Bakıda beynəlxalq elmi konfrans keçiriləcək

DÜNYA
13:18 07.06.2012
2211
“Azərbaycan Dövlət İqtisad Universitetinin Biznes inzibatçılığı fakültəsinin təşkilatçılığı ilə noyabr ayında Bakıda Beynəlxalq Elmi konfrans keçiriləcək. “I Biznes İnzibatçılığı və Korporativ Sosial Məsuliyyət” adlı Beynəlxalq Elmi konfrans 23-25 noyabr tarixində Olimpik Hoteldə baş tutacaq. Konfransın məqsədi dünyada biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsində tədqiqat aparan alim və mütəxəssisləri, həmçinin iqtisadçı ekspertləri bir araya gətirərək bu sahələrdəki yenilikləri müzakirə edib, təkmilləşdirmək üçün metodoloji dəstəyin təmin edilməsi və bu mövzuda müasir problemlərin həlli yolları istiqamətində tövsiyyələr verməkdir. Konfransın əsas mövzusu da qloballaşan dünyada biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsindəki yeniliklər və müasir problemlərdir.Konfransın koordinatoru, Biznes inzibatçılığı fakültəsinin müəllimi Dr. Fariz Əhmədov biznes inzibatçılığı və sosial məsuliyyət sahəsində maraqlı olan hər bir şəxsin konfransda iştirakının mümkün olduğunu bildirib: “ Konfransa təqdim ediləcək məqalələr Azərbaycan, Türk, İngilis və Rus dillərindən birində hazırlanmalıdır. Bu məqalələr konfransın elm komitəsi tərəfindən qiymətləndiriləcək. 10-15 səhifə həcmində qəbul ediləcək məqalələrin xülasəsi iyulun 16-dək bizə təqdim edilməlidir. Məqalələrin tam mətnlərini isə sentyabrın 15-dək elektron variantda göndərə bilərlər. Digər bir tələbimiz isə göndərilən məqalələrin daha əvvəl başqa bir yerdə nəşr olunmamasıdır.Və bir iştirakçı konfransda ən çox iki məqalə ilə iştirak edə bilər. Ümumiyyətlə, bütün şərtləri və əlavə məlumatları konfransın saytından (www.bacsr.az) saytından öyrənmək olar”.Fariz Əhmədov Azərbaycanda ilk dəfə olaraq biznes inzibatçılığı və korporativ sosial məsuliyyət sahəsində keçiriləcək olan bu beynəlxalq konfransın davamlı təşkilinin nəzərdə tutulduğunu da vurğulayıb.

OXŞAR XƏBƏRLƏR