05:15 Bazar Ertəsi, 26 Avqust 2019
SOSİAL

Bu avtomobillərin şəhərə girişinə məhdudiyyətlər tətbiq ediləcək - SİYAHI

17:46, 18.07.20194548
Bu avtomobillərin şəhərə girişinə məhdudiyyətlər tətbiq ediləcək - SİYAHI
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Bakı şəhərində keçirilmiş müşahidələrin nəticələri hava keyfiyyətində yaxşılaşmaya doğru tendensiyanın olduğunu göstərir.

Bunu APA-ya Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, atmosfer havasının keyfiyyətinə nəzarət edən Vaisala AQT400 avtomat stansiyasının onlayn məlumatlarının və  OPSİS avtomatik məntəqədən alınan təhlillərin nəticəsi bunu təsdiq edir.

Belə ki, 2018-ci ilin iyun-iyul  aylarında atmosfer havasında azot 4 oksid normanı 2,4 dəfə keçmişdisə, 2019-cu ildə bu göstərici 1,4 dəfə olub. Həmçinin  ETSN-nin 168 nömrəli "Qaynar Xətt”inə havanın çirklənməsi nəticəsində qoxunun gəlməsi ilə bağlı əhali tərəfindən daxil olan şikayətlərin sayı da xeyli azalıb. 2018-ci ilin iyun və iyul ayının birinci yarısında 77 şikayət daxil olmuşdusa, 2019-cu ilin müvafiq dövründə havanın çirklənməsi ilə bağlı 30 şikayət daxil olub.  

"Araşdırmalar nəticəsində məlum olub ki, 2018-ci ildə toluol, benzol və etil-benzol normadan 3 dəfə artıq olduğu halda 2019-cu ildə 1,2 dəfə artıq olub. Atmosfer havasının vəziyyəti həm ətraf mühitə atılan tullantılardan, həm də sinoptik-meteoroloji  şəraitdən asılıdır. Durğun anomal isti hava şəraitində, zəif cənub, cənub-şərq küləyinin üstünlüyü zamanı çirkləndirici maddələrin toplanmasına şərait yaranır. Bu il isə iyunun anomal isti keçməsinə baxmayaraq, iyulda nisbətən sərin və küləkli hava şəraitinin üstünlüyü bu durğunluğun yaranmasının qarşısını alıb. Eyni zamanda bunu müvafiq dövlət qurumları tərəfindən nəzarətin gücləndirilməsi və havanın çirklənməsinə görə məsul olan sahələrin bu məsələnin vacibliyini başa düşərək müəyyən tədbirlər görmələri ilə izah etmək olar. Lakin bu istiqamətdə hələ də bir çox həll olunmamış problemlər var.

Xüsusi narahatlıq avtonəqliyyat vasitələrinin sıxlığı, eyni zamanda ölkəyə gətirilən istismar müddəti keçmiş avtomobillərin istifadəsi ilə bağlıdır. Nazirlik tərəfindən aidiyyəti təşkilatlarla bəzi nəqliyyat növlərinin şəhərə daxil olmasına məhdudiyyətlərin tətbiq edilməsi istiqamətində işlər aparılır.

Bakı şəhərində nəqliyyatdan havaya  olan təsirləri müəyyənləşdirmək məqsədilə seçilmiş  nöqtələrdə - Neftçilər pr., Dərnəgül şossesi, Nobel pr., 20 yanvar dairəsi, Lökbatan dairəsi, Ukrayna dairəsi, Qara Qarayev pr., Heydər Əliyev pr., Şərifzadə küç., Xırdalan–Sumqayıt yolunda əməkdaşlarımız tərəfindən monitorinqlər keçirilib və hava nümunələri götürülərək azot-4 oksid, kükürd qazı, dəm qazı, Pm10, Pm2,5 dirspers tozun təyini üzrə analizlər aparılıb. Analizlərin nəticələrinə görə çirkləndiricilərdən azot 4-oksidin konsentrasiyası 2,3-3,5, dəm qazı 1,4-2,2, Pm10 dirspers toz 1,1-1,4, Pm 2,5 dirspers toz 1,1-1,6 dəfə yol verilən qatılıq həddini keçib.

Monitorinqlərin nəticəsinə görə, ən yüksək çirklənmə Lökbatan dairəsində qeydə alınıb ki, bu da həmin dairədə həm şəhərdaxili, həm də şəhərkənarı nəqliyyatların sıx hərəkət etməsi ilə bağlıdır", - deyə o əlavə edib.

Umyara Tağıyeva bildirib ki, monitorinqlər davam etdirilir: "Lakin təmiz hava naminə müsbət nəticələrin davamlı olaraq əldə edilməsi bizim hər birimizin, o cümlədən sənaye və təsərrüfatın müxtəlif sahələrində çalışanların, əhalinin bütün təbəqələrinin birgə səyindən asılıdır. İnanırıq ki, bu vacib problemi biz birgə həll edə biləcəyik".
XƏBƏR LENTİ