2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb

2 mindən çox gənci bir araya gətirən “Yay Fest 2026”ı yekunlaşıb
SOSİAL
15:59 05.09.2026
96

 

İştirakçı sayına və müddətinə görə ölkənin ən böyük gənclər festivalı olan "Yay Fest”in builki konseptual mövzusu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin "Azərbaycanın yeni rəqəmsal arxitekturası” üzrə müəyyən etdiyi prioritetlərə uyğun olaraq süni intellekt, rəqəmsal transformasiya və innovativ texnologiyalara həsr olunub. 

Festivalın əsas məqsədi gənclərin müasir dünyanın çağırışlarına uyğun bilik və bacarıqlarının inkişaf etdirilməsi, yeni texnologiyalar və innovasiya ekosistemi ilə bağlı məlumatlılığının artırılması, yaradıcı düşüncə tərzlərinin formalaşdırılması, eləcə də asudə vaxtlarında şəbəkələşmələrinə şərait yaratmaq olub. 

13 iyul – 4 sentyabr tarixlərini əhatə edən festival çərçivəsində 8 tematik düşərgə təşkil olunub. "Rəqəmsal Dövlət”, "Media və Rəqəmsal Savadlılıq”, "Kreativ AI”, "Müasir Şəhərlər və Texnologiya”, "Elm, Etika və Gələcək”, "Mühəndislik və Kod”, "Startap və Sahibkarlıq” və "AI:İdman və Sağlamlıq” düşərgələrində ümumilikdə 2 mindən çox gənc iştirak edib.

Beş gün davam edən hər bir düşərgənin proqramı iştirakçılar üçün maarifləndirici və praktiki fəaliyyətlərlə yadda qalıb. Gənclər dövlət rəsmiləri ilə görüşlərdə, dövlət qurumları və özəl sektorun nümayəndələri ilə panel müzakirələrdə, texnologiya sahəsinin aparıcı mütəxəssisləri ilə vörkşoplarda və yaradıcı master-klasslarda iştirak edərək müxtəlif mövzular üzrə yeni biliklər əldə edib, komanda şəklində çalışaraq əldə etdikləri bilikləri praktiki fəaliyyətlərdə sınayıblar. Yay Fest 2026 çərçivəsində keçirilən düşərgələrdə müxtəlif sahələr üzrə mütəxəssislərin iştirakı gənclərə şəxsi və peşəkar inkişaf yolları, karyera imkanları və gələcəyin çağırışları barədə yeni baxışlar qazandırıb. Festivalın yaratdığı interaktiv mühit isə gənclərin ideyalarını paylaşmasına, birgə layihələr üzərində işləməsinə və yeni dostluqlar qurmasına imkan verib. 

Çadır tipli düşərgələr yalnız maarifləndirici proqramla məhdudlaşmayıb. Festival müddətində intellektual oyunlar, idman yarışları, haykinq, komanda quruculuğu fəaliyyətləri, ekskursiyalar, musiqili proqramlar, DJ parti, ocaq ətrafında səmimi söhbətlər və müxtəlif yaradıcı fəaliyyətlər təşkil olunub. Festival gənclərin yaradıcı potensialını üzə çıxarmaqla onların həm öyrənməsinə, həm də əylənməsinə şərait yaradıb.

Belə ki, artıq ənənə halını alan Yay Fest ölkənin gənclər siyasətinin prioritet istiqamətlərini özündə əks etdirən, gənclərin liderlik potensialının inkişafını, ictimai iştirakçılığını, müasir bacarıqlarının formalaşmasını və dövlətçilik ənənələrinə bağlılığını təşviq edən layihə kimi özünü təsdiq edib. 

Qeyd edək ki, Yay Fest 2026 Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, IDEA İctimai Birliyinin tərəfdaşlığı, Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurası, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqı, Azərbaycan Könüllü Təşkilatları İttifaqı, Azərbaycanlı Tələbələr və Məzunlar Platforması, "CAVAN” Gənclər Hərəkatı İctimai Birliyi, "Böyük Qayıdış” Gənclər Təşkilatı və "Gənc Könüllülər” İctimai Birliyinin birgə təşkilatçılığı həyata keçirilib. 


 

OXŞAR XƏBƏRLƏR