Seçkilər hər bir ölkədə legitimliyin dayağı, səlahiyyətin qaynağıdır. Dövlətin kimlər tərəfindən və necə idarə edilməsinə xalq seçkilərdə qərar verir. Həmçinin cəmiyyətdə sabitlik və rifahın dayanıqlı olması da xalqın seçkilərdə ifadə olunan mövqeyindən çox asılıdır. Odur ki, heç bir cəmiyyətdə heç bir seçki kampaniyasına formal və mexaniki proses kimi baxmaq olmaz. Seçkilər istər demokratiya, istər dövlət, istərsə də cəmiyyət nöqteyi-nəzərindən olduqca geniş təməl və təsirlərə malikdir. Lakin seçkilər, bütövlükdə bir sistem, mexanizm olaraq bugünkü səviyyəyə çatmaq üçün əsrləri əhatə edən məşəqqətli bir yol keçib.
Seçkilərə sırf siyasi təmsilçilik institutu kimi baxdıqda orta əsrlər Qərb cəmiyyətlərinin sosial zümrələri göz önünə gəlir. Məlum olduğu kimi, feodalizm çağlarında Avropada dörd əsas təbəqə vardı: soylular, ruhanilər, azad və təhkimli kəndlilər. Son iki təbəqə hüquqi baxımdan imtiyazsız zümrə idi, çünki hüquqi imtiyazlar əldə etmək üçün o dövrlərdə torpaq sahibi olmaq vacib idi. Orta əsrlərin sonlarına doğru iri siyasi və dini mərkəzlərə əhali axını və ticarətin genişlənməsi ilə daha bir təbəqə formalaşmağa başladı. Həmin təbəqə çox keçmədən "burjua” adlandırıldı. Əslində Qərb demokratiyasını bugünkü səviyyəyə çatdıran sosial dəyişikliklər 13-cü əsrdən başlamışdı. Lakin ingilis və fransız feodalizmi öz xüsusiyyətlərinə görə bir-birindən fərqləndiyindən onların demokratik inkişaf yolları və modelləri də eyni olmamışdı. Bu fakt bir daha onu təsdiq edir ki, hər xalq demokratik hədəflərə öz milli xüsusiyyətləri ilə çatır və elə buna görə də, demokratiya nə qədər bəşəri və universal anlayışdırsa, o qədər də milli və lokaldır.
Bir sistemin demokratik sayılması üçün əsas şərtlər hər bir vətəndaşın səsvermə hüququna və verilən hər səsin eyni hüquqi dəyərə malik olması, ümümxalq səsverməsi ilə ən azı iki rəqib arasından birinin qələbə qazanmasıdır. Başqa sözlə, demokratik bir siyasi sistemdən bəhs edə bilmək üçün aşağıdakı amillər mövcud olmalıdır:
- Bir ölkənin həddi-buluğa çatmış vətəndaşlarının bütün kəsimlərinin səsvermə hüququna malik olması;
- Bəlli bir zaman intervalında seçkilərin ardıcıl olaraq keçirilməsi;
- Cəmiyyətdə siyasi partiyaların meydana çıxması və fəaliyyəti üçün zəmin olması;
- Qanunverici məclisin bütün üzvlərinin yalnız seçkilərlə müəyyən edilməsi;
- Seçki prosesində namizədlərin öz fikir və proqramlarını sərbəst açıqlaya bilməsi;
- Səslərin sərbəst və gizli şəkildə verilməsi, şəffaf şəraitdə sayılması.
Bu şərtlər daxilində keçirilən kampaniyalar azad, ədalətli və şəffaf seçkilər sayılmaqla demokratiyanın ən effektiv mexanizmi sayılır. Ona görə də qətiyyətlə demək olar ki, Azərbaycanda azad, ədalətli və şəffaf seçkilər keçirilməsi üçün bütün hüquqi və empirik şərtlər mövcuddur. Təsadüfi deyil ki, Azərbaycanda ötən prezident seçkilərini izləmiş ABŞ Müşahidə Missiyasının üzvü Maykl Makmaho demişdi: "Azərbaycanda seçkilər ədalətli, azad və şəffaf, eləcə də beynəlxalq standartlara uyğun keçirilib. Seçkilərin təşkili və səsvermə ilə bağlı siyasi partiyaların nümayəndələrinin, prezidentliyə namizədlərin təmsilçiləri, müşahidəçilərlə söhbətlər aparmışıq. Onlar da seçkilərin gedişindən razılıqlarını bildiriblər. Müşahidə zamanı biz seçicilərin səsvermə zamanı şəxsiyyətini təsdiq edən sənədi təqdim edərək bülleten götürməsinin, barmaqların xüsusi mürəkkəblə rənglənməsinin, eləcə də seçici fəallığının şahidi olduq. Ona görə də deyə bilərik ki, seçkilər ədalətli, azad və şəffaf, eləcə də beynəlxalq standartlara uyğun keçirilib”.
Heç şübhəsiz, qazanılmış təcrübələr 11 apreldə keçiriləcək prezident seçkilərini bir öncəkindən daha demokratik təşkil olunması və sayılması üçün əlavə imkanlar yaradacaq. /// sechki-2018.az