18 ildir ilan əti yeyən azərbaycanlı danışıdı: 'Əvvəllər qurbağa da yeyirdim'
MARAQLI
13:01 29.09.2012
4283
Bu hadisədən sonra Əli tez-tez ilan əti yeməli olub. Dediyinə görə, bəzən bir gündə iki ilan bişirirmişlər: Əli Məmmədov 1994-cü ildə Cəbrayıl rayon Hərbi Komissarlığı tərəfindən ordu sıralarına çağırılıb. Üç aylıq təlimdən sonra Ağdam rayonu Güllücə kəndi ərazisindəki hərbi hissəyə göndərilən Əli vətən qarşısındakı borcunu yerinə yetirərkən çox çətinliklərlə qarşılaşıb. Əsgərlikdə olduğu dövrdə ilan, hətta qurbağa yeyən Əli Məmmədov aradan uzun illər keçsə də, bu vərdişini tərgidə bilmir.Əli deyir ki, bir neçə gün mühasirədə qaldığı üçün ilan əti yeməyə məcbur olub: “1994-cü ilin mayında bizi Güllücə kəndinə gətirib, ermənilərin gizləndiyi fermanı almağı əmr etdilər. Gecə taborumuz hücum edib, fermanı düşməndən təmizlədi. Ermənilər xeyli itki versələr də, yaxınlıqdakı təpələrdə mövqe tuta bildilər. Üç gün qızğın döyüşlər getdi. Dərin bir arxı səngərə çevirmişdik. Yola ermənilər nəzarət etdiyi üçün hərbi hissə ilə əlaqəmiz tamamilə kəsilmişdi. İki gün ac-susuz qaldıq. Ertəsi gün əsgərlərdən birinin çantasından bir ədəd “tuşonka” çıxdı. Bir “tuşonka”nı 17 nəfərin arasında böldük. Adama bir çay qaşığı konservləşdirlmiş ət parçası düşdü. Həmin gün komandirimiz dedi ki, “uşaqlar, ilan əti yeməyi öyrənməlisiniz. Yoxsa, hamınız acından öləcəksiniz””.Əli Məmmədovun sözlərinə görə, kəşfiyyat bölüyündə xidmət etdiyi üçün onlara ilan əti yeməyi təlim vaxtı öyrədiblərmiş: “Bizim postumuz əsgərlərdən 50 metr qabaqda olurdu. Biz ermənilərin hərəkət trayektoriyasını izləyirdik. Bölüyümüzdə Kəlbəcərdən Elman adlı qoçaq bir əsgər vardı. Elman ilan tutmağı yaxşı bacarırdı. O, bir gün iri bir ilan tutdu. İlanın uzunluğu təxminən bir metrdən çox olardı. Elman əvvəlcə avtomatın qundağı ilə ilanın başını əzib öldürdü. Sonra isə səliqə ilə onun başını və quyruğunu kəsdi. Dərisini soyandan sonra təpənin arxasına keçib, ocaq qaladı. O, tavaya yarım stəkan su töküb, ocağın üstünə qoydu. Mən ondan tavaya niyə su tökdüyünü soruşanda dedi ki, su yağı əvəz edəcək. Sonra Elman dərisi soyulmuş ilanı tavaya qoydu. Biz hamımız onun başına yığışıb, maraqla bu mənzərəyə tamaşa edirdik. Su quruyana kimi tava ocağın üstündə qaldı. Bu müddət ərzində ilan toyuq əti kimi qızardı. Elman ilanın başını və quyruğunu kəssə də, o, tavada qıvrılır, xilas olmağa çalışırdı. İlan təmiz qızarandan sonra Elman onu qazandan çıxarıb, dörd yerə böldü. Hərəmizə bir parça ət düşdü. Biz ilanın bel sümüyünü çıxarandan sonra onu ləzzətlə yeməyə başladıq. Onu da deyim ki, tez-tez koramal da tuturduq. Amma koramalın dərisi soyulmadığı üçün onu yeyə bilmirdik”.Bu hadisədən sonra Əli tez-tez ilan əti yeməli olub. Dediyinə görə, bəzən bir gündə iki ilan bişirirmişlər: “Bir müddət sonra bizi Tərtər rayonuna göndərdilər. Postumuz Qırmızıkənd ərazisində yerləşirdi. Qırmızıkənd erməni işğalından azad edilərkən bütün infrastruktur dağılmışdı. Bəzən günlərlə ac qalırdıq. Günorta və axşam yeməyində bizə ətsiz sup verirdilər. Çörək üzünə həsrət qalmışdıq. Acından ölməmək üçün qazayağı, yarpız yığıb qazana atır, sonra isə onu qaynadıb yeyirdik. Bəxtimiz bircə onda gətirmişdi ki, Tərtərdə ilan çox idi. Bir gün yekə bir “şahmar ilanı” tutduq. Başını əzəndən sonra dərisini soyduq. Sonra isə bağırsağını çıxardıq. Qarnını yaranda gördük ki, çoxlu yumurtası var. İlan yumurtası bir az sarı olur. Tutduğumuz həmin “şahmar ilanın” qarnından irili-xırdalı 30 yumurta çıxdı. İlan yumurtaları nazık pərdə ilə örtülmüdü. Biz əvvəlcə ilanı doğrayıb, ətini tavaya yığdıq. Təxminən 1 kiloqram ət oldu. Uşaqlar hardansa bir az yağ tapmışdılar. İlan ətini yağda qovurandan sonra yumurtaları da üstünə çırpdıq. Mən həmin günə kimi bu qədər dadlı ilan əti yeməmişdim. Elman dedi ki, ilanı öz yumurtası ilə bişirəndə daha dadlı olur. Bu hadisədən sonra biz böyük ilan tutanda onu öz yumurtası ilə bişirirdik. Qırmızıkənddə tez-tez böyük ilan tuta bilirdik. Çünki postumuz kənd qəbirirstanlığının yanında yerləşirdi. İlanlar qəbiristanlıqda erməni meyitləri yediyi üçün çox böyük olurdu. Buna görə də boş vaxtlarımızı qəbirlərin arasında keçirirdik. Böyük ilan tutanda uşaqlar zarafatla sürünən canlıya deyirdilər ki, “yediyin erməni əti sənə halal olsun”. Biz həmin ilanları öldürəndə, onlara çox işgəncə vermirdik”.Həmsöhbətimiz deyir ki, postlarının yeri tez-tez dəyişdiyi üçün ilan əti yemək onlara heç də həmişə müyəssər olmurmuş. Buna görə də ilan tuta bilməyəndə, qurbağa yeyirmişlər: “Qurbağa əti ilan ətindən daha dadlı olur. Ətrafda gölməçə çox olduğu üçün qurbağa tutmağa çətinlik çəkmirdik. Qurbağanı tutub bıçaqla parçalayır, qollarını və budunu şişə keçirirdik. Qurbağanın əti ağ olur, şişdə qızaranda toyuq ətindən seçilmir. Bəzən bir gündə 15-20 qurbağa tutub, kabab edirdik. Başqa postlardan gələn olanda onları qurbağa kababına qonaq edirdik. Bizim bölüyün uşaqlarına “ilanyeyənlər” deyirdilər. Hətta elə olurdu ki, ayrı-ayrı hərbi hissələrdə xidmət edən zabitlər necə qurbağa yediyimizi görmək üçün bizim posta gəlirdilər”.Əli Məmmədov deyir ki, hərbi xidmətini 15 il əvvəl başa vursa da, hələ də ilan əti yeməyi tərgitməyib: “Ailəmiz Biləsuvar rayonu ərazisində məskunlaşıb. Məskunlaşdığımız kənd Araz sahilində olduğu üçün burda ilan-qurbağa çox olur. Qurbağa ətindən birmənalı şəkildə imtina etmişəm. Amma indi də arada ilan yeyirəm. Əvvəllər tez-tez yeyirdim. Amma ailə həyatı qurandan sonra həyat yoldaşım buna imkan vermir. Yoldaşım uşaqları götürüb harasa qonaq gedəndə tez çay kənarına enib, bir-iki ilan tuturam. 18 ildir ki, ilan əti yesəm də, səhhətimdə hər hansı problem baş qaldırmayıb. Bir az kiçik ilan olanda heç bel sümüyünü də çıxarmıram. Balaca ilanların sümüyü dişimin altında xırçıldayanda, elə bilirəm ki, balıq əti yeyirəm”.Biz israr etsək də, Əli Məmmədov şəklini vermək istəmədi. "Övladlarım böyüyürlər, istəmirəm məni tanımayanlar üzümü görəndən sonra sabah uşaqlarımı utandırsınlar. Həm də bu vərdişi tədricən tərgitmək istəyirəm" deyə müsahibimiz söhbətin sonunda bildirdi... Seymur VERDİZADƏ, modern.az