Aslan Qiyaslının "Fəlsəfə fakültəsi" (HEKAYƏ)

Aslan Qiyaslının "Fəlsəfə fakültəsi" (HEKAYƏ)
13:12 27.07.2011
2105

Heç kim həyəcanını gizlədə bilmirdi. Bu dəqiqələrdə fəlsəfə fakultəsinin dekanı, professor Zülqərneyin müəllimin nəsihətamiz çıxışı olacaqdı. Bu münasibətlə fakultənin ən böyük auditoriyasında tələbələr və müəllimlər toplanmalıydı.

Artıq saat doqquzda tələbələr bir-birlərinə dürt-dürtə auditoriyaya doluşdular. Hərəsi özləri üçün rahat olan partalarda oturub, əllərini-əllərinin, ayaqlarını-ayaqlarının üstünə aşırıb Zülqərneyin müəllimin çıxışını həyəcanla gözləməyə başladılar. On dəqiqə sonra qrupun starustası-Puluçox xanım əlində jurnalla içəri daxil oldu. Geyindiyi şalvardan arxası hissələrə bölünmüş görünürdü. Ona qrupda Zayka da deyirdilər. Keçib qabaq sıralardakı partaların birində oturdu.

İyirmi dəqiqədən sonra fakultənin əsas müəllimlərindən sayılan yetmiş yaşlı Zəlilxan müəllim gəldi. O, fakultədə on iki fənndən dərs deyirdi. Ancaq qulaqları zəif eşidirdi. Gözləri isə tamamilə görmürdü. Sözün həqiqi mənasında zəlil idi. Daha sonra auditoriyaya fakultənin ən gənc müəlliməsi-altmış altı yaşlı Zümzümə xanım özünü atdı. Gənc xanım “Fəlsəfənin həyatı” fənnindən dərs deyirdi. Tələbələr onun mühazirələrinə sevə-sevə qulaq asır, seminarlarına isə həvəslə hazırlaşıb cavab verirdilər. Gənc müəllimənin saçları təmiz tökülmüşdü. O başında yay-qış örpəklə gəzirdi. Hətta deyilənə görə Zümzümə xanım yatanda da yaylığını başından çıxarmazdı. Yarım saatdan sonra fakultənin zamdekanı Zamdekan müəllim telefonla danışa-danışa auditoriyaya tez-tələsik girib çıxdı. Zamdekan müəllimin dili uzun idi. Danışanda elə bilərsən adama dil çıxarır. Onunda yetmiş YAŞI var idi. Və Zəlilxan müəllimlə əkiz qardaşıydılar. Beş dəqiqə sonra Zamdekan müəllim Zülqərneyin müəllimlə birlikdə auditoriyaya daxil oldular. Tələbələr hərarətlə ayağa qalxıb, xorla, ritmik səslə “salam” deyə qışqırdılar. Zülqərneyin müəllim tələbələrə razılıqla başını tərpədə-tərpədə, əli ilə “otur” komandası verdi.

Zamdekan müəllim onun qolundan tutub asta-asta tribunaya gətirdi. Özü də keçib müəllimlərin yanında oturdu. Zülqərneyin müəllimin səksən iki yaşındaydı və on beş il idi ki fəlsəfə fakultəsinin dekanı işləyirdi. Maraq üçün onu da deyek ki, sevimli dekan Bakı Dövlət universitetindən bir yaş böyük idi və bununla da fəxr edirdi. Ona fakultədəki tələbələr professor deməliydi. Yoxsa həmin tələbəni universitetdən mitilini bayıra atardı. Zülqərneyin müəllim tribunaya qoyulmuş “Bonaqua” butulkasını başına çəkdi. Sonra ağzını yaxalayıb suyu qabaqda oturan tələbənin üzünə fışqırtdı. Udqunub danışmağa başladı:

-Əziz tələbələr mən sizi çox sevirəm-dedi. Qəfil öskürək onun çıxışını yarimçıq kəsdi. Yenə sudan bir qurtum ağzına alıb yaxaladı. Bu dəfə isə suyu qabaqda oturan digər tələbənin üstünə fışqırtdı.-Amma aranızda çox istədiyim Puluçoxdu.-Dekan bu sözleri beş dəqiqəyə deyib pauza verdi.

Pauzadan istafadə edib arxada oturan qızlar fısıldaşmağa başladı:

-Az arxasına pambıq qoyan Puluçoxda nə görüb e bu?

Bu vaxt Zülqərneyin müəllim hər şeyi gördü. Zamdekan müəllimə əli ilə işarə edib qışqırmağa başladı.

-Bu gicdıl-deyib dayandı. Başını qabağa eliyib bir nəfəsə sözləri üdülüyüb tökdü.-Xahiş edirem Zamdekan müəllim bu gic qızları çıxarın bayıra. Rədd eliyin auditoriyadan.

Sonra su butulkasını onlara tərəf tolazladı. Butulka qızların arxasında oturan oğlanın düz təpəsinə dəydi. Dekanın nəfəsi təngiməyə başladı. Bütün bədənini əsməcə tutdu. Ağzı əyildi. Qulaqları əsəbdən tərpənməyə başladı. Zamdekan müəllim isə qızların saçından tutub bayıra atdı. Bu dəm bütün tələbələr Zülqərneyin müəllim alqışlamağa başladı. O, alqışlayanlara əli ilə “stop” komandası verib danışmağa başladı:

-Əziz tələbələr sizə həyatda uğurlar arzu edirəm. Siz bu il universiteti qurtardınız. Gələcəyin fəlsəfəçilərisiz, gələcəyin Zülqərneyin müəllimlərisiz. Sizə fakultədə fələsəfə ilə yanaşı bədən tərbiyəsi, musiqi, dülgərlik, dəmirçilik və s. kimi fənnlərdə keçilib. Əgər siz fəlsəfə ilə məşğul ola bilməsəz dəmirçi, dülgər, sürücü də işləyə bilərsiz. Bu isə yalnız Bakı Dövlət universitetinin fəlsəfə fakultəsində keçilir. Başqa fakultələrdə isə belə şey yoxdu.

Bu anda Zülqərneyin müəllimə zəng gəldi. O, söyə-söyə əlini cibinə atdı. Telefonu çıxarıb displeyə baxdı. Tanımadığı nömrə idi. Yesi basıb üç saniyə sonra telefonu qulağına apardı. Hündürdən “alaao” deyə bağırdı. Dekan kiminlə nə haqdasa danışırdısa rəngi qacmışdı. Yenə qulaqları tərpənməyə başladı. Sonda “ baş üstə, bir de belə qələt eləmərəm” deyib adboy verdi. Sonra üzünü zamdekana tutub bayaq çıxardığı qızları yenidən auditoriyaya çağırmaq əmrini verdi. Qızlar içəri daxil olan kimı hamı Zülqərneyin müəllimin bu müdrik addımını alqışlamağa başladı. Başına butulka dəyən oğlan da ayılıb alqışlara qoşuldu.

-Sonda əziz tələbələr-Zülqərneyin müəllimin səsi alqış səslərinin içində dalğalanmağa başladı. Hamı bir anda dayandı.-çıxışımı bir fəlsəfəçi kimi xoş sözlərlə bitirmək istəyirəm. Bilirsiniz zövqlər və rənglər mübahisə edilməzdi. Odur ki siz də mübahisə etməyin. Ancaq müharibə edib torpaqlarımızı ermenlərdən azad edin.

Tələbələr bu çıxışdan heç nə başa düşməyib mal kimi gözlərini döyürdülər. Zülqərneyin müəllim bunu başa düşüb öz bombasını partlatmaq qərarına gəldi.

-Mənim sevimli tələbələrim sizə hədiyyələrim var.

Bu vaxt zaldakı hamı Zülqərneyin müəlimi alqışa tutdu. Dediyindən və mənzərədən razı qalan dekan keçib müəllimlərin dərs zamanı jurnal yazdıqları masada əyləşdi. Masanın altındakı kitabları çıxarıb qucağına götürdü. Sonra stolun üstünə qoyub Puluçoxu yanına çağırdı. Zayka əlindəki jurnalla dekanın oturduğu stolun yanına gəldi.

Zülqərneyin müəllimə bayaqdan səssiz baxan Zümzümə xanım onun oturduğu stula yaxınlaşıb əvvəcə üzündən sonra isə dodağından şappıltı ilə öpdü. Ürəyi qürrurla dolmuşdu ikisinində. Keçmiş sevgilisinin alovlu çıxışı və canfəşanlığı onun sönmüş məhəbbətini alovlandırmışdı. Öpdükdən sonra səssiz-səmirsiz keçib öz yerində əyləşdi. Zalda olan hər kəs bu mənzərəni sakitcə qarşıladı. Hamı sükuta qərq oldu. Zülqərneyin müəllim bu anda əlini masaya çırpıb qışqırdı:

-Hamı jurnaldakı ad sırası ilə cağırılacaq. Çağırılanlar gəlib hədiyyələrini götürə bilər.

Yaxınlaşan ilk tələbə kitabı götürüb vəhşicəsinə vərəqləməyə başladı. Kitabın içindən bir məmməd çıxıb havada mayallaq aşa-aşa yerə düşdü. Zülqərneyin müəllim izah etdi:

-Oğlum, kitabımın üstünə bir məmməd qoyub sizlərə hədiyyə edirəm. Bax bu bir məmməd-əyilib yerdən pulu götürdü-sizə ikinci hədiyyəmdi.-deyib vəhşi kimi gülməyə başladı.

P.S. YƏQİN BAŞA DÜŞDÜNÜZ HDİSƏLƏR ON BİR İL BUNDAN QABAQ CƏRƏYAN EDİB?!

Aslan Qiyaslı
01.07.2011

 

OXŞAR XƏBƏRLƏR