Emin Əfəndi
Həftə Məlik Məmməd, daha doğrusu Məlik Məhəmməd nağılı ilə başladı. Birinci iş günümüzdə ayılıb bildik ki, sən demə Mirzə Cəlili və bir çox klassiklərimizi səhv oxumuşuq. Yəni əsərləri bir yana, heç adlarını da düzgün bilməmişik rəhmətliklərin. Cəlil Məhəmməd Quluzadənin, Məhəmməd Arazın, Məhəmməd Səid Ordubadinin və sairələrinin. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin yanında fəaliyyət göstərən terminalogiya komitəsi güya belə düşünürmüş. Günün sonuna isə elə həmin komitədən təkzib gəldi ki, kimsə yəqin ki, "Ulduz” filminin təsiri altında ölkədəki bütün Məmmədləri Məhəmmədləşdirmək istəyi ilə belə bir fake məlumat yayıb. Necə deyərlər, "fake ayaq tutar, amma yeriməz”.
İnanmıram ki, Məmmədlər ədəbiyyatda yox daha çox nazirlər kabinetində olsaydı, qısa müddətli olsa da, belə ayaq tutan fake məlumat yaranardı.
Azərbaycan Respublikasının Nazirlər Kabinetinin bu həftə başı daha çox Məmməd-Məhəmmədlərə yox, onların çoxluq təşkil etdiyi Gədəbəyə qarışmışdı. Özü də məlum hadisələrdən bir neçə gün sonra. Hadisə isə öz "hadisə” statusunu həmişə bizdə olduğu kimi ölkə Prezidentinin konkret fikir bildirməsindən sonra alır.
Və hadisə baş verdi.
Gədəbəyin Söyüdlü kəndində süni yaradılmıç gölün əhalini zəhərləməsinə dair Prezident konkret tapşırıqlarını verdi. Azərbaycan xalqı bunu Söyüdlünün xilası kimi qarşılasa da, Ekologiya və Təbii Sərvətlər Nazirliyi isə heç nə anlamadı. Ona görə də Baş Nazirimiz iclas keçirərək, yenidən Prezidentin göl süni olsa da, Söyüdlü camaatı etirazında səmimi olması fikrini yenidən Ekologiya və Təbii Sərvətlər Nazirliyinə çatdırdı. Və deyəsən bu dəfə anlaşıldı. Qarabağda olduğu kimi ekologiya qazandı.
Qarabağda isə ermənilər öz xaçlarını unudub "qırmızı xaçın” avtomobillərindən istifadə edərək, əsl ekologlarımızın əziyyətləri ilə başlayıb sərhədçilərimizin ixtiyarına verilən buraxılış məntəqəsindən qeyri-qanuni mallar keçirərkən yaxalandılar. Və bundan sonra bir daha əmin oldular ki, biz artıq Məlik Məhəmməd nağıllarına inanmırıq. Sərhədlərimiz bizim üçün "Qırmızı Xaçdan” da müqədəsdir. Çünki onlardan fərqli olaraq, biz öz sərhədlərimizi özümüz qoruyuruq. Sərhəddi keçmək istəsələr Vüsal İsgəndərli kimi keçə bilərlər, adam kimi, futbolçu kimi.
Bu həftə futbolçumuz Vüsal İsgəndərli Alban klubunun heyyətində İrəvan şəhərinə gəlib heç kimnən çəkinmədən öz futbolunu oynadı. Klubu üçün uğurlu oyunda fərqlənməsə də ermənilərə onların sadəcə olaraq bu oyunda tamaşaçı olduqlarını bir daha başa saldı. Ölkə futbolunda isə bu həftə SOCAR Neftçini Mutulu, Galatasaryı isə Mutlu elədi.
Yeri gəlmişkən, hər iki qədim Türk klubunun maykalarını Dövlət Neft Şirkətimizin adı bəzəyəcək. Galatasarayın mutluluğuna biganə olsam da, Neftçinin Mutu ilə Mutlu olacağının umutduyum.
Bu həftə də belə keçdi.