"Mən hər bir azərbaycanlının prezidenti olacağam!". Bu sözləri 20 il əvvəl Azərbaycan Respublikasının Prezidenti seçilən cənab İlham Əliyev xalqına ilk müraciətində demişdi. 2003-cü il oktyabr ayının 15-də keçirilən prezident seçkilərində seçicilərin 76,8 faizi böyük inam hissi ilə cənab İlham Əliyevi Azərbaycan Respublikasının dövlət başçısı seçdi.
Ümummilli Lider Heydər Əliyevin siyasi kursunun yeganə düzgün yol olduğunu dərk edən xalqımız 2003-cü il oktyabrın 15-də keçirilən seçkilərdə bu siyasətin layiqli davamçısı kimi cənab İlham Əliyevi dəstəkləyərək onu özünə yeni Prezident seçdi və bununla da ölkəmizin inkişafında yeni bir mərhələ başladı.
İlk gündən Ümummilli Lider Heydər Əliyevin siyasi kursunu layiqincə davam etdirərək Azərbaycanı dünya miqyaslı bütün yüksək tribunalarda təmsil etdi. Müasir tariximizə möhtəşəm 20 il kimi yazılan ötən dövrdə Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu, Prezident İlham Əliyevin inkişaf etdirərək yeni geosiyasi şərtlərə uyğunlaşdırdığı siyasət nəticəsində Azərbaycan Respublikası misilsiz inkişaf yolu keçmişdir.
Cənab İlham Əliyevin ali dövlət vəzifəsində ilk günlərdən başlayaraq nümayiş etdirdiyi yüksək idarəçilik məharəti, milli maraqlara söykənən daxili və xarici siyasəti qısa müddətdə ona xalq arasında böyük rəğbət, sonsuz inam və etibar qazandırdı.
Möhtərəm Prezident cənab İlham Əliyev, ilk növbədə, qurucu, və sülhsevər dövlət başçısı kimi Azərbaycan xalqının bütün istək və arzularını həyata keçirərək öz siyasətində dövlətinin və xalqının maraqlarını ən ali məqsəd kimi gördü. Fəaliyyəti və iş prinsipini bu istiqamətdə səfərbər edərək xalqın dəstəklədiyi, etimad göstərdiyi və etibar etdiyi liderə çevrildi. Onun 20 illik prezidentlik fəaliyyəti dövründə həyata keçirdiyi mühüm islahatlar Azərbaycanın iqtisadi qüdrətini artırdı. Bütün bunlar isə Azərbaycan Prezidenti cənab İlham Əliyevin gərgin, düşünülmüş siyasi kursunun nəticəsidir. Rəhbəri olduğu Azərbaycan bu gün dünyada bir çox transmilli layihələrin təşəbbüskarı və uğurlu icraçısı, etibarlı tərəfdaş kimi tanınır. Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri, Azərbaycan qazını Avropaya çatdıran Cənub Qaz Dəhlizi, TAP layihəsi, Avropanı Asiya ilə birləşdirən Bakı-Tbilisi-Qars dəmir yolu, Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizləri ölkəmizi energetika və nəqliyyat mərkəzinə çevirib.
Son 20 ili Ulu Öndər Heydər Əliyevin digər sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də açdığı yolun Prezident, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi kimi də xarakterizə etmək olar. Xüsusilə son yeddi ildə əldə edilən qələbələri qeyd etmək lazımdır. Hələ 2016-cı il Aprel döyüşlərində Lələtəpənin və Talış yüksəkliyinin azad edilməsi ilə başlayan ilk qələbə addımları böyük Zəfərə gedən yolun təməlini qoydu. Bunun da nəticəsi olaraq ötən illər ərzində xalqın etimadını qazanmaqla yanaşı, qarşıda duran əsas vəzifələrdən biri də işğal altındakı torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası idi. Bu məqsədlə də ölkə başçısı fəaliyyəti dövründə Azərbaycan Ordusunun döyüş qabiliyyətinin artırılması, Silahlı Qüvvələrin maddi-texniki bazasının möhkəmləndirilməsi sahəsində böyük addımlar atdı. Məhz elə bunun nəticəsidir ki, Azərbaycan Ordusu dünyanın ən güclü 50 ordusu sırasında yer alır. Azərbaycan ordusu öz gücü sayəsində və Müzəffər Ali Baş Komandanının qüdrətli sərkərdəliyi ilə 2020-ci il sentyabrın 27-də Ermənistanın hərbi qüvvələrinə qarşı əks-hücum əməliyyatlarına başladı. 30 ilə yaxın müddətdə işğal altında qalan torpaqlarımız 44 gün ərzində azad olundu.
Vətən müharibəsində qazandığımız Qələbə son 20 ildə həyatın bütün sahələrində əldə olunmuş uğurlarla, dinamik inkişafla bilavasitə bağlıdır. İlk növbədə, güclü və qüdrətli dövlət yaratmaq lazım gəlirdi və Prezident cənab İlham Əliyevin də vurğuladığı kimi, Azərbaycan heç vaxt indiki qədər güclü olmayıb. Ötən 20 ilə nəzər salsaq görərik ki, ölkəmizin bütün sahələrdə sürətli inkişafına nail olmaqla bərabər əhalinin rifah halının yaxşılaşdırılması istiqamətində də böyük addımlar atılıb. Bu gün Azərbaycan keçdiyi yüksək inkişaf mərhələsi ilə yanaşı, həm də dünyanı azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işlərilə heyrətləndirir.
Sentyabrın 19-20-də keçirilən antiterror tədbirləri Azərbaycanın Qarabağ bölgəsi üzərində suverenliyini tam bərpa etdi. Hərb tarixində görünməmiş şəkildə, qısa zaman kəsiyində, cəmi bir günə ərazi bütövlüyümüz tam təmin edildi. Bu qələbələr Azərbaycan tarixinin şanlı səhifəsini təşkil edir. Son 200 ildə ilk dəfə olaraq Azərbaycan itirilmiş torpaqlarını azad etməklə tarix yazdı. İndi şanlı bayrağımız Qarabağın bütün ərazilərində - Xankəndidə, Əsgəranda, Xocalıda, Ağdərədə, Xocavənddə dalğalanır və buna da məhz Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində nail olundu. Əldə olunan uğurlar qalib dövlət kimi ərazi bütövlüyümüzün bərpası ilə yanaşı, millətin milli qürur hissinin özünə qayıtması ilə də nəticələndi. İllərlə xalqın çəkdiyi əzab-əziyyətə, kədərə, həsrətə, torpaq-yurd itkisinə son qoyuldu. Bu qürurlu tarixi bizə yaşadan Müzəffər Ali Baş Komandanımız cənab İlham Əliyev və Azərbaycan torpaqlarının hər qarışının azad edilməsinə canı-qanı ilə nail olan rəşadətli ordumuzdur.
Şanlı Qələbə ilə biz, tək regionda deyil, bütövlükdə dünyada kim olduğumuzu sübuta yetirdik. Əlbəttə ki, qazanılan qələbələrlə cənab Prezident İlham Əliyev tək Ümummilli Liderin deyil, milyonlarla insanın arzusunu reallaşdırmış oldu. Xalqımız Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin ölkəyə rəhbərlik etməsinin 20 illiyini qeyd edir. Bu illər ərzində əldə olunan uğurların, nailiyyətlərin məcrası daha böyükdür. Artıq Azərbaycan Qalib dövlət olmaqla yanaşı, həm də dünyada öz yeri, yüksək məqamı olan ölkədir. Bütün bunlar isə ötən 20 ildə çəkilən zəhmətin, əziyyətin bəhrəsidir.
Naftalan şəhər sakini Faiqə Ağayeva