Təcavüzdə suçlanan azərbaycanlı konsul danışdı

MARAQLI
06:00 06.05.2011
1944
Məlumatda deyilir ki, fəxri konsula qarşı cinayət işinin açılmasına daha iki azərbaycanlı xanım - Günəş Əsgərova və Gülnarə Əliyevanın şəhər dairə prokurorluğuna Qüdsi Osmanov tərəfindən zorlanmaları barədə şikayət ərizələri ilə müraciət etməsi səbəb olub. 

Xarici İşlər Nazirliyinin sözçüsü Elxan Poluxov bizə açıqlamasında konsula qarşı cinayət işinin başlanması ilə bağlı nazirliyə məlumat daxil olmadığını dedi: “Orada konsulluğun fəaliyyəti ilə bağlı hər hansı şikayət olmayıb. Bu, şəxsi zəmində yaranmış bir məsələ idi. Bununla bağlı şikayət olunubsa, o zaman artıq Rusiya hüquq-mühafizə orqanları məsələyə aydınlıq gətirəcək”.
Ötən gün Sankt-Peterburqa zəng edib konsul Qüdsi Osmanovla danışdıq. Q.Osmanov Azərbaycanda bəzi mətbuat orqanlarının ona qarşı kampaniyaya cəlb olunduğunu iddia etdi. Eyni zamanda barəsində yazılanların iftira olduğunu söylədi: “Əgər belə bir iddia varsa, o zaman bu şəhərdə İstintaq Komitəsi var. Zəng edib maraqlanın, görün doğrudanmı belə bir cinayət işi var, ya yox. Biz Azərbaycandan kənarda yaşayırıq və dövlətimizi təmsil edirik. Azərbaycanı təbliğ edirik, ermənilərlə təbliğat savaşı aparırıq. Ona görə də mətbuat bu kimi məsələlərdə diqqətli olmalıdır”.
Konsula görə, işin arxasında müəyyən adamlar var və onlar bunu sifariş edirlər: “Hər halda, o adamları da Allaha tapşırıram. Yəqin ki, etdikləri səhvlərdən nəticə çıxaracaqlar. Hər halda, mən elə düşünürəm”.
Qüdsi Osmanov, əksinə, onun özünün müraciəti əsasında istintaqın başladığını bildirdi: “Birmənalı şəkildə deyirəm ki, mənim barəmdə heç bir cinayət işi açılmayıb. Əksinə, artıq o qıza qarşı cinayət işi açılır. İki gündür mənim qapımı döyürlər ki, şikayəti geri götürək. Bu yazıları tərsinə yazıblar. Görünür, onu təşkil edənlər, başqa yolları qalmadıqlarından buna əl atıblar”.
Barəsindəki son iddialara münasibət bildirən Q.Osmanov bu məlumatın təhrif olunduğunu, adıçəkilən qızları ona qarşı ifadə verməyə razı salmaq istəsələr də, onların bundan imtina etdiklərini dedi: “Hətta qızlardan biri bununla bağlı ona edilən təklifin audioyazısını istintaqa təhvil verib. Sizcə, bu cür iddialar nə qədər ağlasığandır? Mənim bu işlərdə qətiyyən günahım yoxdur. Bu işin təşkilatçısı artıq bəllidir. Bununla bağlı yaxınlarda məlumat da vardı. Qalan işləri isə hüquq-mühafizə orqanları araşdırır. Amma çox təəssüf ki, bu böhtanların arxasında dayanan azərbaycanlıdır”.

mənbə: Yeni Müsavat

OXŞAR XƏBƏRLƏR