“2016-cı aprel döyüşlərinin təkrarı qaçılmazdır, əgər…” - Politoloq

“2016-cı aprel döyüşlərinin təkrarı qaçılmazdır, əgər…” - Politoloq
SOSİAL
18:58 20.09.2018
6114

"Ermənistanın yeni hakimiyyəti sadəcə olaraq çabalayır. Nə daxildə vəziyyətə nəzarət edə bilir, nə də xarici siyasət prioritetləri var. Baş nazir Nikol Paşinyanın əsas məqsədi rəqiblərini aradan çıxarmaq, parlament seçkilərini maraqlarına uyğun təşkil etmək və öz partiyası üçün çoxluğu təmin etməkdir”.

Publika.az-a açıqlamasında bu sözləri politoloq, Qərb Universitetinin professoru Fikrət Sadıxov Prezident İlham Əliyevin Biləsuvar rayon ictimaiyyətinin nümayəndələri ilə görüşdə söylədiyi fikirləri şərh edərkən deyib.

Politoloqun sözlərinə görə, heç bir normal siyasətçi özünü Nikol Paşinyan kimi apara bilməz. Fikrət Sadıxov onun müxtəlif ziddiyyətli bəyanatlar və vədlər verdiyini, kimlərəsə hədə-qorxu gəldiyini bildirib.

2016-cı ilin aprel döyüşlərində torpaqlarımızın bir hissəsini azad etməyimizi və bu ilin may ayında Naxçıvan istiqamətində uğurlu əməliyyat nəticəsində böyük ərazilərin nəzarətimizə keçməsi barədə Prezident İlham Əliyevin bəyanatına toxunan politoloq qeyd edib ki, törətdikləri təxribatlara adekvat cavablar uzun müddət ermənilərin yadından çıxmayacaq:

"Paşinyan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı da qəbulolunmaz bəyanatlar səsləndirir. Gah Azərbaycanın işğal olunmuş torpaqlarını Dağlıq Qarabağın tərkib hissəsi adlandırır, gah da Ermənistanın nə vaxtsa Dağlıq Qarabağı özünə birləşdirəcəyini bildirir. Bu yaxınlarda Ermənistanın təmas xəttindəki təxribatlarına Azərbaycan adekvat cavab verdi və düşünürəm ki, bu cavablar uzun müddət ermənilərin yadından çıxmayacaq. Bunu dövlət başçımız xüsusilə vurğuladı. Ermənilərə elə bir zərbə endirdik ki, görünür onlar hazırda şok vəziyyətindədirlər”.

Fikrət Sadıxov vurğulayıb ki, Azərbaycan torpaqlarını əbədi olaraq işğal altında saxlanılmasının mümkün olmadığını başa düşməlidir:

"Əgər o, müxtəlif bəhanələrlə danışıqlardan açıq şəkildə yayınırsa, onda biz torpaqlarınızı azad etməyə hazırıq. Hərbi paradda göstərilən hərbi texnika dünya standartlarına cavab verir və ən müasir hərbi potensiala malikik. Ermənistan danışıqlardan yayınırsa, onda 2016-cı aprel döyüşlərinin təkrarı qaçılmazdır. Biz torpaqlarımızı azad etmək üçün bütün vasitələrdən istifadə edirik. Biz danışıqları davam etdirməklə yanaşı, hərbi potensialımızdan istifadə etməyə hazırıq. Ermənilər 2016-cı il aprel hadisələri zamanı bunu başa düşdülər. Əgər onlar bundan nəticə çıxarmasalar, nəinki aprel hadisələrinin təkrarı ola bilər, hətta bundan artığı da mümkündür. Ermənistan reallığı başa düşməlidir”.

OXŞAR XƏBƏRLƏR