Ağdaşda 12 yaşlı məktəblinin intihar etməsindən sonra ortalığa çıxan məktubu ciddi müzakirələrə səbəb olub.
AZXEBER.COM qafqazinfo-ya istinadən xəbər verir ki, İsmayıl Adıgözəlovun məktubunda peyğəmbər yolunda intihar etdiyini vurğulaması hadisədə din faktorunun olmasını və azyaşlının məsciddə necə iştirak etməsi məsələsini gündəmə gətirib.
Məsələ ilə bağlı "Qafqazinfo"ya Ləki qəsəbə məscidinin axundu Xalid Ağəmmədov açıqlama verib . O qeyd edib ki, İsmayıl Adıgözəlov 6- ci sinif tələbəsi idi: "Biz namaz qılmağı öyrənmək və Qurani-Kərimi oxumaqla bağlı əhali tərəfindən müraciətlər olunur. Bu dərslər adətən məsciddə həftə sonları keçirilir. Bəzən isə müraciətlər çox olanda məktəbin dərs saatlarından sonra dərslər salınır. İsmayıl da atasının xahişi ilə mənim yanıma Qurani-Kərimi öyrənmək üçün gətirilmişdi. Adı peyğəmbər adı olduğu üçün atası onun Quran oxumağı öyrənməsini istəyirdi. Nümunəvi, tərbiyəvi bir uşaq idi. Uşaq məktubunda yazıb ki, 10 gün müddəti ərzində ailədə bacısının xeyir işi olacaq. Bacısının toyunu ona görə təxirə salmamağı yazıb. Peyğəmbər adını daşıdığı üçün bunu da məktuba əlavə edib. Bunun nə dərəcədə məqsədəuyğun olduğunu bilmirəm. Ancaq ətrafda yaşayan qonşular deyirlər ki, evlərində ailədaxili münaqişə yaranıb. Atası köçürdəcəyi qızının cehiz əşyalarını hazırlaya bilmədiyindən uşağın yanında ağlayıb. Uşaq da psixoloji sarsıntı keçirib. Bazar günü səhər saat 11:30 radələrində tövlədə özünü asıb".
Axundun sözlərinə görə, məsələ ilə bağlı Ağdaş Rayon Polis Şöbəsində cinayət işi başlanılıb: "Hazırda araşdırmalar gedir. Bu məsələnin yazıldığı kimi bizimlə əlaqəsi yoxdur. Cənazə namazında mən özüm etiraf etdim ki, bu uşaq çox tərbiyəli, nümunəvi biri olub. Bundan əlavə, cümə günləri məsciddə namaz qılmağa gəlməyib. Qafqaz Müsəlmanları İdarəsinin, rayon icra hakimiyyətinin tapşrığına əsasən, bizdə azyaşlı uşaqların çox vaxt valideynin iştirakı olmadan namaz qılmaqlarına icazə verilmir. Çünki azyaşlıdır, onun məktəbdə olması lazımdır. Yalnız valideyni ilə gələrsə, ibadət etməsi mümkündür. Digər hallarda ibadətə icazə verilmir. Bizim yanımıza gəldiyi qədər də o məktəbə də gedib".