09:28 Cümə, 15 Noyabr 2019
MÜSAHİBƏ

Arzu Bağırova: "Evliliyimin 6-cı ayında onu sevdiyimə və yanılmadığıma əmin oldum" - MÜSAHİBƏ

15:32, 16.08.20194878
Arzu Bağırova:
AZXEBER.COM-un "Uğurlu qadın” rubrikasının qonağı "Regional hüquqi və iqtisadi maarifləndirmə” İctimai Birliyinin sədri, xeyriyyəçi xanım Arzu Bağırovadır. 

- Arzu xanım cəmiyyətdə tanınan bir təşkilatın sədrisiz. Özünüzü uğurlu qadın hesab edirsiz? 

- Bəli, mən "Regional hüquqi və iqtisadi maarifləndirmə ictimai birliyi”nin sədriyəm. Uğura gəlincə uğur elə bir zirvədir ki, insan birinə nail olduqda, digərini arzulayır. Bu insanın qarşısına qoyduğu hədəfə görə dəyişir. Ancaq ümumilikdə götürəndə bəli özümü uğurlu qadın hesab edirəm. 

- Uğur qazanmaq üçün nələrdən keçmisiniz?

- Mənim üçün ən önəmli amil insanlığa və insanlara faydalı olmaqdır. Uğur qazanmaq üçün isə əziyyət çəkib, fədakarlıq etməyi bacarmaq lazımdır. Suala gəlincə mən uğur qazansam da, övladlarıma yetərincə  zaman ayıra bilməmişəm. Onlara zaman ayırmağı fəda verib, tam olaraq işimə aludə olmuşam. Bəzən düşünürəm ki, valideynlər üçün ən önəmli iş övladlarına vaxt ayırmaqdır. 

- Övladlarınız onlara ayıracağınız zamanın işinizə fəda olunmasını necə qarşılayır?

- Mən zaman problemini son 2-3 ildir ki, yaşayıram. O vaxta qədər övladlarımın bütün qayğıları ilə şəxsən maraqlanıb, hər zaman onlara dəstək olmuşam. 4 övladım var və onların hər birinin öz qayğıları var. Böyüklər universitet tələbəsi, kiçiklər isə məktəblidir. Böyüklər zaman baxımından, kiçiklər isə onlarla yetərincə əylənə bilməmə baxımından şikayətləri var. Son illər artıq mən onlara deyil, onlar mənim boş zamanıma uyğunlaşmalı olurlar. Əvvəllər isə belə bir şey yox idi, onlar nə istəyirdilərsə, həmin an edirdik. Məhz buna görə də onlar indi məndən şikayət edirlər (gülür)
 

 

- Dediz ki, övladlarınıza çox vaxt ayıra bilmirsiz. Bəs övladlarınızın qayğısı ilə kim maraqlanır?

- Mən səfərdə olsam da, daima onların üzərində nəzarətdəyəm. Texnologiya əsrində yaşadığımız üçün onlarla əlaqə yaradıb, maraqlanmaq o qədər də çətin deyil. Hər bir şey mənim nəzarətimdədir. Mən olmadıqda isə anam daima onlara nəzarət edir. Ataları da daim qayğıları ilə maraqlanır, dəstək olur. 
 

 

- QHT sahəsində çalışanların əksəriyyəti kişilərdi. Onlarla rəqabət aparmaq necə hissdir?

- Əslində mən rəqabəti hiss etmirəm. Çünki mən öz işimə köklənmişəm. Cəmiyyətə faydalı olmaq üçün çalışıram. Mən bir işi ən yaxşı və ən doğru şəkildə etmək haqda düşünürəm. Ona görə də bu hal ilə qarşılaşmamışam. Əksinə, bu sahədə hər kəsdən dəstək görmüşəm. 


 

 

- Bu sahəyə maraq necə yarandı sizdə?

- Bu sahədən xəbərdar idim. Ancaq öndə və aktiv deyildim. Mənə bu sahədə dəyərli millət vəkilimiz, əziz bacım Qənirə Paşayeva dəstək oldu. O məni çox cəsarətləndirdi və mən daha da önə çıxmağa başladım.
 

 


- Gördüyümüz qədərilə daima xarici səfərlərdəsiniz. Bəs həyat yoldaşınız bu qədər evdə olmamınızı necə qarşılayır?

- Mən deyərdim ki, mənim ən böyük dəstəkçim məhz elə həyat yoldaşımdır. Ondan sonra isə anam. Xarici səfərlərə övladlarımı rahatlıqla etibar edib, səfərə gedə biləcəyim şəxs anamdır.O olmasa təbii ki, mən bunu edə bilmərəm. Yoldaşım da  gördüyüm işin faydalı olduğunu düşünərək, daim mənə dəstək olur. 
 

 

- Yoldaşınız hansı sahədə çalışır?

- Yoldaşım mətbəə şektorunda çalışır.

- Həyat yoldaşınızla sevginiz necə başlayıb?

Əslində,  bu yola atamın istəyi ilə çıxmışam. Atama o qədər düşkünəm ki, onun hər sözü mənim üçün qanundur. Atam istədi mən bu yola getdim. İlk 6 ayda atama "sən yanılmamısan və doğru seçim etmisən” dedim.
 


- Bəs sevgi nə vaxt yarandı?

- Dediyim kimi, evliliyimin ilk 6 ayında atamın mənim üçün verdiyi qərarın doğru olduğuna əmin oldum. Mən hər zaman deyirəm ki, mənim sevgim doğulmadı, yarandı. Və çox doğulan sevgilərdən də mənim yaratdığım sevgi  güclü oldu. Hazırda da həyat yoldaşımı sevirəm və xoşbəxtəm. 
 
Deyirlər ki, qadınlar qulaqları ilə sevirlər. Amma deyəsən sizdə tərsi olub. 

- Bəli, belə olub. Ağlı ilə sevən qadınlar da var deyərdim. Analiz edib, dəyərləndirib, müşahidə edib sevir o qadınlar. Mən də düşünən, müşahidə edən, analiz edib sevən qadınlardanam.

- Müasir qızlar valideynlərinin sözü ilə yox, öz istəkləri ilə ailə qurmaq istəyir. 

- Mən ailə qurarkən atam mənə "qızım, mən əminəm ki, sən getdiyin yerdə tam xoşbəxt olacaqsan” dedi. Buna necə əmin olduğunu soruşduğum zaman isə, həyat yoldaşımın ailəsinə, ailə dəyərlərinə yüksək qiymət verdiyini dedi. Atam mənə o dəyərləri aşıladıqdan sonra, ailə qurmağa razılıq verdim. Və il 6 ayda bu addımı atdığıma peşman olmadığımı anladım. Bu gün biz də valideyn olaraq qızımıza atamın mənə aşıladıqlarını anlatmağa çalışırıq. Bu gün gözünə parlaq görünən hər hansı bir şeyin arxasında başqa şeylər durar deyə bildiririk. Göz ilə deyil, bir az ağıl ilə də sevmək lazımdır deyirik. Qarşıda nə yaşayacağıq, bunu zaman göstərəcək. 
 

 

- Çox xarici ölkədə olmusunuz. Qadınların xarici ölkədə təhsil almasına necə baxırsınız? Qızınızın xaricdə təhsil almasını istərdiniz?

İlk olaraq onu deyim ki, gərək valideyn olaraq övladını tam tanıyasan, ona bələd olasan, istəklərini biləsən. Düşünməlisən ki, övladım xaricdə təhsil ala bilərmi? Tək qala bilərmi? Təbii ki, getsəydi onunla tam güvəndiyim bir adam da gedəcəkdi. Bu hal ilə qızım universitetə daxil olan il qarşılaşmışam. Qızım xaricdə təshil almaq istəyirdi və biz bu haqda çox düşündük. Atası ona bakalavar təhsilini öz vətənimizdə, magistr təhsilini isə xaricdə almasınıtəklif etdi. Çox sağ olsun qızım da bizimlə razılaşıb, magistr təhsil üçün xaricə getməklə razılaşdı. Amma istədiyi icazəni bizdən ala bildi və xaricə təhsil üçün gedəcək (gülür)
 

 

- Oğlunuza özünüz kimi gəlin arzulayardınız?

- Çətin sual oldu (gülür). Bu haqda heç düşünməmişəm. Ancaq anlayışlı biri olsa, bu mənə bəs edər.

- Arzu Bağırovaya görə bir qadını nə xoşbəxt edir?

Bir qadını çox şey xoşbəxt  edə bilər. Elə qadınlar var ki, xırda bir şeydən özləri üçün xoşbəxtçilik yarada bilir. Ancaq elə qadınlar da var ki, hədəfləri və arzuları böyük olduğu üçün onları xırda şeylərlə xoşbəxt etmək mümkün olmur. Məni isə huzur, anlayış, rahatlıq xoşbəxt edə bilər. 

- Deyirlər ki, qadın üçün ən ali hiss analıqdır. Sizcə də bu belədir?

- Məncə də elədir.Analıq başqa hissdir. Ana olunca daha mərhəmətli və anlayışlı olursan. Öz analıq vəzifəsini dərk edən üçün bu ali hissdir.
 
- Arzu xanımın arzusunda olub ancaq hələ də çatmadığı arzusu var?

- Bəli, çox var. Qənirə xanımın belə bir sözü var "arzulaınız və xəyallarınız çox böyük olsun”.  Bu ifadəni çox sevirəm və deyə bilərəm ki, doğurdan da insanın arzuları tükənmir. Bu işim mənim ən pik hədəfim deyil deyə bilərəm.Daha da irəli gedib, daha da böyük işlər görmək istəyirəm.

- Deyirlər ki, hər bir uğurlu kişinin arxasında bir qadın dayanır. Bəs uğurlu qadının?

- Elə uğurlu qadının da arxaslnda da bir kişi dayanır. İnsanın arxasında biri olunca o yolda bərabər addım atmaq daha asan olur, nəinki tək. Bu kişi ola bilər ki, həyat yoldaşı, qardaş və ya ata olsun. Ancaq mütləqdir ki, bir qadına kişi dəstək olsun, onun varlığını hiss etsin. 

- Sosial şəbəkələrdə də aktivsiz. Oğlunuz və ya həyat yoldaşınız sosial şəbəkədə sizə əks cinsin nümayəndəsinin yazmasını necə qarşılayır?

- Biz buna bərabər gülüb keçirik.
 


- Nə vaxtsa hisslərinizə qurban getmisiniz?

- Baxır bu nəyin hissidir. Mənim özüm üçün nəyi qurban vermək olar, nəyi olmaz deyə siyahı var. Yəni ürəyimin səsini dinləyib, ağlımla hərəkət etmədiyim iş olmayıb.

- Səmimi cavablara görə təşəkkür edirik

- Mən də maraqlı suallara görə sizə təşəkkür edirəm və uğurlar arzulayıram.
 
Günel Hüseynli

XƏBƏR LENTİ