“AXCP isə yəqinki, may ayında iştirakı ilə bağlı öz sözünü deyəcək”.
Bu sözləri AZXEBER.COM-a açıqlamasında AXCP sədrinin müavini Razi Nurullayev söyləyib.O, partiyanın seçkiyə hazırlaşdığını bildirib:
“Builki prezident seçkiləri, əvvəlki illərdə keçirilən prezident və parlament seçkilərindən çox fərqlənir. Tək ona görə yox ki, beynəlxalq aləmin Azərbaycana olan marağı artıb. Eyni zamanda Azərbaycan xalqında xüsusi bir oyanış baş verib. Digər tərəfdən isə, Azərbaycanın yeritdiyi balanslı siyasət pozulub. Belə ki, seçki öncəsi Azərbaycana qarşı Rusiyanın və İranın xüsusi marağı artıb. Prezidentliyə namizəd olanların isə hər birinin bir məqsədi var. Konkret olaraq mən hesab edirəm ki, 2013-cü il seçkiləri Azərbaycan tarixinin yaddaşında qalan bir seçki olacaq. AXCP isə yəqin ki, may ayında iştirakı ilə bağlı öz sözünü deyəcək. Amma bu o demək deyil ki, AXCP seçkiyə hazırlaşmır. Biz də öz növbəmizdə seçkiyə hazırlaşırıq. İstənilən halda İctimai Palatada belə bir qərar qəbul edilmişdi ki, bütün partiyalar seçkidə öz namizədlərini irəli sürə bilərlər. Ancaq məncə İctimai Palata ictimai rəyə söykənərək vahid namizəd irəli sürə biləcək”.
R.Nurullayev “facebook” sosial şəbəkəsində insanların təhqir olunması ilə bağlı məsələyə də toxunub. AXCP sədrinin muavinin kimliyindən asılı olmayaraq, insanların şərəf və ləyaqətinin alçaldılmasının cinayət olduğunu söyləyib:
“Ümumiyyətlə mən sosial şəbəkələrdə təhqirin tam əlehinəyəm. Sosial şəbəkələr əgər ictimai fikri formalaşdıra bilirsə, bu zaman bu sahənin tənzimlənməsində mən heç bir qüsur görmürəm. Heç kəs təhqir oluna bilməz, şərəf və ləyaqəti ayaqlar altına alına bilməz. Əgər sənin kiminləsə şəxsi problemin varsa bunu şəxsi zəmində həll etmək lazımdır. Ancaq problemi sosial şəbəkələrə daşımaq və səhifələrdə insanları təhqir etmək təbii ki, cinayətdir”.
Əfsələddin Ağalarov