Yay mövsümünün gəlişi ilə birlikdə əksər sakinlər üçün günün əsas mövzusuna çevrilən məsələ məzuniyyət planlarıdır.
Lakin mövcud qiymətlər şəraitində istirahət üçün böyük büdcə ayırmaq hər kəsin imkanı xaricindədir. Xüsusilə 2 həftəlik uzun istirahət müddətini az xərclə başa vurmaq bir çoxları üçün çətin tapşırıq kimi görünür.
Maraqlıdır, Azərbaycanda məzuniyyətə çıxan şəxs minimum büdcə ilə iki həftəlik istirahətini harada keçirə bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan turizm eksperti Cəfər Qarayev bildirib ki, dövlət qurumlarında çalışan şəxslər üçün Həmkarlar İttifaqı vasitəsilə təşkil olunan istirahətlər daha sərfəli variant hesab olunur:

"Əgər hər hansı şəxs dövlət qurumunda işləyirsə, həmin qurumun Həmkarlar İttifaqına müraciət etməsi daha məqsədəuyğundur. Məsələn, məbləğin 50 və ya 70 faizini Həmkarlar İttifaqı, yerdə qalan hissəsini isə əməkdaş özü ödəyir. Bu, kifayət qədər sərfəli və əlçatan bir variantdır”.
Ekspert qeyd edib ki, özəl şirkətdə çalışan və Həmkarlar İttifaqının imkanlarından yararlana bilməyən şəxslər üçün münasib qiymətə istirahət imkanları məhduddur:
"Özəl sektorda çalışan və Həmkarlar İttifaqı dəstəyi olmayan şəxslər üçün Azərbaycanda gündü 3 dəfə qidalanma təklif edən mehmanxana və mehmanxana tipli obyektlərin sayı o qədər də çox deyil. Bu xidmət əsasən sanatoriyalarda mövcuddur. Sanatoriyalarda isə çox vaxt məzuniyyət istirahəti keçirmək istəmirlər. İnsanlar daha çox təbiət qoynunda və ya dəniz kənarında dincəlməyə üstünlük verirlər”.
C.Qarayev iki həftəlik məzuniyyət üçün digər alternativləri də diqqətə çatdırıb:
"Bunu nəzərə alsaq, ilk ağıla gələn Nabran qəsəbəsi olur. Nabranda belə bir istirahət təşkil etmək mümkündür. Son qiymətlərdən dəqiq xəbərim olmasa da, ehtimal ki, iki nəfər üçün sutkalıq qiymət 150 manat civarındadırsa, 14 gecəlik istirahət təxminən 2000–2100 manata başa gəlir. Bundan əlavə, bildiyim qədərilə Qax rayonunun İlisu kəndində də bu tipli mehmanxanalar var. Lakin demək olar ki, otellərin 90 faizində qiymətə yalnız səhər yeməyi daxildir. Səhər və axşam yeməyi təklif edən 5 ulduzlu otellərin sayı azdır və orada iki nəfərlik bir gecəlik qalma xərci təxminən 300 manat təşkil edir”.
Fəridə Əsədzadə











































