Zimbabvedə HİV virusu və QİÇS-ə qarşı mübarizəylə bağlı başladılan kampaniyanın bir hissəsi kimi millət vəkilləri sünnət ediləcək.
Paytaxt Hararedə yerləşən Parlamentdə sünnət əməliyyatının həyata keçirilməsi üçün müvəqqəti klinika yaradılıb.
Zimbabve parlamentinin QİÇS-ə qarşı komitəsinin sədri Blessinq Çebundo bu addımın digər vətəndaşlara nümunə olmaq üçün atıldığını bildirib. Onun dediyinə görə, 120-dən çox deputat və parlament işçisi sünnət proqramına maraq göstərib. Deputatlardan bəziləri hətta artıq sünnət olunub və digərlərinin də tezliklə kampaniyaya qoşulması gözlənilir.
Prezident də daxil olmaqla icraedici hakimiyyətinin də bəzi üzvlərinin “sünnət aksiyası”nda iştirak etmək ehtimalı var.
Qeyd edək ki, BMT tərəfindən aparılan tədqiqatın nəticəsində HİV virusuna yoluxma hallarına sünnət edilmiş kişilərdə daha az təsadüf edildiyi ortaya çıxıb. Zimbabvedə isə bir milyondan artıq insan HİV virusunun daşıyıcısıdır və 500 minə yaxın insan virus əleyhinə müalicə qəbul edir.
//Ann.az