Nicat Əlibəyli
İndiyə qədər izlədiyim ən lazımsız, yersiz, məntiqsiz bir flaşmob! Daha doğrusu, flaşmoba bənzər bir şey deyərdim. Amma demirəm! Deyib ruhdan salmaq istəmirəm. Çünki ən azı, belə bir işə qol qoymaq, özü də böyük bir işdir. Bu savad, dünyagörüşü, inkişaf, mənəvi dəyərlərimizin təbliği və bəlkə də gözəl bir gələcək deməkdir… Amma bu yola çıxdınsa, tələsməməlisən!
Bu qədər ağır bir işi boynuna götürərkən, ən yüngül bir səhvin belə hər şeyi məhv edə biləcəyini əvvəlcədən nəzərə almalısan. “Con etdi, Mark etdi, biz də edək!”- deyib nəsə etmək lazım deyil. Öncə, Conu və Markı düzgün başa düşməli və ən pis halda onlar edən işə bərabər bir iş ortaya çıxarmalısan.
İstənilən bir görüntünün ssenarisi olmalıdır, dostum. Vergülün, nöqtənin yeri bəlli olmalıdır. Xırda bir işarə yerində deyilsə, üzgünəm, sən artıq uduzmusan! Axı niyə?! Sən heç kimdən əskik, bacarıqsız deyilsən!
Təəssüflə qeyd edim ki, məndə belə bir fikir yarandı, dostum. Sanki, 10-15 nəfərə təklif etdin ki, gəlin, metroda, vaqonda musiqi ifa edək... Onlar da gəldilər... Gəldilər, amma gəldikləri kimi də getdilər. Allahın bir alqışlayanı da olmadı.
Bunu təkcə mən demirəm. Sosial şəbəkələrdə yazılan 2 rəydən biri bu barədədir. Ən azından vaqonda plandan xəbəri olan 4-5 nəfər sərnişin olmalıydı. Çünki Azərbaycanda başqa cür alınmır. Canımızda relsdən çıxmaq qorxusu var. Həmin 4-5 nəfər yalandan təəccüblənərək, əl çalaraq, bir sözlə, azca aktyorluq edərək, musiqiçiləri vəziyyətdən çıxara bilərdi. Bəlkə də, o zaman buna flaşmob demək olardı.
Lakin təəssüf ki, bu flaşmob filan olmadı. Sadəcə gedib camaatı narahat etdiniz və gəldiniz. Üzeyir Hacıbəyovun 130 illiyi ilə bu görüntünün heç bir əlaqəsi yoxdur. İstənilən bir işə peşəkar kimi yanaşmaq lazımdır.. Yüz ölçüb, bir biçməlisən. Demirəm ki, bacarmazsan... Mütləq ki, bacarmalısan... Lakin əgər bir işdə o boyda Üzeyirin adı varsa, bu boyda səhvlər etmək bizə yaraşmazdı. Tənqiddən əsəbləşməkdənsə, nəticə çıxar, dostum! Və mümkünsə, mənə bir şeyi izah et?! Sərnişinlər kimi alqışsız qoydu? Sizi, ya Üzeyir bəyi?!