Bakıdakı "emo"lar

MARAQLI
07:31 12.07.2011
5204

Amma onlar bir az fərqlidirlər. Belə ki, Bakı emoları nə 1985-ci illərin çirkin panklarını, nə də o illərin əcaib geyimli gənclərini xatırladırlar. Bizim emolar bir az incəliyə üstünlük verirlər.

Bakı emoları üzlərinə tökülən jeleli saçları, dar - bədənə yapışan köynəkləri, qızlara məxsus cins şalvarları ilə ötən əsrin emolarından xeyli fərqlidirlər.

Emo oğlanlarla qeyri-emo oğlanlar arasında da böyük fərqlər var.

Bakıda emoların yığışdığı tək məkan var. Onlar axşamüstü "Torqovı"da toplanırlar. Kimisi gitara çalır, kimisi oxuyur. Bakı emoları 16-20 yaşlı gənclərdən ibarətdir. Hamısı da bir dərddən şikayətlidir. Deyirlər ki, bizi ətrafımız başa düşmür.

18 yaşlı Şəmsi 2 ildir emolara qoşulub. Deyir ki, özü də bilmədən bir gün görüb ki, bu qrupun tərkibindədir. "BDU-da təhsil alıram. Ailəmizdə müəyyən problemlər var. Atamla anam mən uşaq olanda ayrılıblar. Anam da, atam da özünə ailə qurub. Mən arada qalmışam. Heç biri məni başa düşmürdü, istəklərimə, duyğularıma laqeyd yanaşırdılar" deyən Şəmsi həyatdan bezdiyini bildirir.

Şəmsinin sözlərinə görə, ata-anasının ayrılığı ona çox pis təsir edib. "Nə qədər birləşdirmək istədimsə, alınmadı. Dostlarımın valideynləri, dərsdən sonra gedə biləcəkləri bir ailələri var. Bəs mən hara gedim? Atam ayrı, anam ayrı. Leranı yaşamaq istəmədiyim bir anda tanıdım. O, mənə çox kömək oldu. İlk günlər onu qəbul etmək mənim üçün çox çətin idi. Boyalı gözləri, uzun qara dırnaqları, dağınıq saçlarıyla məni özündən kənarlaşdırırdı. Amma nə qədər qəribə olsa da, çətin anlarımda o idi ümidim. Sonra Lera məni qrupları ilə tanış etdi... və bir gün gördüm ki, mən də onların sıralarındayam" deyən Şəmsi Bakı emolarının xüsusi ayinlərinin olmadığını bildirdi.

O deyir ki, xarici ölkələrdə emolar müxtəlif ayinlər həyata keçirirlər. Amma Bakıda bu yoxdur. "Emoların tarixinə nəzər salanda görürəm ki, onlar pişik kəsməklə ayinlər həyata keçirirmişlər. Pişik emoların pessimist düşüncələrini özüylə aparırmış. Kəsilən pişiyin qanından emolar üzlərinə çəkirmişlər. Amma bizdə belə adətlər yoxdur" deyən emo, Bakı emolarının inancsız olduğunu bildirdi. Bakılı emolar ibadətdən uzaqdırlar. Şəmsinin bildirdiyinə görə, onları bir yerə ancaq problemləri yığır.

Özünü Rauf deyə tanıdan "Host - Qaraqan" ləqəbli emo isə özü haqqında danışmaq istəmirdi.

Rauf imkanlı ailənin yeganə övladıdır. Amma nə qədər qəribə olsa da, valideynləri ona zaman ayırmırlar. “İmkan var, ama diqqət yoxdur. Anam gözəllik salonlarında, atam iş yeməklərində. Yaxşı ki, dostlarım var” deyən Rauf sakitliyi dostları arasında tapdığını bildirir.

Faina isə bir az fərqlidir. Əsəbi və qapalı biri olan bu qız, daima çəhrayı bağlı qara ket geyinir.

Gözlərini qara qələmlə çərçivəyə alan emo qız daha çox çəhrayı rəngə üstünlük verir. Faina kollecdə təhsil alır. Dediyinə görə, geyim stilindən dolayı məktəbdə heç kəs onunla ünsiyyyətdə olmaq istəmir. “Mənə dəli kimi baxırlar. Rəfiqəm, dostum yoxdur. Hətta müəllimlər də məndən dərs soruşmaq istəmir. Tənhayam, tək-tənha. Saatlarla otağıma qapanıb ağlayıram, heç kəsin vecinə deyil. Mən niyə yaranmışam?” deyən Fainanın gözləri dolur və məndən uzaqlaşır.

Emolar kimdir?.. Azərbaycana bunlar hardan gəlib?

Emo insanlar həyatlarını emosiyaları və instinktləri ilə idarə edirlər. Onlar xüsusi həyat tərzi keçirən həssas insanlardır. Emo mədəniyyəti yeni deyil. Amma son zamanlar bu mədəniyyət coğrafi cəhətdən yayılmağa başlayıb. Emolar hər zaman olduqları kimi olur, bütün hisslərini heç bir şey düşünmədən ifadə edə bilir, ürəkləri istəyən hər şeyi düşünmədən həyata keçirirlər.

Emolar saçlarını və dırnaqlarını qara rəngə boyayır, üzlərinin aydın görünməməsi üçün saçlarını üzlərinə tökür, müxtəlif dəmir boyunbağılar taxırlar. Emoların geyimində ən çox dəbdən düşmüş motivlər özünü əks etdirir. Emo oğlanlar da bəzən qızlar kimi qara dar reytuzlar geynirlər.

Qalın kənarlıqları olan dəbdən düşmüş gün eynəkləri, poliestr materialdan dar şalvarlar, həddən artıq enli şalvarlar, tennis ayaqqabıları, şərflər, klassik formalı üst geyimləri, müxtəlif sancaqlar, metal düyməciklərlə bəzədilmiş kəmərlər, uzun çantalar Emoların qarderobuna aid geyimlərdir. Emolar geyim tərzinə və davranışlarına görə ruhi xəstələrə bənzəsələr də, onların da özünə xas mədəniyyəti, mahnıları, musiqiləri hətta şerləri vardır. Dəbdən düşmüş gün eynəkləri taxan, zəncirlərə, skelet formalı dəmirlərlə zəngin geyimlər geyən bu gənclər özlərini tərki-dünya hesab edirlər. Bu həyatın maraqları onların istəkləri ilə üst-üstə düşmür. Emoların bir prinsipi var: “heç kəsə xeyir vermə”.

Hicablı emolar...

Qəribə səslənsə də, istər Azərbaycanda, istərsə də ölkədən kənarda hicablı emolar da var. Bu qızlar başlarına hicab bağlamaqlarına baxmayaraq, makiyajda olan bütün rənglərdən və müxtəlif sancaqlardan istifadə edirlər. Onların üzünə baxanda rəngləri seçmək olmur. Ən çox qara, qırmızı və çəhrayı rənglərə üstünlük verən bu xanımlar hicabın üzərindən saysız sancaqlar taxırlar.

Emoların xasiyyəti

Tənhalığı sevən emolar yaxınlarına vaxt ayırmağı da sevirlər. Onların sevgisi ağlasığmaz dərəcədə güclü olur. Belə ki, nakam sevgidən əziyyət çəkən emolar saatlarlca ağlayır, hətda sevdikləri üçün ölümə də belə razı olurlar. Onların fikrincə, bədənlərinə xəsarət yetirməklə sevgilərini sübut etmiş olurlar. Bu səbəbdən onların çoxu qollarını, damarlarını doğrayır. Ölüm emolar üçün önəmli bir proses deyil. Ümumiyyətlə, cəmiyyətdəki hadisələrə kortəbii yaxınlaşan emolar bildikləri kimi yaşamağı sevirlər. Emoların əksəriyyəti biseksual olur. Belə ki, oğlan emolar, oğlanı qız kimi sevə bilirlər.

Emo-kidlər...

Emo-kid emossional uşaqlar deməkdir. Uşaqlar bütün həyatı öz istədikləri kimi qəbul edirlər. Onlar ən kiçik xırdalıqda sevinc tapa bilirlər. Emo-kidlər həddən artıq səmimi olur, bütün hisslərini biruzə verirlər. Ancaq bu xoşbəxtlik təəssüf olsun ki, uzun çəkmir. Bəzən elə emo-kidlərə rast gəlinir ki, onlar özlərindən həddən artıq razı olurlar. Xoşbəxtlikdən bu hal uzun çəkmir.

Emoların tarixi 1985-ci ilin əvvələrinə təsadüf edir. O dövrlərdə qeyri-adi musiqilər ifa edən qrupları zarafatla belə adlandırırmışlar. Pank musiqisindən fərqli olaraq, öz repertuarlarında lirik mahnılara daha çox üstünlük verən emolar, zaman keçdikcə inkişaf edərək, tarixə öz adlarını yaza bildilər. Bu etapda emo musiqisinin frenç emokor, skrimo və başqa növləri formalaşdı. Bu etap emo mədəniyyətinin ilkin dalğası idi.

Emo mədəniyyətində ikinci dalğa isə, Sunny Day qrupunun yaradılması ilə bağlı oldu. Qrupun yaradılması emo mədəniyyətində böyük dönüşə səbəb oldu. Bu mədəniyyətin üçüncü dalğası isə bizim dövrə təsadüf edir. Bu dalğa emo stilinin dəbə düşməsi ilə bağlı oldu.

Emo musiqisi...

Az öncə qeyd etdiyimiz kimi, emoların öz musiqisi var. Onların musiqisi yumşaq notlarla başlayıb, vokallara ucalır və yenidən həzinləşir. Emo lirikası çox poetikdir. Bu lirikada dini inanclar, nakam sevgi öz əksini tapır.

Emo sözü ingilis dilində emossional sözündən götürülmüş hardcore musiqinin bir növüdür, ah-nalə, pıçıltı, göz yaşları bu musiqidə özünü tamamilə göstərir. Mahnıların mətni özündə müəllifin həyatını əks etdirir. Mətndə müəllifin iztirabları, yaşantısı, başına gələn hadisələr öz əksini tapır. Hazırda emo musiqisi emo, emokor, san-dieqo hardcour və s. bu kimi qruplara bölünür. "The Used", "Funeral For A Friend", "My Chemical Romance", "Linkin Park", "Evanescence" emo qruplarını göstərmək mümkündür.

Emo poeziyası müəllifin məqsədləri üzərinə yazılan əsərlərdən ibarətdir. Emo şeirləri mənasız cümlələrdən ibarət olsa da bu cümlələrdə sevgi özünü əks etdirir.

Emo şeiri

Siz mənə deyirsiniz ki, siz məni sevirsiniz
Mən uzaqlaşmaq istəyəndə
Siz mənə deyirsiniz ki, mən bir tək sizinəm
Və mən buna özümü inandırıram...

Mən bilirəm ki, siz məndən istifadə edirsiniz,
Ancaq siz getmək üçün mənə heç vaxt imkan verməyəcəksiniz.
Mən bilirəm ki, siz məni sevmirsiniz,
Mən bilirəm ki, mən nümayiş üçünəm sadəcə...

İradə Azad
Milli.Az

OXŞAR XƏBƏRLƏR