AZXEBER.COM xəbər verir ki, Azərbaycan Talassemiya Federasiyasının sədri, pasiyent hüquqlarının müdafiəçisi Nailə Quliyeva bu münasibətlə paylaşım edib.
O bildirib ki, Ümumdünya Səhiyyə Təşkilatı 2026-cı ildə Ümumdünya Pasiyent Təhlükəsizliyi Gününü qeyri-infeksion xəstəliklər zamanı tibbi yardımın təhlükəsizliyinə həsr edib. Bu ilin şüarı "Safe care for life!” – "Həyat boyu təhlükəsiz tibbi yardım!” çağırışıdır.
N.Quliyevanın sözlərinə görə, xroniki xəstəliklərlə yaşayan insanlar uzun illər, bəzən isə ömür boyu müalicə və tibbi nəzarətə ehtiyac duyurlar. Bu baxımdan tibbi yardımın davamlılığı, düzgün koordinasiyası və təhlükəsizliyi xüsusi əhəmiyyət daşıyır.
"Bir pasiyent hüquqlarının müdafiəçisi kimi bu mövzu mənim üçün xüsusi əhəmiyyət daşıyır. Uşağa ömür boyu müalicə və tibbi nəzarət tələb edən xəstəlik diaqnozu qoyulduqda bütün ailə üçün həyatın yeni mərhələsi başlayır. Valideynlərin ilk suallarından biri budur: övladımız üçün zəruri müalicə varmı və bu müalicə yalnız bu gün deyil, gələcəkdə də əlçatan olacaqmı?” – deyə o qeyd edib.
Nailə Quliyeva vurğulayıb ki, pasiyent təhlükəsizliyi insanın harada yaşamasından asılı olmayaraq müasir, keyfiyyətli və davamlı tibbi yardım ala bilməsi deməkdir.
"İstər paytaxtda, istər böyük şəhərdə, istərsə də ucqar regionda yaşasın – yaşayış yeri insanın aldığı müalicənin keyfiyyətini müəyyən etməməlidir”, – deyə o bildirib.
Federasiya sədrinin sözlərinə görə, talassemiya və digər hemoqlobinopatiyalarla yaşayan insanlar üçün təhlükəsizlik müalicənin bütün mərhələlərində təmin edilməlidir. Buraya qan transfuziyası, dərman təyinatı, diaqnostik müayinələr, mütəxəssisə yönləndirmə və sonrakı tibbi müşahidə daxildir.
O qeyd edib ki, təhlükəsiz tibbi yardım həmçinin məlumatlandırılmış pasiyent, dəstəklənən tibb mütəxəssisləri və riskləri vaxtında müəyyən edərək qarşısını almağa çalışan koordinasiyalı səhiyyə sistemi deməkdir.
"Pasiyent məlumatlandırılmalı, dinlənilməli və müalicəsinin hər mərhələsində prosesə cəlb olunmalıdır”, – Nailə Quliyeva vurğulayıb.
O, xüsusilə regionlarda yaşayan pasiyentlərin tibbi xidmətə çıxışına diqqət çəkib.
"Hazırlıqlı mütəxəssislər və lazımi şərait olduğu halda, pasiyent yaşadığı ərazidə ala biləcəyi tibbi yardım üçün daim yüzlərlə kilometr yol qət edərək Bakıya gəlmək məcburiyyətində qalmamalıdır”, – deyə Quliyeva bildirib.
Nailə Quliyeva 20 ildən artıq ictimai fəaliyyəti dövründə pasiyentlərin problemlərinin dövlət və tibb qurumları ilə müzakirə edilməsinin, həll yollarının axtarılmasının və onların keyfiyyətli, təhlükəsiz tibbi yardım almaq hüququnun müdafiəsinin vacibliyini qeyd edib.
"Çünki qaldırdığımız hər bir məsələnin arxasında insan həyatı və sağlamlığı dayanır”, – deyə o əlavə edib.











































