2000-ci ilin 22 avqustunda kənddə əmimin nəvələrinin kiçik toyu idi. Toyun qızğın yerində xəbər gəldi: Əbülfəz Elçibəy rəhmətə gedib. Toyu dərhal dayandırdılar. Həmin vaxtı atamın gözlərinə baxmaq istəmirdim. Atamı ağlayan görmək sadəcə əzab idi... Elçibəy atam üçün hər şey demək idi. Atam ömrünün ən yaxşı illərini bu savaşa həsr etmiş adamdır. Elçibəy Bakıya qayıtdıqdan sonra atama demişdi: "Get uşaqlarını dolandır" Sonra da zarafatla əlavə etmişdi: "Arada bir məni də tərifləyərsən"... Mən gözümü Elçibəyçi bir ailədə açmışdım. "Elçibəy və Heydər Əliyev" polemikalarının içindıə böyümüşdüm. Atamın Elçibəyə olan sevgisi çox böyük idi. Bu Vətənə olan sevgi idi. Onun üçün Elçibəy demək Vətən demək idi. Atam məni uşaqkən Kələkiyə Elçibəylə görüşməyə aparmışdı. O gürüşdən bir-iki fraqment yadımda qalıb. Həyətdə oturmuşduq. Birdən Elçibəy evdən çıxıb həyətə gəldi. Hamı ayağa qalxdı. Onun oturacığının üstünə çoxlu döşək qoymuşdular. O döşəklər yadımda qalıb. Bilmirəm niyə. Sonra içəriyə keçmişdik. Atam məni bəyə təqdim etmişdi. Bəy Atatürkün rəsminin arxasını imzalamışdı: "Elmin beye sevgilerle, Elçibey"... Atamdan Atatürkün kim olduğunu soruşmuşdum. Atam demişdi ki, Atatürk erməniləin qulağını kəsən adamdır. Sonra Elçibəy öldü... Atam bizi dolandırmağa gəldi... Və heç vaxt onu tərifləmədi...