzərdə tutulub. Bunların da ən möhtəşəmi kukla teatrının arxasındakı böyük meydançada olacaq. Onun sözləinə görə, Bulvarda 20 Şaxtababa və 20 Qarqız fəaliyyət göstərəcək. Qeyd edək ki, bayram günlərində biletlərin qiymətlərində dəyişikliklər yoxdur. Bakı Dövlət Sirkində biletlərin qiymətləri 10 manat, Kukla Teatrında 2 manat, Milli Dram Teatrında 6 manat, Əl Oyunları Sarayında 6 manatdır. Ümumilikdə bayram şənliyinə uşaqlar üçün bilet hədiyyəsiz satılmır. Beləliklə uşağının bayram şənliyində iştirak etməsini istəyən hər bir valideyn hər uşağa görə 7-8 manat xərcləməli olacaq. Beləliklə əgər sizin uşağınız hələ bayram şənliyində iştirak etməyibsə elə isə adlarını sadaladığımız mədəniyyət ocaqlarına yollana bilərsiniz.
OXŞAR XƏBƏRLƏR