19:58 şənbə, 21 Sentyabr 2019
İQTİSADİYYAT

Azərbaycan Mərkəzi Bankı yeni il üçün pul-kredit siyasətini açıqlayıb

12:00, 27.12.20121572
Azərbaycan Mərkəzi Bankı yeni il üçün pul-kredit siyasətini açıqlayıb

Bu barədə Mərkəzi Bankın 2013-cü il üçün pul və maliyyə sabitliyi siyasətinin əsas istiqamətləri barədə Bəyanatında deyilir.

Eyni zamanda, qeyri-xammal əmtəə və xidmət ixracının artması gözləntiləri də yüksəkdir. Bu amillər 2013-cü ildə tədiyyə balansının cari əməliyyatlar hesabında ümumi daxili məhsulun 15-18%-i səviyyəsində profisitin olacağını gözləməyə əsas verir. Ölkənin kredit reytinqinin yüksəlməsi isə qeyri-neft iqtisadiyyatına xarici investisiyaların artması üçün əlverişli şərait yaradır. Bütün bunlar son nəticədə növbəti ildə də ölkənin strateji valyuta ehtiyatlarının artmasını təmin edəcək. Tədiyyə balansının proqnozlaşıdırılan vəziyyəti manatın məzənnəsinə təsir edən fundamental makroiqtisadi amil olacaq. 

Rəsmi proqnozlara görə, 2013-cü ildə ölkədə iqtisadi artımın 5,3%, o cümlədən qeyri-neft sektorunda 11,7% olacağı gözlənilir. Beynəlxalq maliyyə-kredit təşkilatları da növbəti ildə ölkədə iqtisadi artımın davam edəcəyini proqnozlaşdırır. Qeyri-neft sektorunda artımın 2013-cü ildə də əsasən daxili tələbdən təsirlənəcəyi gözlənilir. 

Gələn il üçün pul siyasətinin əsas hədəfi inflyasiyanın 5-6% səviyyəsində təmin edilməsi olacaq. Bunun üçün Mərkəzi Bank klassik tənzimləmə alətləri ilə pul kütləsinin artım tempinə təsir etməyə çalışacaq. Eyni zamanda, uzunmüddətli dövrdə inflyasiyaya və iqtisadi tsiklə təsir baxımından pul siyasətinin yeni, daha effektiv rejiminin tətbiqi istiqamətində zəruri makroiqtisadi, institusional və struktur şərtlərin təmin olunması diqqətdə saxlanacaq. 

Bu şərtlər sırasında çevik məzənnə rejimi xüsusi əhəmiyyət kəsb edir. Çevik məzənnə rejimi pul kütləsi və faiz dərəcələri üzərində daha effektiv monetar nəzarəti təmin edir. İqtisadiyyatın və ixracın  şaxələnməsi, fiskal dayanıqlığın daha da güclənməsi, maliyyə bazarının inkişafı və faiz dərəcəsinin inflyasiya üzərində əsas təsir vasitəsinə çevrilməsi bu rejimə keçid üçün xüsusi əhəmiyyət kəsb edir. 

Gələn il üçün məzənnə siyasəti valyuta bazarında tələb və təklif arasında tarazlığın təmin olunmasına və bu əsasda manatın ABŞ dollarına qarşı məzənnəsinin əhəmiyyətli tərəddüdlərinin qarşısının alınmasına yönəldiləcək. Tədiyyə balansının cari əməliyyatlar hesabında gözlənilən profisit növbəti ildə də manatın ABŞ dollarına qarşı məzənnəsinə təsir edən başlıca amil olacaq. Manatın digər valyutalara qarşı məzənnəsinin dəyişməsi isə qlobal valyuta bazarındakı proseslərdən asılı olacaq. Bu şəraitdə iqtisadi subyektlər tərəfindən məzənnə risklərinin daha effektiv idarə edilməsinin əhəmiyyəti artır. Məzənnə siyasətinin parametrləri tədiyyə balansının vəziyyəti, bank sektorunda maliyyə sabitliyi hədəfləri və qeyri-neft ixracının rəqabət qabiliyyətinin qorunması vəzifəsi nəzərə alınmaqla müəyyənləşdiriləcək. Ümumən, manatın məzənnəsinin fundamental sabitliyi makroiqtisadi və maliyyə sabitliyinin əsas amillərindən biridir.

apa

XƏBƏR LENTİ