14 fevral “Moskva hadisəsi”-erməni təxribatı niyə baş tutmadı?

14 fevral “Moskva hadisəsi”-erməni təxribatı niyə baş tutmadı?
SİYASƏT
16:50 27.02.2019
3773

Bu hadisə "Xocalı faciəsi” və "Sumqayıt olayları”nın anım günlərinə sayılı günlər qaldığı dönəmdə baş verdi. Rusiyanın paytaxtı Moskvada soydaşlarımızın çalışdırdığı "Neolit” kafesi təsadüfən seçilməmişdi. Azərbaycanlılarla çeçenlərin arasında süni şəkildə ixtilaf yaratmaqla bu avantüranı Rusiyada ictimailəşdirilməyə çalışıldı. Hətta qabaqcadan "muzdlu blogger” də tutulmuşdu.

 

Video şəklində çeçen xalqının adından soydaşlarımıza qarşı "küfr yağmuru” da hazırlanmışdı. Sadəcə "işarə”ni gözləyirdilər.Provakasiya fevralın 14-də gündəmə gətirildi. Ancaq, o da bəlli oldu ki, Rusiyada antiazərbaycanlı obrazını yaratmaqla onu ictimailəşdirməyə çalışan Ermənistan xüsusi xidmət orqanları peşəkar deyilmişlər. 5 sentyabr 1993-cü il tarixində Ermənistanın Vanadzor rayonunda anadan olmuş Qarnik Vardanyan ən qısa zaman içində ifşa edildi. İrəvanda hazırlanmış və Rusiyanın Rostov şəhərində planlamış əməliyyat Moskvada baş tutmalı idi. Ancaq, ermənilərin arzuları və hədəfləri gözlərində qaldı.

 

 


 

 

Zaman da, münasibətlər də dəyişib

Ermənistan xüsusi xidmət orqanları Rusiyada anti-azərbaycanlı provakasiyası planlarını hazırladığı zaman, bircə şeyi dəqiq hesabalaya bilməmişdi. Bu, əlahəzrət zamanın özü idi. İndi Rusiyada soydaşlarımıza bazarlarda göy-göyərti satan gözü ilə baxmırlar. Çünki xalqımızın istedadı, humanizmi və bir də bəşəri duyğuları harada yaşamasından asılı olmayaraq, sevgidolu bacarığı hər yerdə öz adı ilə dəyərləndirilir. Azərbaycan rəsmilərinin, çeçen ziyalıları və Çeçenistanın rəhbərliyi vaxtında bu təxribatın qarşısının alınmasında müstəsna xidmət göstərdilər. Hadisənin ən maraqlı tərəfi də soydaşlarımız kimliyindən asılı olmayaraq, birlik və bərabərlik nümayiş etdirdilər. Bu möhtəşəm addım sanki yenidən tarixin imtahanından alnıaçıq çıxmaq qədər şərəfli oldu. Başda Moskva şəhəri olmaqla, Rusiyanın bütün regionlarında soydaşlarımız bir araya gələrək antiazərbaycanlı imicini formalaşdırmaq istəyən ermənilərə qarşı birlikdə iradə nümayiş etdirdilər.

Demək olar ki, bir sıra toplantılar keçirməklə yanaşı, sosial şəbəkələrdə xalqımızın ayıq-sayıq olması məsələsini gündəmə gətirdilər. "Neolit” kafesindəki provakasiyanın ardından bu hadisəni törədən və səbəbkarı Qarnik Vardanyanın fotosunu, hətta pasportunu qısa zamanda əldə etməklə və qabaqcadan hazırlanmış videoda təsvir olunan şəxsin eyni olması dəlil-sübutlarla ortaya qoyan soydaşlarımızın bacarıq və məharətinə, intellektual səviyyəsinə bir daha böyük sayğı və hörmətlə yanaşıldı.Beləliklə də ermənilərin "siyasi şousu” iflasa uğradı.

 

 

 


Qarnik Vardanyanı İrəvana niyə qaçırdılar?

"Neolit” kafesində guya azərbaycanlılarla çeçenlər arasında insident baş vermişdi və tərəflər arasında qəddarcasına davranışlar yaşanmışdı. Hətta guya bir çeçen vətəndaşının simasını tanınmaz şəklə salmışdılar. Həmin şəxs də qeyzlənərək video müraciət hazırlayaraq bütün çeçenləri azərbaycanlılardan qisas almağa çağırışlar etmişdi. Bütün bunlar azmış kimi sosial şəbəkələrdə yayılan video müraciətin ardından yüzlərlə çeçen və azərbaycanlı vətəndaşın "Neolit” kafesinin həndəvərinə yığışaraq iki qardaş xalqın arasında qırğın baş verməsi barəsində informasiyalar yayıldı. Bunun ardınca Rusiyanın bəzi "ermənipərəst” KİV-ləri də bütün bunları tirajlamağa başladılar. Beləliklə 14-16 fevral günlərində sadəcə Moskvada deyil, Rusiyanın əksər bölgələrində az qala "çeçen-azərbaycanlı qarşıdurmaları” kimi xoşagəlməyən hadisələrin qığılcıma çevrilməsi təhlükəsi yayıldı. Ermənistan xüsusi xidmət orqanları hətta bu hadisəyə xüsusi rəng qatmaq üçün məlum video müraciətdə "sünnü-şiə” münasibətlərini əlavə etmişdi. Qarnik Vardanyan məsələsi ortaya çıxan kimi, coşmuş ehtiraslar da anındaca yox oldu. Bu dəfə hamının gözü bu erməni dığasına doğru dikildi. Qarnik Vardanyanı isə dərhal "xəstəlik” bəhanəsi ilə əvvəlcə Rostova, oradan da İrəvana yola aparmışdılar. 

 

"Blogger Mirzəxanov işi”

 

Əslən dağıstanlı olan, sələfilik cərəyanına məxsus Əlibəy Mirzəxanov 16 fevral tarixində Moskvada yaşadığı mənzilindən yoxa çıxmışdı. Qohumları dərhal polisə müraciət etdilər. Guya Ə. Mirzəxanovu hansısa hüquq mühafizə orqanlarına məxsus qrup həbs edərək onu naməlum istiqamətə aparıblar. Blogger kimi instagram sosial şəbəkəsində 94 min 831 nəfərdən ibarət abunəçiyə malik olan Əlibəy Mirzəxanovun əslində bu hadisəyləbirbaşa əlaqədə olması, onun çeçen-azərbaycanlı qarşıdurmasını sünnü-şiə davasına səsləməsi elə bu olayda iştirakını sübut edən başlıca amillərdən biri idi. Halbuki, o sosial şəbəkələrdə dəfələrlə təxribatçı çağırışlarına görə Dağıstanda yerli hüquq-mühafizə orqanları tərəfindən həbs olunub. Bu barədə 2013-cü ildən indiyə kimi Dağıstan hüquq-mühafizə orqanlarının hesabatlarında yetərincə rəsmi sənədlər vardır. Moskvada fevralın 14-də azərbaycanlılara məxsus "Neolit” kafesi ətrafında baş vermiş təxribatda elə Ə. Mirzəxanovun də əməyi keçmişdi. Belə ki, blogger statusu ilə kafedə olması və burada əvvəlcədən hazırlanmış ssenari əsasında onun üzərinə düşən vəzifəni necə yerinə yetirəcəyi barəsində xüsusi təlimat alması sonradan hər kəsə bəlli oldu. Onun üzdə sələfi inanclı və xaraktercə provakasiyalara meyilli olmasını bilən Ermənistan xüsusi xidmət orqanları onu bu məqsədlə özlərinin məlum planlarına daxil etmişdilər. Kafedə süni şəkildə mübahisə yaratmaq, bunun ardınca dərhal sosial şəbəkələrdə fotolar yayınlamaq, hadisələri bir yandan çeçen-azərbaycanlı, digər yandan isə sünnü-şiə qarşıdurmasına çevirməklə alovu qızışdırmaq lazım idi.

Moskva şəhər Baş Polis İdarəsi və Baş Prokurorluğunun birgə araşdırması nəticəsində məlum oldu ki, Ə. Mirzəxanovun Filevski Bulvarında öncədən kirayələdiyi mənzildə "14 fevral əməliyyatı” ilə bağlı o qabaqcadan xüsusi təlimatlar alıbmış. Hal-hazırda həbsdə olan Ə. Mirzəxanovun hüquqlarının müdafiəsi ilə bağlı sosial şəbəkələr üzərindən "petisiya” imzalanması aksiyası aparılır. Bizi ən çox narahat edən məsələ uzun illərdir insan haqları və demokratiya uğrunda mübarizə aparan "Memorial” təşkilatının mövqeyi oldu. Bu qurum sanki, provakatorların müdafiəsi təşkilatına çevrilib. Ortada sübut-dəlil olduğu halda, "Memorial” İnsan Haqları təşkilatı Qarnik Vardanyan və Əlibəy Mirzəxanovun müdafiəsinə qalxıb. Halbuki "Neolit” kafesində qabaqcadan planlaşdırıldığı kimi, baş verəcək insidentin ardından sosial şəbəkələrdə "çağırışlar” səslənməliydi və bunun davamı kimi hadisə yerinə toplaşan insanların arasında daha ağır olayın baş verməsi üçün tapança ilə atəş açılmalıydı. Həmin tapança ilə atəşi gecənin qaranlığında Əlibəy Mirzəxanovun atması indi hər kəsə bəllidir.

İrəvanda iflasa uğramış plan

 

 


 

"14 fevral işi” uğursuzluğa düçar olduğü üçün, Ermənistan tərəfi bu dəfə çoxgedişli addımlar atmaqla özünü mümkün qədər sığortalamağa çalışır. Ona görə də "yemlədiyi” və Azərbaycan dövlətinə qarşı etnik separatçı proyektlərdə yer alan çeteləri hərəkətə keçirməklə üzləşdiyi ittihamlardan yayınmaq taktikasına üz tutub. İrəvandakı blognews.am, panorama.am, armenianreport.com, dig.am, voskanapat.info və digər informasiya şəbəkələrini diqqətlə izlədikdə baş vermiş hadisələri çox asanlıqla təhlil etmək mümkündür.

 

Ermənistanın planlaşdırdığı "14 fevral işi”nin iflasa uğramasının əsil səbəbi Azərbaycandakı daxili siyasətdə ümummilli həmrəyliyin sabit xarakter alması, eləcə də bu prosesin xaricdəki bütün diaspor təşkilatlarımız tərəfindən dəstəklənməsi fəlsəfəsindən ibarətdir. 2016-cı ildə Füzuli rayonunun erməni işğalında olan və strateji əhəmiyyət daşıyan "Lələ Təpə”, Goranboy rayonunun "Talış” kəndinin Azərbaycan silahlı qüvvələrinin apardığı uğurlu döyüşlər nəticəsində iki min hektar ərazi düşməndən təmizləndi. Bununla yanaşı, 320 erməni əsgəri məhv edilmiş və 500-dən çox düşmən hərbçisi ağır yaralanmışdı. Azərbaycanın belə bir zəfərə ehtiyacı olması ilə yanaşı, həm də hər hansı bir ümummilli hadisənin fövqündə milli həmrəyliyə nail olmanın da təməli qoyuldu. Ermənistan tərəfi ötən əsrin 80-ci illərində minbir hiylə ilə müxtləfi təxriabtlar törətmək ənənəsinə sadiq qaldığı üçün, indi istədiyi planlarının puça çıxa biləcəyini hesablamaqda acizdir. "14 fevral planı”nın baş tutmamasının əsil səbəbi budur.

Ə. Yusifoğlu

 

OXŞAR XƏBƏRLƏR