ANS TV-nin məlumatına görə, o bu səbəbdən bu gün Bakıya gətirilib. Tovuzdan olan millət vəkili Qənirə Paşayevanın səyilə yaralı Travmatologiya və Ortopediya İnstitutuna yerləşdirilib.
Növbətçi həkim Vüqar Mikayılovun verdiyi məlumata görə, E. Şahmalıyevaya sağ budun arxa səthinin odlu silahla yaralanması, böyük həcmli yumşaq toxuma defekti diaqnozu qoyulub. Hazırda yaralının vəziyyəti kafidir. Xəstənin 20 gün müddətində müalicəsi davam edəcək.
Yaralı Elnarə Şahmalıyeva müsahibəsində göz yaşları içində hadisəni təsvir edib: "Qutudan qab götürürdüm. Əyildim ki, məni alov bürüdü. Tüstü dağılandan sonra gördüm ki, qardaşımın balaca qızı qışıqırır. Çevrilib gördüm ki, qızım yerdədir. Yarısı yox idi. Ürəyini işlətmək istədim, axtardım tapa bilmədim. İkinci dəfə nəfəs aldı. Elə qolumdaca getdi. Qaçırtdım yola. Xəbərim yox idi ki, mənə də dəyib. Qıçlarım tutuldu. Oturdum yolda. Maşın gəldi məni rayona aparmağa, amma qızım artıq yox idi".