Avtoşların fəallaşmasının səbəbi məlum oldu

MARAQLI
04:27 19.07.2011
1639


Maşınları ilə “şou” göstərən sürücülərə qarşı mübarizənin gücləndirilməsinə baxmayaraq, onların sayı da durmadan artır. Əsasən 17-30 yaşlı gənclər, axşam saatlarında şəhərin müxtəlif yerlərində idarə etdikləri avtomobillərilə məharətlərini göstərir. Bu isə bir çox hallarda avtoqəza, yaxud qayda pozuntusu ilə nəticələnir. Avtomobil həvəskarları isə belə şouların şəhərin mərkəzində keçirilməsini başqa çıxış yollarının olmaması ilə izah edirlər.

“Əvvəllər motodrom var idi. Biz orada öz sürücülük qabiliyyətimizi göstərə bilirdik. İndi yer olmadığından sürücülər çıxır şəhərə, orada öz məharətlərini göstərirlər”, - deyə Vüsal İbadov adlı avtoş bildirib.

Maraqlıdır ki, avtoşlar əsasən Rusiya istehsalı olan “VAZ” markalı avtomobillərə üstünlük verirlər. Yüksək sürətlə maşınını sürən və şou göstərən sürücülər həmçinin Dövlət Yol Patrul Xidmətinin əməkdaşlarının da bir çox hallarda yol hərəkət qaydalarını pozduqlarını bildirir. Belə ki, yol polisinin ixtiyarı olmadığı halda sürücülərin arxalarınca düşərək, onları təqib edir. Bu zaman özünü itirən sürücülər digər qayda pozuntularına da yol verir.

“Uşaq maşını götürür, başlayır sürməyə. Avtomobili idarə edəndə hansısa qayda pozuntusuna yol verir. Yol polisi onun dalınca düşəndə isə pis hadisələr baş verə bilir”, - deyə avtomobil həvəskarı Şahin Həsənli şikayətlənib.

Könüllü Hərbi Vətənpərvərlik Texniki İdman Cəmiyətindən verilən məlumata görə, avtomobillərilə “şou” göstərmək istəyənlər üçün yer artıq məlumdur. Bu, Güzdək qəsəbəsi ərazisindədir. Lakin bu ərazi Sovet ordusunun keçmiş hərbi bazasının ərazisi olduğundan, burada çoxlu sayda minalar və partlamamış döyüş sursatları aşkarlandığından hələlik tikinti işlərinə başlanılmayıb.

Qeyd edək ki, minalardan təmizləmə əməliyyatlarının isə ilin sonlarına qədər başa çatdırılması nəzərdə tutulur.

//Ans TV

 

OXŞAR XƏBƏRLƏR