Maradonanın idarə etdiyi avtomobil avtobusla toqquşdu
MARAQLI
08:27 12.07.2011
1638
Dubayın “Əl-Vasl” klubunun 51 yaşlı baş məşqçisi Argentinanın paytaxtı Buenos-Ayresin kənarında – Eseys adlanan məkanın yaxınlığında qəza ilə üzləşib.
Hadisə ötən gecə, argentinalının yaşadığı evin yaxınlığında – Trebol məhəlləsində baş verib. Maradonanın idarə etdiyi “Honda” markalı avtomobil “Sol” nəqliyyat şirkətinin avtobusu ilə toqquşub. Dizindən xəsarət alan Maradona müayinə olunmaq üçün xəstəxanaya aparılıb. Avtomobildə olan baş məşqçinin həyat yoldaşı Veronika Oxeda da yüngül xəsarət alıb.
Xəstəxananın direktoru Oskar Silo bildirib ki, Maradona və Oxedanın vəziyyəti yaxşıdır və həyatları üçün heç bir təhlükə yoxdur. Onlar müayinə olunduqdan sonra evlərinə yollanıblar. Yerli mətbuatın bildirdiyinə görə, Maradona qəza zamanı Los-Arkosda xəstəxanaya, orada bir həftədir ağır vəziyyətdə olan anasının yanına yollanırmış.