“08.08 – Yeni Dövrün Kodlaşdırıldığı Gün” - TƏHLİL

“08.08 – Yeni Dövrün Kodlaşdırıldığı Gün” - TƏHLİL
SİYASƏT
10:43 08.08.2025
373
 Jurnalist Əfsələddin Ağalarov yazır:

"Tarix qaliblər tərəfindən yazılır”– Uinston Çörçill

"Mən taleyimin kaptanıyam. Mən ruhumun komandanıyam”– Nelson Mandela

Uinston Çörçill Hitlerə qarşı çıxanda tək idi. Qərbdə Adolf Hitlerin aqressiyasına açıq şəkildə "dur” deyən ilk lider olaraq sinəsini önə vermişdi. Qan, zəhmət, göz yaşı və tərlə də olsa, dünya bir şizofrenin caynağından məhz Çörçillin ilk etirazı ilə xilas oldu.

İndi nə Çörçill var, nə də Hitler. Amma dünya qalır…

Və bu günkü dünya, adıçəkilənlərin dövründən daha vəhşi, daha qaydasız idarə olunur.

İndi fərqlidir. 

Məsələn, Hitler cani kimi tarixdə qaldı. Bu gün onun işarəsi ilə salamlaşanlar həbs edilir. Çörçillin dahiliyi isə Hitler müzakirəsi açıldığı zaman daha çox xatırlanır. Onun da Londonda parlament binasının önündə bircə heykəli var.

Nelson Mandela isə…

Mandela dünyada azadlıq, ədalət və barışın simvolu kimi xatırlanır. Çünki o, 27 il həbsdə qalsa da, hakimiyyətə gələn kimi barış yolunu, sülh yolunu seçdi. Və bu gün dünyada 18 iyul "Beynəlxalq Nelson Mandela Günü” kimi anılır.


Tramp bütün bunları əzbər bilir və yaxşı dərk edir. Özü də lap yaxşı. 

Onun bir prinsipi var: "Dünyada müharibələrə son qoyan, barışı gətirən adam olmaq". 

Yeni bir Mandelaya çevrilmək yolunda irəliləyən Trampın növbəti hədəfi Cənubi Qafqazda sülhün bərqərar olunmasına dəstək verməkdir.


Çox uzaq tarix deyil. Hələ ötən iyul ayında Azərbaycan Prezidenti İlham Əliyevin 3-cü Şuşa Qlobal Media Forumunda Donald Trampa dair səsləndirdiyi fikirlər beynəlxalq səviyyədə böyük maraqla qarşılanmışdı. Yaddaşımızı təzələyək. Prezident çıxışında aşağıdakı əsas məqamları vurğulamışdı:

 1. Tramp, son illərin ABŞ prezidentləri arasında müharibə başlatmayan yeganə liderdir. O, əksinə, mövcud münaqişələri dayandırmağa çalışıb.

2. Onun Azərbaycan-Ermənistan sülh prosesində şəxsi təşəbbüsləri və siyasi iradəsi yüksək qiymətləndiririk.

Bu çıxışın ardınca forumda iştirak edən və sualı verən TASS agentliyinin baş direktor müavini Mixail Qusman Rusiyaya qayıtdıqdan sonra şiddətli tənqidlərə məruz qaldı. Bir neçə gün içində tutduğu vəzifədən uzaqlaşdırıldı. Solovyov Qusmanı "xəyanətkar” adlandıraraq, hətta həbs edilməli olduğunu bildirdi.

Yaşanan bu hadisələrin fonunda Donald Tramp həmin çıxışı öz sosial media hesabında paylaşaraq Prezident İlham Əliyevə təşəkkürünü bildirdi. Elə bunun ardınca Ağ Evdən daha bir vacib açıqlama gəldi:


08 avqust 2025-ci il tarixində ABŞ-da İlham Əliyev, Nikol Paşinyan və Donald Trampın iştirakı ilə yüksək səviyyəli görüş keçiriləcək.

Bu görüşün mart ayında razılaşdırılmış sülh sazişi layihəsi əsasında irəliləyiş əldə etməyə yönəldiyi bilinən həqiqətdir.

Görüşdə "Minsk Qrupu” (Fransa, Rusiya, ABŞ) çərçivəsində aparılan vasitəçilik prosesinin rəsmi olaraq dayandırılacaq.

Və ən əsası, Zəngəzur dəhlizi açılacaq. Bundan sonra Naxçıvana maneəsiz gediş-gəliş təmin ediləcək. 

"08.08 – Yeni Dövrün Kodlaşdırıldığı Gün”

Tramp dünya gündəmini bir neçə saat içində dəyişə, onu istədiyi formada dizayn edə biləcək bir liderdir. Aydındır ki, Tramp administrasiyası 08.08.2025 tarixini görüş üçün təsadüfi seçməyib.


Bu tarix, eyni zamanda Putinə verilən 50 günlük xəbərdarlığın son tarixidir.

"Əgər 8 avqusta qədər Ukrayna müharibəsində sülhə dair addım atılmasa, Rusiyaya qarşı yeni nəsil sanksiyalar tətbiq olunacaq,” – deyə Tramp bəyan etmişdi.

Artıq Ağ Ev ilk "qurbanını” seçdi. Rusiya neftini ucuz qiymətə alıb, onu "Indian Origin” adı altında Qərbə sataraq faktiki sanksiyaları pozan Hindistan Trampın qəzəbinə tuş gəldi. Yeni qərara əsasən Hindistana qarşı 25%-lik gömrük rüsumu tətbiq olunmağa başlanılıb.

Ümumilikdə Hindistan iqtisadiyyatının 20%-i ABŞ məhsullarından asılıdır. Bu isə yaxın aylarda Dehlinin ciddi iqtisadi çətinliklərlə qarşılaşa biləcəyini göstərir.

Tarixdə başqa bir 8 avqust: Gürcüstan-Rusiya müharibəsi


Xatırladaq ki, 08.08.2008 tarixində ABŞ-ın Cənubi Qafqazdakı əsas tərəfdaşı olan Gürcüstanla Rusiya arasında beşgünlük müharibə başlamışdı. Bu da 8 avqustun Cənubi Qafqaz üçün həm siyasi, həm də simvolik önəm daşıdığını göstərir.


"Köprü və Tarazlıq: Azərbaycan İbrahim Anlaşmasına Necə Baxır?”

Donald Trampın Azərbaycanla bağlı simpatiyasının daha bir səbəbi də Azərbaycan-İsrail münasibətlərinin dünyaya nümunə olmasıdır. Azərbaycan İsraillə sıx münasibətlərə malik yeganə müsəlman ölkəsidir.

Azərbaycan bu dostluq münasibətlərini Yaxın Şərqdə baş verən gərginliklərə baxmayaraq qoruyub saxlayır.

2020-ci ildə Trampın vasitəçiliyi ilə BƏƏ və Bəhreyn İsraillə tarixi "İbrahim Anlaşması” imzalamışdı. Lakin onun seçkiləri uduzmasından sonra bu təşəbbüs yarımçıq qaldı. İndi isə o, ikinci prezidentlik dönəmində bu layihəni yenidən gündəmə gətirir və Azərbaycanı İsraillə qurduğu münasibətə görə ərəb və müsəlman ölkələrinə nümunə olaraq göstərir.


"Dəmir İradə, Diplomatik İmza: İlham Əliyevin Sülh Səlnaməsi”

Təbii ki, baş verən hadisələr Azərbaycanın maraqlarına və siyasi-iqtisadi gücünə adekvat şəkildə irəliləyir. Çətin geosiyasi regionda yerləşən bir ölkə bütün təzyiqlərə baxmayaraq öz istəklərini formalaşdıra və onu qəbul etdirə bilir.

Bu siyasi uğur birbaşa İlham Əliyevin xarici siyasət səhnəsini əzbər və çox dəqiq detallarla bilməsindən irəli gəlir.

Belə olan təqdirdə, Mandelanın sülh ənənəsinin müəllifi heç şübhəsiz İlham Əliyevdir. Məhz onun təşəbbüsü ilə sülh danışıqları bu gün dünyanın gündəmində, ABŞ-ın ilkin beynəlxalq gündəliyindədir.

Zəngəzur dəhlizi layihəsini dünya gündəminə daşıyan, onun beynəlxalq logistika üçün önəmini xatırladan və çıxışlarında hər kəsin diqqətini bu istiqamətə çəkən də yalnız İlham Əliyev olub.

Bu reallığı və gerçəkliyi heç kim unutmamalıdır.



OXŞAR XƏBƏRLƏR