Xəbər verdiyimiz kimi, Azərbaycanda həm nikahların, həm də boşanmaların sayında azalma qeydə alınıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-avqust aylarında ölkədə 26 485 nikah və 13 278 boşanma halı qeydə alınıb. Ötən ilin eyni dövrü ilə müqayisədə nikahların sayı hər 1000 nəfərə 4,6-dan 3,9-a, boşanmaların sayı isə 2-dən 1,9-a düşüb.
Bəs nikahların sayının azalmasına hansı amillər təsir edir? Gənclərin ailə qurmaq qərarını təxirə salmasının səbəbləri nədir və bu tendensiya gələcəkdə hansı nəticələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı AZXEBER.COM-a danışan sosioloq Mətanət Məmmədova bildirib ki, nikahların sayının azalmasının əsas səbəblərindən biri ailələrdə doğulan uşaqların sayının azalmasıdır:
"Nikahların sayında da, boşanmaların sayında da azalma müşahidə olunur. Bunun birinci səbəbi odur ki, nikahların sayı azdırsa, təbii ki, boşanmaların sayı da azalacaq. Boşanmaların azalması təqdirəlayiqdir, amma nikahların sayının azalması heç də ürəkaçan göstərici deyil. Bunun bir neçə sosial səbəbi var. Mən illər əvvəl demişdim ki, ailələrdə doğumların sayı azaldıqca gələcəkdə nikahların sayı da azalacaq. Əvvəlki illərdə nikahların sayı niyə çox idi? Çünki 20-25 il əvvəl ailə quran insanlar üç-dörd uşaq dünyaya gətirirdilər. İllər keçdikcə həmin uşaqlar böyüyür, ailə qururdular. Beləliklə, nikahların sayı da artırdı.
Ancaq 20 il əvvəlki vəziyyətlə müqayisə etsək, görərik ki, artıq ailələrdə doğulan uşaqların sayı birə və ya ikiyə düşüb. Belə olduğu təqdirdə, 20 ildən sonra nikahların sayının azalması da təbii haldır. Hələ 20 il sonra daha ciddi statistik göstəricilərlə üzləşəcəyik. Çünki bu gün ailələrimizdə üç uşaq böyüdənlərin sayı azdır. Gənclər, adətən, bir uşaqla kifayətlənirlər. Ailələrdə doğulan uşaqların sayı azaldıqca, gələcəkdə nikahların sayı da azalacaq".

Sosioloqun sözlərinə görə, gənclərin işsizlik problemi və mənzil əldə etməkdə çətinlik çəkməsi də ailə qurmaq qərarına təsir göstərir:
"Digər səbəb isə gənclərin bu gün kirayə mənzillərdə yaşaması, mənzil-məişət şəraitinin olmaması və iş tapmaqda ciddi çətinliklərlə üzləşməsidir. Bütün bunlar nikahların sayının azalmasına səbəb olur. Nikah gənclər üçün artıq həyata çətin və məsuliyyətli bir addım kimi görünür. İşləməyən, evi olmayan, əmlak ala bilməyən və özünü maddi cəhətdən təmin etməkdə çətinlik çəkən gənc düşünür ki, gələcəkdə ailə qurarsa, bütün bu öhdəlikləri öz üzərinə götürə bilməyəcək. Həyat yoldaşının və dünyaya gələcək uşaqlarının maddi məsuliyyəti onun üçün çətinlik yarada bilər".
Sosioloq əlavə edib ki, ipoteka kreditlərinin mövcudluğu bütün gənclərin mənzil sahibi olması üçün kifayət etmir:
"Bütün bunlar məsələnin yalnız bir tərəfidir. Digər sosial problemlər də mövcuddur. Məsələn, ipoteka kreditləri var, amma gənclər üçün bu kreditlərdən yararlanmaq asan deyil. Mənzilin qiyməti nə qədər münasib olsa da, onu ödəmək üçün kifayət qədər gəlir lazımdır. Azərbaycanda orta əməkhaqqını və aylıq gəlirləri nəzərə alsaq, ipoteka kreditləri hər gənc üçün əlçatan deyil.
Mənzili olmayan gənc harada yaşasın? Kirayə haqqını ödədikdən sonra əməkhaqqından qalan məbləğ onun digər yaşayış xərclərini qarşılamağa kifayət etmir. Buna görə də gənclər üçün daha əlverişli həyat şəraiti yaradılmalıdır. Həm işlə təminat, həm də mənzillə təmin olunma sahəsində yeni imkanlar yaradılmalıdır. Bütün bunlar həyata keçirilməsə, hər il azalan statistik göstəricilərlə üzləşməyə davam edəcəyik. Başqa çıxış yolu yoxdur".
Fəridə Əsədzadə











































