AZXEBER.COM xatırladır ki, digər çərşənbələrdən fərqli olaraq, xalq axırıncı çərşənbəni xüsusi təntənə ilə qeyd edir.
İlaxır çərşənbədə bütün günü davam edən mərasim axşam şənlikləri ilə daha da gurlaşır.
Üzərlik yandırılır, tonqallar alovlanır, tonqallar üstündən tullanılır, bacalardan torbalar sallanır, qurşaq atılır, qulaq falları qurulur.
Axırıncı çərşənbədə yaşından və cinsindən asılı olmayaraq hamı tonqalın üstündən tullanmalıdır, tonqalı söndürmək olmaz, o özü sönəndən sonra cavan oğlan və qızlar həmin tonqalın külünü yığıb, evdən kənar bir yerə, çölə atmalıdır. Bu, o deməkdir ki, tonqalın üstündən tullanan bütün ailə üzvlərinin bədbəxtliyi atılan küllə birlikdə ailədən uzaqlaşdırılır. Axırıncı çərşənbə axşamı yalnız yaxşı sözlər danışılması adət hesab olunur.
Qədim el adətlərinə və inanclara görə, həmin gün evdən duz, su, pul, çörək, od, kibrit, neft, ağartı verməzlər.
Axır çərşənbə günü ailə üzvlərinin sayına görə şam yandırılır, adətə görə şamı yarımçıq söndürməzlər.
Qeyd edək ki, Azərbaycana yaz fəsli martın 20-si Bakı vaxtı ilə saat 18:45:53-də daxil olacaq.
Günəş ekliptika üzrə hərəkət edərək, ekvatoru kəsib Cənub yarımkürəsindən Şimal yarımkürəsinə keçir. Həmin andan Şimal yarımkürəsində yaz, Cənub yarımkürəsində isə payız fəsli başlayır. Yaz fəslinin uzunluğu 92 gün 17 saat 38 dəqiqə 28 saniyə olacaq.










































