1 saylı Kliniki Tibbi Mərkəzin ("Semaşko") baş həkimi Ədalət Dadaşov "Report”a müsahibə verib.
AZXEBER.COM xəbər verir ki, onun müsahibədə səsləndirdiyi bəzi fikirlər cəmiyyətdə və sosial şəbəkələrdə müzakirəyə səbəb olub, birmənalı qarşılanmayıb.
Müsahibədə müzakirə mövzusu olan fikirləri təqdim edirik:
- Ötən ilin mayında Kliniki Tibbi Mərkəzə baş həkim təyin olunmusunuz. Bundan əvvəl həmin səhiyyə ocağındacərrahiyə şöbəsinin müdiri vəzifəsində işləyirdiniz.Bəzən mətbuatda Mərkəz haqqında müxtəlif neqativ fikirlər, yənirüşvətin mövcudluğu, zəifxidmət göstərilməsi və pullu olması, xəstələrin zərurət yaranmadığı təqdirdə əməliyyat edilməsi və s. səsləndirilir.Bu hallar mümkündürmü?
- Mərkəzimizdə 30 min adama stasionar, 50-60 min adama isə ambulator yardım göstərilirsə, təbii ki,hansısa xoşagəlməz hal ola bilər. Hər şeyin ideal olması mümkün deyil.Mərkəzimizin 1919 əməkdaşı var və iş prosesindəgərginliklər də olur. Məsələn, hansısa narkomanı əməliyyat edirsən, oyananda sənin ailəndəki qadınları söyür. Sadəcə işimizin xatirinə bunların hamısını uduruq.
Eyni zamanda, burada ehtiyac olmadığı təqdirdə hansısaxəstəyə əməliyyat təklif edilməsinə rast gəlməmişəm. Düzdür, hər bir xəstə əməliyyat olunmamasını istəyər. Çünki əməliyyat ağır bir sınaqdır. Əməliyyat həkimdən asılı olan və olmayan fəsadlarla nəticələnə bilir. Ona görə də riskli işdir. Əməliyyat yalnız xəstəliyin aradan qaldırılması üçün başqa mümkün çıxış yolu qalmadıqda icra olunur. Bu səbəbdəndeyilənlər sadəcə boş sözlərdir.
Hazırda mərkəzdə rəsmi şəkildə heç bir pullu xidmət yoxdur. Əgər gələcəkdə burada hansısa xidmətin pullu olması qərarı verilərsə, bu, həyata keçirilə bilər. Təbii ki, bu da dövlətin verə biləcəyi qərardır. Ancaq biz xəstələri pulsuz müalicə edirik.
- Həkim və ya tibb işçilərinin xəstələrdən və ya yaxınlarından pul tələb etməsi ilə bağlı şikayət olubmu? Belə olan hal müşahidə olunubsa, nə kimi tədbirlər görmüsünüz?
- Hərdən belə hallar da olur. Xəstələr şikayət yazır və "qaynar xətt"ə müraciət edirlər. Kim nöqsana yol verirsə, həmin tibb işçilərinin izahatı alınır, lazım olanda töhmət verilir və ya xəbərdarlıq edilir. Müəyyən müddətə həkim tibb işçisini müalicə işindən uzaqlaşdırırıq. Bu da çoxluq təşkil etmir.
- Həmçinin, dərman və tibbi ləvazimatların çatışmadığı, yaxud da dərmanların xəstələrin özlərinə aldırıldığı deyilir. Bu nə dərəcə düzgündür?
- Mərkəzdə müalicə olunan xəstələrə Səhiyyə Nazirliyinin hazırladığı siyahıya uyğun olaraq dərmanlar verilir. Əgər xəstənin özünə dərman aldırılırsa, deməli, həmin dərman nəzərdə tutulmuş siyahıda yoxdur. Yəni bununla bağlı müqavilə var və yazılanda xəstə heç bir etiraz etmir. Siyahıda olan dərmanların təchizatında qısamüddətli texniki fasilələr ola bilir. Məsələn, innovasiya bazasına həmin dərman yazılıb, lakin xəstəxanaya hələ gətirilməyib. Bu, həmin dərmanların Mərkəzdə olmadığı demək deyil. Əsas olan xəstənin taleyidir.
- Bəzən reanimasiyada tibb işçilərinin sayının az olmasından da şikayət edirlər. Ümumilikdə reanimasiya şöbəsində nə qədər tibb işçisi çalışır?
- Xəstələr reanimasiyada iki yerə bölünür. Bunlar süni tənəffüs aparatına qoşulanlar və ağır xəstələr. Yəni 3 xəstəyə bir reanimatoloq olmalıdır. İdealda isə hər xəstəyə bir tibb bacısı baxmalıdır. Mərkəzdə isə müəyyən çatışmazlıq var. Məsələn, 4-5 xəstəyə bir tibb bacısı var, hətta 7-8 və ya bəzən 10 xəstəyə bir reanimotoloq düşür. Ancaq vəziyyət kritik olanda çox ağır səylər nəticəsində işin öhdəsindən gəlirlər. Lakin ümumilikdə vəziyyət qənaətbəxşdir.
- Hazırda xəstəxanada nə qədər vakant yer var? Gənc kadrların işlə təmin olunması məsələsi necə həll olunur?
- Hazırda Mərkəzdə 1 919 tibb işçisi çalışır. Keçən ildən başlayaraq rezidenturadan sonra bir neçə gənc kadr işlə təmin olunub. Terapiya şöbəsində təhsil alan bir qız da bizdə işə götürülüb. Keçən il üzrə bizim xəstəxanaya 3 nəfər gənc gəlib. Praktika Səhiyyə Nazirliyi tərəfindən davam etdirilir. Bizdə vakansiya elə də çox deyil. Məsələn, toksikologiya şöbəsində vakant kardioloq vəzifəsi var. Yaxud da Qan bankında terapevt vəzifəsi vakant ola bilər. Vakant yerlərin az olması 2005-ci ildə təcili tibbi yardım stansiyası ilə mərkəz birləşdirilməsi ilə bağlıdır. Həmin vaxt çarpayı sayı azaldılsa da, işçi sayı olduğu kimi qalmışdı. Hazırda burada 760 çarpayı üçün 1919 işçi sayı var.
- Keçən il işdən çıxarılan işçi sayı nə qədər olub?
- Keçən il üçün 4 həkim, 10-a yaxın tibb bacısı və xadimə işdən çıxıb. Onlardan çoxu öz istəyi ilə gedib. Bəziləri qalmaq istəsə də, biz razılaşmamışıq. Çünki onların bu və ya digər səbəbdən işlərinin öhdəsindən gələ bilmədiyini müşahidə etmişik.
- Mərkəzinizə kimsəsizlər də gətirilir. Onların sonrakı aqibəti necə olur? Müalicələri davam edirmi?
- Xəstə göstəriş olanda xəstəxanaya qəbul olunur. Sonradan müalicə proseduru icra olunur. Ardınca həmin xəstə evə buraxılır. Əgər hansısa xəstənin, kimsəsizin evi yoxdursa, onu pansionata, reabilitasiya mərkəzlərinə, yaxud qocalar evinə göndəririk. Adətən, kimsəsizləri xəstəxanaya gətirəndə onlarda xroniki xəstəliklər müşahidə olunur. Küçədə qaldıqlarına görə onlarda soyuqdəymələr, ağciyər xəstəlikləri, bronxitlər, oynaq xəstəlikləri, şəkərli diabet, qan təzyiqinin yüksək olması, hipertoniya xəstəliyi qeydə alınır. Bura əsasən 40-60 yaş arası kimsəsizlər gətirilir. Çünki 60-dan çox yaşı olanlar çox yaşamır.
- Adətən, xəstələr və yaxınları nədən şikayət edirlər.Sizin özünüzün narazılığınız nədir?
- Xəstə hər şeydən şikayət edir. Əvvəl istliklə bağlı problem var idisə, artıq bu məsələ öz həllini tapıb. Az hallarda isə həkimin xəstəyə olan kobud rəftarından şikayət edirlər. Bu da yerində araşdırılaraq müvafiq tədbirlər görülür.
Əslində həkim xəstə və onun yaxınından şikayət etməli deyil. Adətən, həkimlər xəstə yaxınları ilə çox ünsiyyətdə olur. Normadan çox olanda da bu müəyyən narazılığa gətirib çıxarır. Amma yenə də həkim öz əsəblərini cilovlamalıdır.
- Həkimlər Hippokrat andına sadiq qalırmı?
- Əksər vaxt.
- Ümumiyyətlə, Mərkəzdə çalışan həkim və tibb bacılarının maaşı nə qədərdir?
- Həkimlər təxminən 220-250, tibb işçisi 150-160, xadimə 110-120 manat əmək haqqı alır.
- Sirr deyilsə, siz özünüz nə qədər maaş alırsınız və bu, sizi qane edirmi?
- Hazırda 590 manat məvacib alıram. Əgər maaş insanı qane edirsə, deməli, onda qüsur var. Çünki insan hər zaman artıq pul qazanmaq istəyir. Bu o demək deyil ki, siz pis adamsınız, sadəcə, insanın fantaziyası çox böyük olur.