"Mən düşünürəm ki, bir ölkənin hərtərəfli tərəqqisi üçün idman sahəsinin inkişafı olduqca önəmli faktorlardan biridir".
Bu sözləri AZXEBER.COM-a açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov deyib.
O, qeyd edib ki, idman kütləvi xarakter daşıyır və ölkənin beynəlxalq müstəvidə tanınması üçün kütləvilik böyük məna kəsb edir: "Həmçinin, dövlətin parlaq gələcəyinin təməli düzgün gənclər və idman siyasətinin həyata keçirilməsindən də asılıdır".
Deputat bildirib ki, Prezident İlham Əliyevin xüsusi diqqət və qayğısının nəticəsidir ki, Azərbaycanda idman sahəsi özünün intibah dövrünü yaşayır:
"Artıq uzun illərdir ki, Azərbaycanda mötəbər idman yarışları keçirilir. Azərbaycanda Olimpiya Hərəkatı və idman uğurla, sürətlə inkişaf edir. Ölkəmiz dünyada idman ölkəsi kimi tanınır. Əminliklə söyləmək olar ki, idman Azərbaycan dövlətinin priotet siyasətidir. Bu gün biz bu uğurlu siyasətin nəticəsində görürük ki, ölkəmizdə idmanın hərtərəfli inkişafına nail ola bilmişik.
Mən deyərdim ki, müasir Azərbaycan gənci şanslıdır ki, ölkədə idmanla məşğul olmaq üçün bütün şərait yaradılıb. Son illərdə bu istiqamətdə dövlət investisiyası hesabına bir çox müasir olimpiya idman qurğuları tikilib. Təkcə onu qeyd etmək kifayətdir ki, Azərbaycanın bölgələrində 50-dən çox müasir standartlarla ayaqlaşan Olimpiya İdman Kompleksləri istifadəyə verilib. Paytaxtımızda isə ən müasir idman infrastrukturu mövcuddur. Əvvəlki illərdə tikilən komplekslər əsaslı təmir olunub və eyni zamanda son illərdə bir neçə böyük stadion, idman qurğusu inşa edilib".
Müşfiq Cəfərovun sözlərinə görə, son illər ərzində həm bölgələrdə, həm də Bakıda idmanın inkişafına xüsusi diqqət yetirilməsi öz bəhrəsini verməkdədir:
"Ölkəmiz sadəcə beynəlxalq idman yarışlarında uğurlu iştirakla deyil, həm də kütləvi turnirlərin keçirilməsi sahəsində əldə etdiyi təcrübə və yüksək təşkilatçılıq örnəyi ilə dünyanın aparıcı idman mərkəzlərindən birinə çevrilib. Təsadüfi deyil ki, ölkəmizdə hər il nüfuzlu beynəlxalq idman yarışları keçirilir. Azərbaycan müxtəlif idman növləri üzrə dünya və Avropa çempionatlarına ev sahibliyi edir.
Mən 2022-ci ili Azərbaycanın idman həyatı üçün uğurlu bir il kimi xarakterizə edərdim. Cənab prezidentin ötən ilin idman yekunlarına həsr olunan tədbirdə çıxışında dediyi kimi ölkəmizdə bu istiqamətdə fəaliyyət göstərən bütün qurumlar idmanın Azərbaycanda inkişaf etməsi, kütləviliyin geniş vüsət almasına xidmət edir".
"Tezliklə Qarabağda da bölgələrimizdə və paytaxtda olan idman qurğularının fəaliyyəti təmin olunacaq", - deyə deputat əlavə edib.
Aydın Nuri