ANS TV-nin aparıcıları ilə söhbətimiz davam edir. ANS PRESS-in budəfəki qonağı “Ağıl dəryası" intellektual oyununun aparıcısı Nigar Mahmudovadır.
"Ağıl Dəryası" intellektual oyunu ANS Televiziyasının Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə birgə həyata keçirdiyi layihədir. İntellektual şounun qalibi olan 11-ci sinif şagirdi sonda imtahan vermədən attestat əldə edir. Ötən mövsümdə bir şagird - Kamran Ələkbərov Azərbaycan təhsil sistemi tarixində ilk dəfə olaraq imtahansız attestatla mükafatlandırılıb. Qalibə attestatı Azərbaycan Respublikasının təhsil naziri Misir Mərdanov şəxsən özü təqdim edib. Bu mövsümdə isə verilişin qalibi olan 3 nəfər imtahansız attestat, bir nəfər isə xaricdə ödənişsiz təhsil imkanı qazanacaq.
Verilişin aparıcısı Mahmudova Nigar - 1981-ci il dekabrın 12-də Bakıda anadan olub. Orta məktəblə birlikdə musiqi məktəbində də təhsil alıb. Müstəqil Azərbaycan Universitetində modelyer-rəssam ixtisasına yiyələnib. Təhsilini Rəssamlıq Akademiyasında davam etdirib. 2010-cu ildən “Ağıl Dəryası” intellektual şousunun aparıcısıdır.
Subaydır.
Televiziyaya gəlişin necə olub?
- Televiziyada işləməyim böyük təsadüfdür. Mənim ANS Press Nəşriyyat Evinin məhsulu olan “Aysel” jurnalındakı məqalələrdən birində kiçik bir şəklim çıxmışdı. O fotonu jurnala xalam qızı göndərmişdi. 2005-ci ildə ANS-in “Şirin çay” verilişinə aparıcı lazım idi. O zaman jurnala baxaraq məni və bir neçə başa qızı seçmişdilər. Müsabiqədən 3 nəfər - mən və digər iki qız keçdik. Bir neçə ay təcrübəçi qismində ANS-də çalışdım. Ancaq təhsilimlə bağlı bu işi atmalı oldum. Ondan sonra televiziyadan uzaqlaşdım, bir də bu sahəyə qayıdacağımı düşünmürdüm. Uzun müddət öz ixtisasım üzrə işlədim. Daha sonra təkliflə başqa televiziyada bir müddət fəaliyyət göstərdim. Ötən il “Ağıl dəryası” verilişinə dəvət edildim və başladım yenidən ANS-də işləməyə. Müxtəlif mövzulu verilişlərdə işləsəm də, həmişə intellektual veriliş aparmaq arzulamışam.
“Ağıl dəryası” hansı yaş səviyyəsi üçün nəzərdə tutulub?
- “Ağıl dəryası”nda yalnız 11-ci sinif şagirdləri iştirak edə bilərlər. Çünki ilin sonunda 3 qalibə imtahansız attestat təqdim ediləcək. Bir nəfərə isə xarici ölkədə ödənişsiz təhsil imkanı yaradılacaq.
Veriliş 3 turdan ibarətdir. Birinci mərhələdə iştirakçılar üçün 4 cavab variantı olan 10 sual səslənir. Qalib olan 6 nəfər ikinci tura keçir. İkinci turda onlarla daha yaxından tanış oluruq. İkinci turda 1 dəqiqə ərzində sürətlə suallar veririk. Adətən bu dəqiqə ərzində onlar bildikləri suallara da cavab verə bilmirlər. Üçüncü turda üç nəfər iştirakçı qalır. Bu turda kimin biliyinin hansı səviyyədə olması daha aydın olur.
Ümumiyyətlə bizim şagirdlər bir az utancaqdırlar, özlərini rahat hiss etmirlər, sıxıntıları var. Verilişdən öncə onlarla söhbət edirik, çalışırıq ki, özlərini daha rahat hiss etsinlər, gülümsəsinlər. Çalışıram ki, onları tamaşaçılara hərtərəfli tanıdım. Məsələn, mən hərdən oğlanlara şəxsi suallar verirəm.
Birinci turun sonunda biz klassik musiqi əsərlərilə bağlı suallar veririk. Bəzən onları rahatlatmaq, üzlərini güldürmək üçün hər hansı başqa adi mahnı musiqisini səsləndiririk. Klassik əsər gözləyən, lakin adi mahnı eşidən uşaqların bəziləri çaşır, donub qalır, bəziləri isə gülürlər. Təbii ki, biz bunun bir zarafat olduğunu deyirik.
“Ağıl dəryası” adı uğrunda mübarizə aparan uşaqlar necə seçilir?
- 11-ci sinif şagirdləri www.anstv.ws internet saytında “Ağıl dəryası” bölməsində qeydiyyatdan keçir, özləri haqqında məlumat yazırlar. Onların əsasında biz 12 iştirakçı seçirik. Azərbaycanın istənilən bölgəsindən bizim verilişdə iştirak etmək olar. Bunun üçün ancaq sayta daxil olub özləri haqda məlumat vermələri kifayətdir. Müraciətlərin çoxu isə Bakı şəhərindən gəlir. Ümumiyyətlə, verilişdə aşağı sinif şagirdləri və məktəbi əvvəlki illərdə bitirənlər çox iştirak etmək istəyirlər. Təəssüf ki, biz ancaq 11-ci sinifləri dəvət edirik.
Verilişdə səslənən sualları kim hazırlayır?
- “Ağıl dəryası” Təhsil Nazirliyi ilə ANS TV-nin birgə layihəsidir. Sualları bizə Təhsil Nazirliyinin əməkdaşları təqdim edirlər. Prodüserimiz Elçin Babayev həm oradan, həm də başqa mənbələrdən suallar tərtib edir. Bir veriliş ərzində 130-a yaxın sual səslənir ki, onlar da əsasən məktəb proqramından olur.
“Ağıl dəryası” adı uğrunda həm paytaxt Bakıdan, həm də müxtəlif regionlardan gələn şagirdlər mübarizə aparırlar. Onların bilik səviyyələri arasında fərq var?
- Bunu dəqiq deyə bilmərəm. Çünki verilişdə o qədər də uzun müddət işləmirəm. Ancaq prodüserimizin sözlərinə görə, şəhər məktəblərində təhsil alan uşaqlar bölgələrdə oxuyanlardan daha savadlıdırlar. Ancaq qeyd edim ki, ötən ilin qalibi Zaqatala rayonundan olub. Hərdən kəndlərdən elə uşaqlar gəlir ki, onlar nəinki məktəb proqramından, eləcə də proqramdan kənar verilən suallara çox yaxşı cavablar verirlər. Onların dünya görüşü, savadı insanı təəccübləndirir. Bəzən elə uşaqlar olur ki, onlara siyasətlə, gündəmlə bağlı sullar veririk və gündəlik xəbərləri, dünyada baş verən prosesləri izlədikləri üçün yaxşı cavablar alırıq.
Verişildə iştirak edən uşaqların arasında siyasətçi olmaq istəyənlər çoxdur. Gələcəkdə onları yəqin ki, biz siyasi tribunalarda görərik.
Verilişin formatında dəyişiklik nəzərdə tutulmayıb ki? Ola bilər ki, mübarizəyə əvvəlki illərin məzunları və ya aşağı sinif şagirdləri də qoşulsun?
- Biz artıq müəyyən dəyişikliklər etmişik. Məsələn, əvvəl bizdə turnir cədvəli yox idi. Artıq bu var və bunun sayəsində iştirakçıların yığdığı balları aydın görmək olur. Hələlik isə belə bir şey yoxdur. Çünki biz qalibə imtahansız attestat təqdim edirik.
Reytinq necədir?
- Təəssüflər olsun ki, tamaşaçılar intelektual verilişlərə bir o qədərdə çox baxmırlar. Tamaşaçıların əksəriyyəti qalmaqallı və kriminal verilişlərə üstünlük verir.
Bir neçə aydır ki, verilişin aparıcısı sizsiz. Bu müddət ərzində nə isə maraqlı hadisə baş verib?
- Bizim verilişdə iştirak edən oğlanlardan biri, sən demə iştirakçı qızlardan birini sevib. Biz bunu bilməmişik. Təsadüfən onlar hər ikisi eyni verilişdə iştirak etməli olublar. Sürətli sual-cavab mərhələsində oğlan yerindən qıza kömək edirdi. Bir dəqiqəlik müddət bitəndən sonra biz qıza heç bir şey etməsək də, oğlanı verilişdən kənarlaşdırdıq. Çünki intellektual şou tam ədalətlilik prinsipinə əsaslanıb. Qeyd edim ki, hətta səsləndirdiyimiz sualları belə heç bir kənar şəxs görmür.