22 iyul (ŞEİR)

22 iyul (ŞEİR)
19:20 02.08.2011
2457

Əmim gedişiylə də bizim xətrimizə dəymək istəmədi...

22 iyul

Həyat öz yoluyla gedirdi yenə,
Əcəl gizli-gizli baxırdı sənə.
Bir ulduz göylərdən enirdi yerə,
Bir insan yerlərdən qalxırdı göyə.

Qəribə dünyadır həqiqətən də,
İnsan birdən-birə buza dönərmiş.
Səninlə yanaşı daim gəzən də,
Bir gecə yox olub gedə bilərmiş.

İnsan yox olarmış bir an içində,
Əriyə-əriyə sönmək olarmış.
Gün-gündən daha da artan əzaba
Səssizcə qəlblərdə dözmək olarmış.

Ay əmi, can əmi hara qaçırsan,
Ruhun hara getdi, hara itdin sən.
Qəlb deyir cənnətdən bizə baxırsan,
Bizləri buraxıb ora getdin sən.

Bilsək də çətindi olmayır yenə,
Unutmaq olmayır son baxışları.
Görürdüm mən səni itirən gecə,
Atamın gözündən axan yaşları.

O axan yaşlar da mənim ömrümdən,
Günləri apardı bilirdim bunu.
Əmim də sonunu bildiyi gündən,
Deyirdi həmişə qoruyun onu.

Gedirəm deyirdi susqun gözlərlə,
Unudun kədəri, unudun qəmi.
İndi nə deyim mən, hansı söz ilə,
Qardaşna təsəlli verim ay əmi ?!

Bilirik sən indi orda rahatsan,
Burada bezmişdin öz həyatından.
Ruhun göylərdədi özün azadsan,
Bəlkə də min dəfə keçdik yanından.

Sən bizi oradan seyr edirsən,
Görürsən məni də, ölənləri də.
Mən isə şəklinlə söhbət edərkən,
Görmürəm səni də, gedənləri də.

Son dəfə məhlədə vidalaşanda,
Atam sənə baxdı, susdu, dinmədi.
O baxış ay Allah o son məqamda,
Nələr söyləyirdi, heç kəs bilmədi.

Ay əmi rahat yat sən o məzarda,
Bizləri düşünmə, rahatıq burda.
Bəlkə bir yağışda, bəlkə də qarda,
Gec ya tez bizə də yer var yanında.

Torpağa qarışıb torpaq olsan da,
Bir gün inan mənə qarşılaşarıq.
Sən bizi tərk edib uzaqlaşsan da,
Biz sənə hər gecə yaxınlaşarıq.

22 iyul 2011
 Elmir Murquzov
OXŞAR XƏBƏRLƏR