Rüfət Əhmədzadə bilinməyən gecələrdən yazdı - Poeziya

Rüfət Əhmədzadə bilinməyən gecələrdən yazdı - Poeziya
KÖŞƏ
19:54 05.07.2011
2141

Sən bilməzsən!

Sən bilməzsən gecəni.

O, heç də sən ötürən kimi deyil.

O, heç də sən hiss edən kimi deyil.

Gecə sən görən gecəyə bənzəməz.

Hələ, bir de görüm, sən…

Neçə gecə köks ötürdün səhərə gələnə qədər?

İşıqları söndürüb

Telefonun işığına zillədinmi gözlərini?

Telefon söndüyündə

Unudub yorğunluğu qəzəblə oynadınmı rəqəmlərdə?

Tərəddüdlə

“Zəng edim, ya etməyim” deyə soruşdunmu yüz yol özündən?

Sən bilməzsən…

Bilmədiyin şey haqqında heç nə deyə bilməzsən.

Sənin üçün gecə gecdir, yatmalı.

Sən bilməzsən gecəni…

Sükutuna qərq olurkən,

Tutdunmu qulaqlarını?

Sanki vicdanın bağırır qulaqlarına birdən…

Getdinmi heç özündən…

Özünü dərk edən zaman gecənin zülmətində?

Heç vaxt olmadığı tək,

Aydın görə bildinmi həyatının əsl mənzərəsini?

Lənət işığı duydunmu,

Aşiqlərin qucaqlaşıb seyr etdiyi ulduzlu səmadan?

Sən heç çarpayında yox,

Çarpayının yanında,

Ya da başın yataqda,

Ayaqları döşəmədə yuxuya getdinmi,

Mələfənin siqaretdən yandığını bilmədən?

Sən bilməzsən,

Sən gecəni görməmisən,

Görsən də heç, tanıya bilməmisən…

Sənin üçün gecə gecdir, yatmalı.

Sən bilməzsən,

Nədir bütün həyata olan ümidlərinin

bir gecədə öldüyünü dərk etmək.

Sən bilməzsən,

Nədir ayaqda ikən,

Xəyallarında dünyanı tərk etmək.

Bilməzsən, əlbəttə ki!

Ölməyi arzularkən,

“Ölümcül xəstə olan atam üçün yaşamalıyam”

Dedinmi bircə dəfə də olsun?!

“Əvvəl atamı, sonra anamı gömüm,

Öləndə də, qeyrətli bir övlad kimi ölüm”

Deyə bilməzsən.

Sən nədir bilməzsən,

siçovulların da səni adam saymadıqlarını

Daha addımlarından qorxmadıqlarını

Kəşf eləmək!

Sən bilməzsən,

Nədir hər sənsiz gecə bir sənli səhər arzulayaraq,

Sonunda “xam xəyal” deyib ağlamaq.

Sənin üçün belə bir gecə olmayıb heç zaman,

Yoxdur və olmayacaq!

Sənin üçün gecə gecdir, yatmalı.

Heç öyrənməyə çalışma,

Bilmək üçün artıq gecdir, yatmalı!

Rüfət Əhmədzadə

 

OXŞAR XƏBƏRLƏR