Fərid Şahbazlı: “İlham Əliyevin xüsusi təbliğat kampaniyasına ehtiyacı yoxdur”
“Milli Şuranın 18 avqust mitinqi hər ötən gün cəmiyyətdə etimad limitini itirən qurumun mövcudluğunu qorumaq cəhdindən savayı bir şey deyil”. Bu sözləri AZXEBER.COM-a açıqlamasında “İslahatçı Gənclər” İctimai Birliyinin sədri Fərid Şahbazlı söyləyib.
Onun sözlərinə görə, iki aydır yaranmasına baxmayaraq, artıq dağılmaq ərəfəsində olan Milli Şuranın mitinq qərarı daxildə olan parçalanmaları gizlətmək və diqqəti bundan yayındırmaq niyyətindən qaynaqlanır: “Rüstəm İbrahimbəyov siyasətçi deyil və o siyasi fəaliyyətə qədəm qoyandan qeyri-ciddi, siyasətçiyə yaraşmayan açıqlamaları ilə gündəmə gəlib. Onun prezidentlik iddiası fonunda erməniləri mədh etməsi, onlar üçün darıxdığını və Dağlıq Qarabağın həm də ermənilərin torpağı olduğunu söyləməsi, haqqında heç bir cinayət işi olmaya-olmaya Bakıya qayıtmaqdan imtina etməsi bir daha göstərdi ki, bu adamın siyasi perspektivsizliyi haqqında deyilənlər həqiqət imiş. R.İbrahimbəyovun seçkiyə hazırlıq məqsədilə xaricdə pul toplaması ilə bağlı açıqlaması isə onun müəyyən dairələrin siyasi sifarişlərini icra etməsi faktının təsdiqi rolunda çıxış edir. Görünür o, öz əsərlərində və kinolarında emosional səhnələr yaratmağa adət edib. Ancaq onun siyasətdə bu cəhdi fiaskoya uğradı.
Əslində isə 20 ildən artıqdır siyasi səhnədə olan müxalifət liderlərinin bir kinoçəkənə ümid bəsləməsi və onun ətrafında birləşməsinin məntiqi yekunu belə olmalıydı. Bu həm də onların öz siyasi süqutları ilə barışmalarının göstəricisidir. Bütün bunların fonunda Milli Şurada mitinq müzakirələrinin aparılması və bununla bağlı qərar verilməsi gülünc səslənir. Milli Şurada təmsil olunan partiyalar özlərinin ən güclü vaxtlarında aksiyalara 1000 adam çıxara bilməyiblər, onların indiki zəif durumlarında mitinq qərarı özünətəsəllidən başqa bir şey deyil”.
Qarşıdakı seçkilərdə İlham Əliyevin qələbə qazanacağının indidən məlum olduğunu deyən F.Şahbazlı bildirib ki, Prezidentin fəaliyyətinə olan xalq dəstəyi bu qələbəni şərtləndirəcək: “Yeni Azərbaycan Partiyasının bütün siyasi qüvvələrə nümunə olacaq səviyyədə qurultay keçirməsi və İlham Əliyevin namizəd kimi irəli sürülməsi, namizədlik üçün tələb olunan imzatoplama kampaniyasının sürətlı yekunlaşmağa doğru yaxınlaşması Cənab Prezidentin seçkilərə ən yüksək səviyyədə qatılmasına və ona olan xalq dəstəyinə işarədir. Dövlət başçısının seçkilərlə bağlı xüsusi təbliğat kampaniyası aparmağa ehtiyacı yoxdur. Çünki İlham Əliyevin prezident seçildiyi ilk gündən həyata keçirdiyi böyük miqyaslı layihələr və bunun uğurlu nəticələri onun fəaliyyətinə verilən ən yüksək qiymətdir”.