BDU-dan reaksiya gəldi: "Müğənni Röya 2008-ci ildə BDU-dan qovulub"
08:40 12.07.2011
2049
Röya verilişdə BDU-nun yaxşı tələbəsi olmadığını, dərslərini lazımınca hazırlamadığına görə müəllimlərini incitdiyini deyib. O, universiteti bitirsə də, hələ də həvəs göstərib, vaxt tapıb diplomu götürməyə getmədiyini açıqlayıb.
Qeyd edək ki, Röyalə Nəcəfova 2008-ci ilin əvvəlində BDU-dan qovulub. Həmin vaxt Röyalə BDU-nun Beynəlxalq hüquq və beynəlxalq münasibətlər fakültəsinin 3-cü kursunda oxuyurdu. «Bizim Yol» qəzetinin əməkdaşı Natiq Güləhmədoğlu müğənninin hansı yolla BDU-ya daxil olduğunu araşdırmışdı. Sorğularına cavab vermədiyinə görə jurnalist Bakı Dövlət Universiteti və Tələbə Qəbulu üzrə Dövlət Komissiyasına qarşı məhkəmə iddiası da qaldırmışdı.
Məhkəmə prosesi zamanı universitet təmsilçiləri rektor Abel Məhərrəmovun 3/748 saylı əmri ilə Röyanın BDU-dan azad edildiyini açıqladı. Röyanın efirdəki açıqlamasından sonra belə çıxır ki, onu yenidən BDU-ya bərpa ediblər, yaxud onun universitetdən qovulması barədə məhkəməyə təqdim edilən sənəd saxta olub. Başqa bir ehtimal isə Röyanın ictimaiyyətə doğru məlumat verməməsi ola bilər. Bunu təsdiq edən fakt isə hələləik mövcud deyil.
Müğənninin məlum açıqlaması ilə bağlı BDU-nun mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat katibi Pərvanə İbrahimova Röyalə Nəcəfovanın 2008-ci ildən universitetdən xaric edildiyini açıqladı. O, müğənninin sonradan BDU-ya bərpa olunmadığını açıqladı.
Röyanın prodüseri Kənan Bayramov isə “Bizim Yol” qəzetinə açıqlamasında müğənninin 2008-ci ildən sonra da dərsə getdiyini bildirib. Kənan Bayramov Röyanın ATV-dəki proqramda “diplomu götürməyə vaxt və həvəsim yoxdur” ifadəsini işlətmədiyini deyir. Prodüser 2008-ci ildə Röyanın BDU-dan xarici olunmadığını, bu problemi jurnalistlərin yaratdığını bildirir. “Röya məzunlar günü konsertində iştirak edib. Həmin gün əla qiymətlər alan tələbələrə qırmızı diplom verilib. Digər tələbələrin heç birinə hələ diplom verilməyib”.