Deputatdan Sevinc Osmanqızına sərt sözlər: "Sapı özümüzdən olan ..."

Deputatdan Sevinc Osmanqızına sərt sözlər: "Sapı özümüzdən olan ..."
SİYASƏT
11:20 20.04.2021
1486
Hərbi Qənimətlər Parkının açılışı sapı özümüzdən olan baltaları ciddi narahat etməyə davam edir. Onlar öz narazılıqlarını dilə gətirib düşməni müdafiə etməklə kifayətlənməyib, hətta öz gülünc idealarını da irəli sürməkdən çəkinmirlər. 

Bəs görəsən, bu adamların məqsədi nədir? 

Millət vəkili Bəhruz Məhərrəmov AZXEBER.COM-a açıqlamasında bildirib ki, bu kimi fikirlər Azərbaycanın qələbəsini həzm edə bilməyən, onun beynəlxalq nüfuzuna xələl gətirmək istəyən qüvvələrin oyununun bir parçasıdır: 

"Sapı özümüzdən olan sülh bayquşları bu oyunlarda alətdir.  Azərbaycan Respublikasının Konstitusiyasına əsasən dövlətimizin ali niyyəti kimi bəyan olunan amillərdən biri, sülhsevər və dinc əməkdaşlıqda maraqlı olan dövlət kimi, ümumibəşəri dəyərlərə sadiq olaraq, bütün dünya xalqları ilə dostluq, sülh və əmin- amanlıq şəraitində yaşamaq və bu məqsədlə qarşılıqlı fəaliyyət göstərmək müəyyən olunub. Azərbaycan bütün qonşuları ilə, o cümlədən Ermənistanla dinc münasibətlər qurmaqda maraqlıdır. Hətta, Azərbaycan Ermənistanın iştirakı ilə regional əməkdaşlıq platforması layihəsini reallaşdırmaqda israrlıdır və bu məqsədlə kommunikasiya xəttləri inşa edilməkdədir. Bu, Qafqazda münaqişə ocağını sülh və əməkdaşlıq məkanına çevirən yeni reallıqdır və bu  reallığa Azərbaycan BMT nizamnaməsinin 25 və 51-ci maddələrinə rəhbər tutaraq güc yolu ilə nail olub. Ermənistan militarist və təcavüzkar dövlət olaraq kapültasiyaya məcbur olunub, 10 noyabr bəyənatı ilə faktiki cinayətlərini etiraf edib. Lakin, erməni diasporunun güclü olduğu ölkələr, habelə, Ermənistanda regional maraqları olan dövlətlər, həmçinin, Soros çətiri altında olan iqtidarlar Azərbaycanın bu uğurunu həzm etmir”.  

O, qeyd edib ki, Azərbaycanla təhdid dilində danışmaq mümkün deyil və bu səbəbdən düşmənin ümidi çirkin mübarizə üsullarına qalıb: Mən əminəm ki, Ermənistanın bu gün minalanmış ərazilərinin xəritəsini verməməsi, revanş çıxışları kimi məsələlər xəstə erməni təfəkkürü ilə yanaşı, həm də məhz bu çirkin oyunların bir parçasıdır. Bu oyunlarda əsas alətlərdən biri isə təəssüf ki, sapı özümüzdən olan sülh bayquşlarıdır”.

Millət vəkili qeyd edib ki, Sevinc Osmanqızı kimi dırnaqarası "vətənpərvər”lərin məqsədi Azərbaycanı beynəlxalq ictimai qınağın hədəfinə çevirməkdən ibarətdir:

 "30 illik işğal zamanı 1 milyon qaçqın, məcburi köçkünün haqqını, Xocalı, Ballıqaya, Qaradağlıda erməni vəhşiliyini, atəşkəs dövründə körpə uşaqların erməni hərbçiləri tərəfindən hədəfə alınmasını bir dəfə dilə gətirməyən bu murdar kəsimin indi də Hərbi Qənimətlər Parkı ilə bağlı dedikləri qəbuledilməzdir, naqislikdir, milli şüurun itməsidir. Biz xalq olaraq 30 illik bir işğala 200 illik zülmə son qoymuşuq, bizim öz qələbəmizi əbədiləşdirməkdə pis olan nədir? Tam əminliklə deyirəm, bu insanlar xüsusi proqram və tezislər əsasında işləyir, məqsəd Azərbaycanı beynəlxalq ictimai qınağın və özləri kimi sifarişli beynəlxalq təsisatların hesabatlarının hədəfinə çevirməkdir. Bu, Azərbaycan xalqını, şəhidin ruhunu, qazinin qanını təhqir etməkdir. Əgər sən sülh istəyirsənsə o zaman Ermənistandan niyə danışmırsan? Niyə bir dəfə demirsən ki, ayağının altında olan iyrənc heykəlləri yığışdırsınlar? Niyə bir dəfə demirsən ki, Ermənistan dövləti  cinayətkar məqsədlərdən imtina etsin? Xocalıya, Gəncəyə, Tərtərə, Bərdəyə görə üzr istəsin?” 

B.Məhərrəmov bu kimi çıxışları sırf təxribat xarakterli kimi qiymətləndirərək cinayət işi açılmasının vacibliyini vurğulayıb. "Mən hesab edirəm ki, bu məsələlər Azərbaycanın milli maraqlarını təhdid etdiyi, dövlətin imkanlarını zəiflədilməsini hədəfə aldığı üçün təxribat kimi qiymətləndirilərək eyni adlı maddə ilə cinayət işi açılmalıdır. Həmçinin, vətəndaşlarımız da dövlət orqanlarını gözləmədən bu kimi təxribat hallarına elə mənbəyindəcə sosial şəbəkə üzərindən lazimi reaksiyanı göstərməlidirlər”.
 
Nərmin Məmmədli

OXŞAR XƏBƏRLƏR