- Son vaxtlar virtual məkanda xüsusən “Facebook” sosial şəbəkəsində inqilabi əhval-ruhiyyəyə hesablanmış xeyli sayda çağırışlar müşahidə olunur və bir qrup gənc şəhərin mərkəzində aksiyalara cəhd göstərir. Bu barədə nə deyə bilərsiniz?
- Mən hesab edirəm ki, Azərbaycanda belə şeylərə ehtiyac yoxdur. Tarixin bütün dövrlərində o xalqlar qalib gəlib ki, onlar vahid düşmənə qarşı yumruq kimi birləşə biliblər. Bizim də hazırda Dağlıq Qarabağ kimi böyük problemimiz var. Biz hər birimiz düşməniz olan ermənilərə qarşı birləşməliyik, mübarizəmizi aparmalıyıq. Belə bir vəziyyətdə müəyyən nir qrup ölkə xaricindən çox güclü iş aparırlar ki, Azərbaycanda öz röyalarına, nağıllarına nail olsunlar. Biz qətiyyən belə məsələlərə yer verməməliyik. Azərbaycanda inkişaf gedir, xalqımızın maraqları dövlət səviyyəsində təmin olunur. Mənfi halları dövlət rəhbərliyi çox gözəl bilir. Və çatışmazlıqların həllinə çalışır, mümkün addımları atır.
- Hətta, belə söz-söhbət gəzirdi ki, bu aksiyaların təşkilatçıları arasında ermənilər də var. Sizcə bu inandırıcıdırmı?
- Təbii ki, Azərbaycanda qarışıqlıq yaratmaq ermənilərin marağındadır. Bizim gənclər belə şeylərə uymamalıdır. Ölkəmizdə gənclər üçün gözəl şərait yaradılır. Biz hamımız prezidentimiz ətrafında bir yumruq kimi birləşməliyik. Siz də görürsünüz ki, Azərbaycanda güclü islahatlar gedir, bütün sahələrdə yeniləşmə var və biz birləşib bütün mövcud problemləri həll etməliyik.
- Azərbaycanda antikorrupsiya tədbirləri geniş vüsət alıb. Bu haqda nə deyə bilərsiniz?
- Korrupsiyaya qarşı mübarizəni dəstəkləyirəm, əminəm ki, bu mübarizənin nəticələrini görəcəyik. Artıq indidən nəticələr hiss olunur. Sadəcə, bu mübarizəyə bütün xalq elliklə qoşulmalıdır.
- Bugünlərdə millət vəkili Fəzail Ağamalı korrupsiya halları haqda danışarkən qeyd edib ki, “BDU-nun hüquq fakültəsinə, Tibb Universitetinə qəbul üçün 100-150 min rüşvət alırlar”. Millət vəkili bu işdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını (TQDK) ittiham edib. Bu barədə fikirlərinizi bilmək maraqlı olardı...
- Bilmirəm o hansı halları nəzərdə tutur. Korrupsiyaya qarşı mübarizə o vaxt başlayır ki, heç kim çəkinmədən müvafiq orqanlara müraciət edir ki, məndən rüşvət tələb edirlər. Respublika Prokurorluğunda qaynar xətt yaradılıb ki, zəng etsinlər desinlər və müvafiq orqanlar bu halları araşdırsınlar.
Hacıbəy HEYDƏRLİ