
Təyyarədən enəndə burnuma tanış hava dəydi – bir az toz, bir az yay, bir az da xatirə qoxurdu.
Naxçıvana düz 20 il əvvəl getmişdim, yanvar ayında. Heç vaxt görmədiyim sərt hava, "soyuğun iliyə işləməsi” ifadəsiylə real tanışlıq. Müstəqillikdən sonra ilk dəfə idi ki, tələbələri praktika üçün Bakıdan kənara göndərirdilər. Məni də 14 nəfərlik qrupla ən ucqara – bu "kiçik torpağ”a yönəltmişdilər. 5 və 3 nömrəli şəhər məktəblərində keçdiyimiz dərslər, bir-birindən istedadlı uşaqlar, zəhmətkeş, çox vaxt bazar günləri də dərs keçməyə məcbur edilən müəllimlər, daşınan qaz sobasıyla isidilən sinif otaqları, mehribanlığı, həddən artıq qayğıkeşliyi adamı utandıran adamlar, dərsdən sonra balaca otelin bapbalaca otaqlarında qurduğumuz əyləncə… tələbə yoldaşlığının sevgiyə çevrildiyi 14 günlük yekə bir ömür.
Onda tanımadığım bir yerə əlimdə dərs planı, çiynimdə ağır çanta, içimdə qarışıq duyğularla getmişdim, bu dəfə isə missiyam tamam başqa idi. Soyuğu isti, narahatlığı həzin bir sakitlik, az qala gözləri də örtən şərfləri qalstuk, "Qaz-24” avtomobillərini "Toyoto Avalon” əvəzləmişdi.

Mayın 30-da Naxçıvana "Mediafest-2025” adı altında keçirilən "Qlobal İnformasiya Mühiti və Media Trendləri” konfransında iştirak üçün gəlmişdim. Rəsmi adı belə idi. Amma bu tədbir mənim üçün daha çox şey ifadə edirdi. O vaxt soyuq sinif otaqlarında qələm tutan əllər bu dəfə stendlərdə mikrofon tuturdu; o vaxt şagirdlərin baxışlarında gördüyüm parıltı, bu dəfə bir şəhərin informasiya ritmində görünürdü.
Keçmişlə bu günün sərgisi
Heydər Əliyev Sarayının foyesində qurulan sərgi stendləri ilk baxışda adi görünə bilərdi. Amma bir az yaxınlaşanda hiss olunurdu ki, burada nümayiş olunanlar təkcə sənəd və şəkillər deyil – bunlar bir bölgənin informasiya yaddaşıdır.
"Şərq Qapısı”nın arxiv buraxılışları, Naxçıvan Dövlət Universiteti tələbələrinin işləri, "Məktəbli” qəzetinin köhnə nüsxələri... Hər biri öz hekayəsini danışırdı.
Bir yayım - bir dönüş nöqtəsi
Naxçıvan Televiziyasının "Azerspace-1” peyki üzərindən yayıma başlaması tədbirin simvolik məqamlarından biri oldu. Bu hadisəni təkcə texniki bir nailiyyət kimi qəbul etmirik – bu, informasiya blokadasından çıxışın təntənəsi idi.
İllərlə təkcə lokal resurslara bağlı olan bu bölgə indi ümummilli informasiya axınında görünəcək, eşidiləcək və iştirak edəcək…

Konfransın özü çox yaxşı qurulmuşdu. Açılışında Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Fuad Nəcəfli, sonra Medianın İnkişaf Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Prezident Administrasiyasının Qeyri-hökumət təşkilatları ilə iş və kommunikasiya şöbəsinin media ilə iş sektorunun müdiri Kamran Həsənov, Mətbuat Şurasının sədri Rəşad Məcid çıxış etdilər, mətbuatımızın keçdiyi yoldan, qarşıya qoyulan məqsədlərdən danışdılar.

"Mediafest-2025” təkcə ideyaları ilə deyil, təşkilati səviyyəsi və texniki detalları ilə də diqqət çəkirdi. Tədbirin texniki tərəfləri – stendlər, səhnə dizaynı, işıqlandırma və görüntü tərtibatı funksional və estetik baxımdan uğurlu şəkildə hazırlanmışdı.
Azərbaycan milli mətbuatının 150 illiyinə həsr olunmuş videoçarx, xüsusilə Vətən uğrunda canlarını fəda edən jurnalistlərimizin xronoloji ardıcıllıqla göstərilməsi ümumi konseptə yeni çalar qatmışdı: Media sadəcə, informasiya daşıyıcısı deyil, bəzən öz varlığı ilə mübarizənin içində olan bir missiyadır.

Zərdabi səhnədə – sözün ruhu qayıdır
Tədbirin emosional mərkəzində Həsən bəy Zərdabinin səhnələşdirilmiş çıxışı dayanırdı. Səhnədəki obraz onun 150 il əvvəl "Əkinçi” qəzetini necə yaratdığından, söz azadlığı uğrunda çəkdiyi min bir əziyyətdən danışırdı.
Ən maraqlısı isə bu idi ki, Zərdabi sözün-medianın ən çox unudulduğu torpağa – Naxçıvana qayıtmışdı. Bu təkcə yubiley surprizi deyil, bir ruhun geridönüşü idi; müasir jurnalist obrazı ona yaxınlaşır, Azərbaycanın artıq müstəqil olduğunu, medianın inkişaf etdiyini söyləyir. Zərdabi heyrətlənir, susur, kövrəlir və dua edir. Uzun illər azad mətbuatdan uzaq salınmış bir bölgə indi onun banisini qarşılamışdı…
Qapalı divarlar arxasında açıq perspektivlər
Konfransın rəsmi hissəsindən sonra Fuad Nəcəfli ilə qapalı görüşümüz bu "kiçik torpaqla” bağlı böyük informasiyalar almağımıza kömək elədi.
- Dotasiya istisna olmaqla, 2024-cü ildə büdcə daxilolmaları 2022-ci illə müqayisədə 32% artaraq 198 milyon manatdan 262 milyon manata yüksəlib;
- Dövlət büdcəsindən ayrılan dotasiyanın həcmi son iki ildə 56% azalıb – 425 milyon manatdan 185 milyon manata enib;
- 2024-cü ildə Naxçıvan mərkəzi büdcəyə 107 milyon manat vəsait ötürüb;
- Yerli gəlirlər büdcənin ümumi gəlirlərindəki payını 31,78%-dən 58,55%-ə qədər artırıb…
Bu statistikanı konfransda təqdim etmişdi, görüşdə isə dedikləri, bu nəticəni hansı çətinliklərlə əldə etməsi və daha böyük layihələr barədə qısa xülasə idi.

Görülən işlərin təkcə regional inkişafla məhdudlaşmadığı, bütövlükdə Azərbaycanın beynəlxalq əlaqələrinin genişlənməsi, ölkəyə investisiya axınının təmin olunması, yeni geoiqtisadi marşrutların qurulması məqsədi daşıdığını söylədi. Onu da qeyd etdi ki, Zəngəzur dəhlizinin canlandırılması, logistika imkanlarının genişləndirilməsi, sənaye və kənd təsərrüfatı, yaşıl enerji zonalarının təşkili.., hətta bəzi layihələrin artıq xarici investorlara təqdim edilməsinə hazırlıq görülür.
Amma təəssüf ki, bu böyük planlar üçün çatışmayan zəncir halqaları da var.
Fuad Nəcəfli çox açıq şəkildə dedi ki, kadr problemi bu proseslərin ən ciddi əngəllərindən biridir. O, həm peşəkar, həm də güvənilən kadrların çətin tapıldığını dilə gətirdi. Bildirildi ki, obyektiv səbəblərdən (illərlə əngəllənən idarəetmə sistemi nəticəsində) yerli potensial yetərli deyil.
Nəticə olaraq: layihələr var, siyasi iradə var, iqtisadi imkanlar var. Amma bu platformaya uyğun vicdanlı, işgüzar, etibarlı kadrlar hələ də azdır. Media isə bu boşluqları göstərmək, həm də bəzən körpülər qurmaq üçün vacibdir.

Bir vaxtlar uşaq, bu gün isə ümid
Düz 20 il əvvəl praktikadan qayıdarkən dərs dediyimiz şagirdlərdən birini də özümüzlə Bakıya gətirmişdik. Valideynləri onu şəhərdəki qohumlarının yanına göndərirdi. Amma biz düşündük ki, yalnız qohum evi deyil, başqa bir ünvan da göstərək. Gələcəyi tanıtmaq üçün onu əvvəlcə universitetə apardıq. Böyük dəhlizləri gəzdik, auditoriyalara baş çəkdik, ali məktəb havasını hiss etdirdik.
Həmin gün universitetdə rektorun iştirak etdiyi tədbirdə təklif etdik ki, o da tribunaya çıxıb danışsın. Altıncı sinifdə oxuyan, lap ucqardan gəlmiş bir uşaqda hələ bizim özümüz üçün də çox uzaq görünən ORA çıxarmaqda tərəddüdlər də var idi. Amma çıxdı… və danışdı. Özü də hamını heyrətləndirəcək qədər gözəl.
Bu dəfə isə Naxçıvandan nigarançılıqla, sanki bir adamı xilas edirmişik kimi köksümüzə sıxdığımız şagirdimizlə deyil, Bakıdan yol getdiyimiz həmkarlarımızın, rəsmi şəxslərin istiliyi, doğmalığının yaratdığı enerjiylə, işini böyük məsuliyyətlə görənlərdən qaynaqlanan fərəhlə qayıdıram.

Bir də Zəngəzur dəhlizinin mühüm hissəsində həyata keçirilən möhtəşəm layihələrdə yaxından çalışdıqları, çiyinlərində böyük yük daşıdıqları üçün Naxçıvandakı jurnalistlərə, xüsusən Günay Malikqızına, "Şərq qapısı” komandasına, Sara Əzimovaya və Cavanşir Bağırlıya təşəkkürlə qayıdıram.
Hə, bir də Göycə Festivalından aldığım 2 kilo Çuxur göycəsiylə...
Elçin Zahiroğlu,
Bakupost.az saytının rəhbəri
Bakupost.az saytının rəhbəri