Azərbaycan estradasının 1 N-li müğənnisi, yaradıcılığının ilk günlərindən artıq ulduz adına yiyələnmiş Röyanın 30 yaşı tamam oldu.
Röyanın mətbuat katibi Ülviyyə Alovluyubileyin təəssüratlarını AZXEBER.COM-la bölüşdü. Röya ad gününü qeyd etməyəcəyini desə də, dostları və komandası bunu belə qoya bilməzdi. Artıq səhər tezdən ağ güllərdən ibarət tərtibatla ulduzun bütün bağ evi bəzədilmiş və böyük qonaq masası düzəldilmişdi. Axşam saat 7-dən etibarən isə Röyanın yalnız ən yaxın sənət dostları gəlməyə başladı. Gecə ərzində 50-yə yaxın qonaq bağa təşrif buyurdu.
Amma müğənninin mətbuat katibi, şairə Ülviyyə Alovlunun təklifi ilə dostlar Röyaya oyun oynadılar. Dostlar sözü bir yerə qoyaraq ona hədiyyələr alsalar da bağın darvazasından əliboş girirdilər. Beləcə, heç kəsin Röyaya hədiyyə almadığı təəssüratı yaratdılar. Amma bundan heç də heyfsilənməyən müğənni: “Mənim dostlarım özü mənim üçün hədiyyədir. Mən çox xoşbəxtəm ki, belə dostlarım var! Nə qədər ki onlar var, mənə heç kəs heç nə edə bilməz!” – dedi. Beləcə bolluca yeyib, içib, rəqs edən qonaqlar doyunca əyləndilər.Və yalnız gecənin ortasında Ülviyyə Alovlu günün sirrini açdı: “Röya, bu yubileyin ən yadda qalan olsun deyə, biz səninlə sadəcə zarafat etmək istədik, amma hamımız bir daha əmin olduq ki, sən çox mərd qızsan. Çünki hamımız əliboş gəlsək də nə əlimizə baxdın, nə də “Hədiyyələr hanı?” sualını vermədin!” - sözləri ilə hədiyyələr axını başladı.
Bu oyundan heç inciməyib, əksinə doyunca gülən Röya hədiyyə yağışına tutuldu. Bir anda bağın həyəti çiçək dənizinə qərq oldu. Hədiyyələr arasında sürprizlər də az olmadı. Müğənnilər Niyam Salami və Rəhim Rəhimli Röyanın siması həkk olunmuş xalça toxutdurmuş və Röyaya bənzər maniken düzəltdirmişdilər. Rejissor Anar Röyanın böyük portretini çəkdirmişdi. Aparıcı Novruz və şairə Ülviyyə Alovlu elə şairənin öz sözlərinə yazılmış “Röyayam” mahnısına çəkdikləri klipi hədiyyə etdilər. Bu, aparıcının həm də ilk rejissor işi idi. Daha bir hədiyyə isə dostlar və fanatlar tərəfindən Röyanın 30 illik yubileyinə həsr olunaraq çəkilən “Ucalan səs” adlı sənədli filmin təqdimatı idi.
Bundan başqa məclisdə ulduzu həmişə əl işləri ilə sevindirən stilistlər Anar Malik, Ayan, Roma, Elnur, Rəfiqə, Şəfiqə, rəqqaslar Ruslan, Orxan və başqaları var idi. Qonaqlar gecədən xeyli keçənədək əyləndilər.