"1 il öncə Cəbrayıl azad edildi"

"1 il öncə Cəbrayıl azad edildi"
SOSİAL
16:37 04.10.2021
1011
XX əsrin 80-ci illərinin sonunda ermənilər "böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet dövründə mərkəzi hakimiyyət orqanlarının himayədarlığı ilə Azərbaycan əleyhinə məqsədyönlü şəkildə təbliğat kompaniyası aparılmış və nəticədə, mənfi ictimai fikir formalaşdırılmışdı. Erməni ideoloqları və onların himayədarları Azərbaycanın tarixi, sosial-iqtisadi inkişafı haqqında faktları açıq-aşkar saxtalaşdıraraq bütün ittifaq miqyasında yaymışdılar. Cəbrayıl rayonu 1993-cü il avqustun 23-də Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilmişdi. İşğal zamanı Cəbrayıl rayonu 1 şəhər, 4 qəsəbə və 97 kənddən ibarət idi. Cəbrayıl rayonunun ərazisi sement, mərmər, mişar daşı və digər qiymətli tikinti materialları ilə zəngindir. Dəmir filizi, hətta neft yataqlarının olduğu da məlumdur. İşğaldan əvvəl əhali əsasən üzümçülük, heyvandarlıq, taxılçılıq, baramaçılıqla məşğul olurdu. Elmin, mədəniyyətin, maarifin inkişafı yüksək səviyyəyə çatmışdı.

Rayonda 510 çarpayılıq xəstəxanalarda 92 həkim, 432 orta ixtisaslı tibb işçisi, 72 məktəbdə 1660 nəfərdən çox müəllim, 3 musiqi məktəbi, 12 mədəniyyət evi, 32 klub, 10 mədəni çadır və avtoklub, 78 kitabxana və 1 muzeydə 508 mədəniyyət işçisi çalışırdı. Rayon Tarix-diyarşünaslıq muzeyində 20 mindən yuxarı eksponat vardı. Rayonda 8 sənaye müəssisəsi, 42 kolxoz, Kökəltmə birliyi, Quşçuluq fabriki fəaliyyət göstərirdi;

Bütün bu illər ərzində isə Ermənistan işğalçı siyasətini davam etdirmiş, ərazilərimizdə təxribatlar törətmiş, təmas xətti boyunca yaşayan dinc əhalimizə mütəmadi atəş açmış, onların rahat yaşamasına imkan verməmişdi. Hətta, Ermənistan işğal zamanı mülki, təsərrüfat obyektləri ilə yanaşı, Azərbaycanın misilsiz mədəniyyət abidələri də məhv edilmiş, ölkəmizin iqtisadiyyatına və mədəni irsinə də ağır zərbə vurmuşdu. Əlbəttə ki, Azərbaycan bu işğalla barışmayacağını dəfələrlə nümayiş etdirmiş, 2016-cı il aprel ayında Lələtəpə, 2018-ci il Günnüt, 2020-ci il iyul ayında Tovuz döyüşləri zamanı bu sarsılmaz iradəsini nümayiş etdirmişdi.

Amma bütün bunlardan nəticə çıxarmayan Ermənistan 2020-ci il 27 sentyabr tarixində növbəti hərbi təxribat törətmiş, Azərbaycanın yaşayış məntəqələri və döyüş mövqelərini şiddətli artilleriya atəşinə tutmuşdu. Nəticədə, hərbi qulluqçular ilə yanaşı Azərbaycanın 11 dinc sakini, o cümlədən 2 uşaq həlak olmuşdu. Düşmənin hərbi təxribatını dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev dərhal bütün cəbhə boyu əks-hücuma keçmək əmri vermişdi. Beləliklə də, Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə həyata keçirilən "Dəmir yumruq” əməliyyatı ilə ölkənin ərazi bütövlüyünü, tarixi ədaləti, beynəlxalq hüququ bərpa etdi.

Erməni miflərin məğlubiyyəti. Azərbaycanın Qələbəsi eyni zamanda erməni miflərinin sonu deməkdir. "Ermənistanın güclü ordusu var”, "erməni xalqı döyüşkən xalqdır”, "Azərbaycan xalqı döyüşə bilmir” kimi miflərə son qoyuldu.

Rəsmi İrəvan törətdiyi vandalizmə görə, insaniyyətə və bəşəriyyətə qarşı törədilmiş cinayətlərə görə Ermənistan məsuliyyət daşımalıdır. Ermənistan hakimiyyəti beynəlxalq məhkəmələrdə cavab verəcəkdir, bütün vurulmuş ziyan hesablanacaq və cinayətkarlar tərəfindən ödəniləcəkdir.

Milli həmrəyliyin, peşəkar rəhbərliyin, effektiv hərbi strategiyanın və Ordumuzun gücü düşməni kapitulyasiya aktına imza atmağa məcbur etdi. Vətən müharibəsi nəticəsində Ermənistanın işğalçılıq siyasətinə son qoyuldu.

Bu yerlərə həyat yenidən qayıdır. Şuşada böyük quruculuq işləri gedir, Ağdamın bərpasının təməl daşı qoyulub, Zəngilanda "ağıllı kənd” layihəsi həyata keçirilir. Cəbrayılın bərpası üçün də göstəriş verilib. Azad edilmiş bütün ərazilərdə, eləcə də Cəbrayıl şəhərində inzibati və ictimai binalar, məktəblər, tibb ocaqları yaradılacaq,

infrastruktur qurulacaq. Küçələr, parklar, xiyabanlar salınacaq, qələbə abidələri ucaldılacaq. Rayon sakinləri, keçmiş məcburi köçkünlər tezliklə Cəbrayıla qayıdacaq, qurub-yaradacaqlar. Burada yenə toy-büsat olacaq, hər tərəfdə həyat qaynayacaq. Cəbrayılın və cəbrayıllıların bu xoş günləri uzaqda deyil.

Naftalan şəhər sakini Kəmalə Hüseynova
OXŞAR XƏBƏRLƏR