İtdikdən 9 il sonra cəsədi tapılan 13 yaşlı Milli Dövlerin yaxınları başda olmaqla bəzi şəxslərin telefonlarını dinlədiyi ortaya çıxan İngiltərənin ən böyük qəzetinin son sayı bazar günü nəşr ediləcək. Bu haqda açıqlamanı qəzetin sahibi Riport Mördakın oğlu, "News of the World" İdarə Heyətinin sədri Ceyms Mördak verib.
Qeyd edək ki, qəzetin Milli Dövlerin ailəsi ilə yanaşı, 7 iyul 2005-ci ildəki terror aktının qurbanlarının, eləcə də İraq və Əfqanıstanda ölən ingilis əsgərlərinin yaxınlarının da telefonlarını dinlədiyi bildirilir.
İngiltərənin Baş Nazirliyi qəzetin bağlanmasında heç bir rolunun olmadığını açıqlayıb. Baş nazir Devid Kemeronun sözçüsü müstəqil istintaqın yenə də davam edəcəyini bildirib.
Mördakın sahibi olduğu "News Corporation" şirkəti İngiltərədə "The Sun", "The News of the World", "The Times" qəzetləri ilə "Sky" kanalının 39 faizlik hissəsinin sahibidir. İngiltərənin ən çox satılan tabloid qəzeti "News of the World" 168 ildir yayımlanır. Qəzet son illərdə kral ailəsinin yaxınları başda olmaqla çox sayda insanın telefonlarını dinlədiyi üçün tənqid edilirdi.