Ukrayna Rusiyanın neft və neft məhsullarının daşınması ilə məşğul olan "kölgə donanması” ilə əlaqəli olduğu iddia edilən gəmilərin kapitanları da daxil olmaqla, bir sıra ölkələrdən 5 şirkət və 94 fiziki şəxsə qarşı sanksiya tətbiq edib.
Bunu Ukrayna prezidenti Volodimir Zelenski açıqlayıb.
"Üç sanksiya paketi hazırlanıb və ilk paket bu gün artıq tətbiq edilib. Bunlar Rusiyanın "kölgə donanması”nın kapitanlarına qarşı sanksiyalardır. Biz bütün bunları - bütün bu paketləri tərəfdaşlarımızla sinxronlaşdıracağıq", - o deyib.
Bildirilir ki, fiziki şəxslərin siyahısına 94 nəfər daxildir ki, onlardan 83-ü Rusiya Federasiyasının, qalanları Banqladeş, Gürcüstan, Hindistan, İran, Çin, Myanma, Pakistan kimi ölkələrin vətəndaşlarıdır.
Hüquqi şəxslərin siyahısına isə Rusiya Federasiyasının beş şirkəti, o cümlədən "Qazpromneft Gəmiçiliyi” daxildir.
/APA