Bu oğlan boyük cəsarətlə və iri addımlarla meydana atılıb.
Nə yazım? Necə başlayım? Hansı fikri önə çıxarım?.. Beləcə, suallar içində qalmışam. Yazı - pozu əhli birinci cümləni yazmağın nə qədər çətin olduğunun əzabını yaşayırlar. İllah da haqqında yazacağın adamın gördüyü işin böyüklüyünün və əhəmiyyətliliyinin, eləcə də cəmiyyətdə tutduğu mövqenin yaşı və həyat təcrübəsi ilə tərs mütənasib olduğunu biləndə lap zorlanırsan.
Amma zorlansam da yazacam, haqqında düşündüklərimi oxucu ilə paylaşacam. Bu nə? İllərin jurnalisti, sən nələr düşünürsən, nələr yazırsan? Niyə çətinə düşmüsən? Jurnalistlik fəaliyyətində saysız -hesabsız müsahibin olub, onlarca həmsöhbətinlə üz-üzə oturmusan, polemikaya girişmisən-fəhləsindən tutmuş, nazirinə kimi... Başla və birnəfəsə bitir yazını.21 yaşı var. Ziyalı bir ailədə dünyaya göz açıb. Atası Tahir Şahbazov tarix elmləri üzrə fəlsəfə doktoru, Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitunun baş elmi işçisi, anası Sevda xanım isə mühəndisdir. İki övlad böyüdən bu valideynlərin Fərid sarıdan demək olar ki, bəxtləri gətirib. Bu gün onların oğulları ictimaiyyətdə tanınan, gənclər arasında ayrıca yeri və fəal həyat yaşamı, xüsusi çəkisi, fərqli mövqeyi olan, siyasi hadisələrə birbaşa münasibət bildirməyi və sərbəst fikir söyləməyi ilə yaşıdlarından fərqlənən birisidi. Halbuki onun tərcümey-halı cəmi üç-beş cümləyə yerləşir: Səbayel rayonundakı 7 saylı pilot məktəbini bitirib. Odlar Yurdu Universitetinin jurnalistika fakültəsində oxuyur – son kursda. “Qaynar.info” Milli Xəbər Portalının baş redaktoru, “İslahatçı Gənclər” İctimai Birliyinin sədridir. Vəssalam.
Vəssalammı? Yox, əlbəttə. Bunlar olsa-olsa onun tərcümeyi-halında yalnız rəsmi tanıtım üçün yazılmış sözlərdi. Əslində bu gün kifayət qədər tanınan bu oğlan boyük cəsarətlə və iri addımlarla meydana atılıb. Atıldığı bu meydanda onu nələr gözləyir, nələrə nail olacaq, nələri itirəcək? Bu barədə belə deyir: “Məqsədim hansı pillədə olmasından asılı olmayaraq dövlətimə, millətimə fayda verməkdir. Hesab edirəm ki, ictimai-siyasi fəaliyyətimin yekunu olaraq mütləq hansısa bir vəzifə gözləmək yersizdi. Bu bir həyat tərzidir, bu mənim seçimimdi. Bu bir prosesdi. Bunun sonunda udmaq da var, uduzmaq da”.
Zahirən balaca boylu, cılız görünən bu oğlanın sinəsində daşıdığı ürəyi çox böyükdür. Bu ürəkdə pafosdan kənar, dəbdəbədən uzaq bir istək, bir arzunun (bəlkə də daha çox istəklərin) hər gün, hər saat boyüdüyünün fərqindəyəm. Xeyli zamandır ki, onu izləyirəm, ictimai fəaliyyətini nəzərdən qaçırmamağa çalışıram. Və görürəm ki, “boyük işlər görmək üçün irəli atılmalısan, çəkinməməlisən, yolundakı maneələri kənara atıb üstündən keçməyi bacarmalısan” fikrini asanlıqla reallaşdıran bu gənc oğlan çox işlər görməyə qadirdi.
Universitet tələbəsi olsa da çiyinlərində öyrənci missiyasından başqa, ayrıca bir məsuliyyət daşımaqdan da usanmır. Bu asanmı, çətinmi? Bunu özü daha yaxşı bilir. Mən isə deyə bilərəm ki, bəlkə də bu məsuliyyətdir onu irəli aparan, arxasında duran, başladığı yolun uğuru ilə paralel addımladan. Həmyaşıdlarının çoxu onun getdiyi yolu getməyə cəsarət edə bilmir, yaxud da bacara bilmir. İkinci fikrin üstündə dayanaraq onu da əlavə edirəm ki, çoxları bu gün bəlkə də Fəridə həsəd aparır, yerində olmaq istəyir. İctimaiyyətdə tanınmaq, çevrəndəkilərə səninlə hesablaşacaq dərəcədə bir mövqe nümayiş etdirmək, fikirlərini, ideya və layihələrini həyata keçirmək... bax budur əsas məsələ. Amma bu asan deyil. Çünki birdən - birə, oturduğun yerdə heç kəs onu sinidə gətirib sənin qabağına qoymur. Özün...yalnız özün olmalısan, bunu özün etməlisən, özün cığır açmalısan, bir başqası sənin əlindən tutub böyük yola çıxarmamalıdır. Çıxararsa belə, əgər o yolun hara getdiyini bilmirsənsə, elə yolun başlanğıcındaca səmti itirəcək, istiqaməti təyin edə bilməyəcəksən. Bu gün bu yolda addımlayanların bəziləri asanlıqla, bəziləri isə həyatın maneələrini dəf etməklə, özünün bacarıq və potensialını ortaya qoymaqla, böyük ideallara inam hissi ilə çıxıblar.Fərid ikincilərdəndi.
O, bu yola orta məktəbdə oxuyanda çıxıb, özünün cığırını açıb. Oxuduğu məktəbdə uşaq parlamentinin sədri olub, məktəbin divar qəzetinə redaktorluq edib, 8-ci sinifdə oxuyanda “Gənc Liderlər” Uşaq Təşkilatını yaradıb. Və bu təşkilata 40 məktəbin şagirdlərini cəlb edə bilib. Özü uşaq olsa da, hələ orta məktəb partasında oturub müəllimlərindən dərs alsa da, ölkənin ən böyük və fəal uşaq təşkilatının başında oturaraq çevrəsindəkilərə dərs verib, onları həyata hazır olmağın yollarını başa salıb. 13-14 yaşlı məktəblinin böyük bir təşkilata təkbaşına, sərbəst, bir kimsənin yardımına ehtiyacı olmadan rəhbərlik etməsi və ətrafına yüzlərlə həmyaşıdını toplayıb təşkilatın məqsədini, məramını başa salması, təbliğ etməsi böyüklərə nümunə olacaq qədər təqdirəlyiq işdir.
Nədi təşkilatın vəzifəsi? Fərid bu suala belə cavab verir: “Təşkilatın vəzifəsi ölkəmizdə cənab prezidentin rəhbərliyi altında həyata keçirilən islahatlara dəstək vermək, gənclərin ölkəmizin ictima-siyasi həyatına sürətlə inteqrasiyasını təmin etmək, onların ictimai-siyası fəallığını artırmaq, tələbə hüquqlarını qorumaqdı”. Sonra isə gəncliklə bağlı fikirlərini əlavə edir: “ Bu gün ölkəmizdə dövlət gənclər siyasəti uğurla həyata keçirilir. Bu siysətin nəticəsidir ki, cənab prezidentin son bir neçə ildə imzaladığı sərəncamların, qəbul etdiyi proqramların əhəmiyyətli hissəsi gənclərlə bağlıdır. İlham Əliyev bu gün Azərbaycan gəncliyinin hərtərəfli inkişafının, vahid və güclü qüvvə kimi meydana çıxmasının ən böyük tərəfdarıdır. Bundan sonra məsuliyyət bu siyasəti həyata keçirməyi öz üzərinə götürən insanlardadır. Onlardan hadisələrə, gənclərə maksimum vətənpərvər və məsuliyyətli yanaşma tələb olunur. Cənab prezidentin başlatdığı prosesə elə gəncləri cəlb etmək lazımdır ki, haqqı olanın haqqı yerdə qalmasın və gənclik onların rəhbərliyi altında çalışmaqdan qürur duysun. Azərbaycanda gəncliyin durumu ilə bağlı çoxsaylı fikirlər və yanaşmalar mövuddur. Ancaq bir gerçəklik var ki, Azərbaycan gəncliyi illər əvvəl olduğundan çox fərqli və irəlidədir. Bu gün Azərbaycan gəncliyinin əhəmiyyətli hissəsi həm siyasi, həm də iqtisadi baxımdan ölkədə əhəmiyyəli mövqe sahibdirlər. Bu, etiraf olunmalıdır”.
Doğru... nümunə olaraq Fərid Şahbazlı. Amma Fərid təkcə ictimai-siyasi hadisələrlə maraqlanır, bu sahədə yorulmadan çalışır desəm, doğru olmaz. Onun jurnalist kimi fəaliyyətini görməmək də bir ayrı insafsızlıq olar. Həm də bu, təkcə jurnalistika fakültəsində oxumaqla kifayətlənmir. “Qaynar.info” saytına rəhbərlik edən bu gənc oğlan deyir ki, gözümü açandan evimizdə kitab, dəftər, qəzet, jurnal görmüşəm. 14 yaşından mətbuatdayam. Görünür, burada ailənin də rolu var. Çünki atam da bir müddət jurnalistika ilə məşğul olub. Mən də bu mühitdə böyümüşəm. Ona görə də oxuduğum orta məktəbdə divar qəzeti buraxmaqla məşğul oldum və tədricən hesab etməyə başladım ki, yazılarımı böyük mətbuata daşıyım. Bu qərarı verəndə, 13 yaşım var idi. Ancaq təbii ki, mənim yaşımın az olması ilk günlərdən öz mənfi təsirini göstərməyə başladı. Pərəstiş etdiyim hakimiyyət və müxalifət qəzetləri mənim yazılarıma baxmadan onu dərc etməkdən imtina etdilər. Onların fikrincə, 13 yaşlı bir uşağın hansısa bir məsələ haqqında məqalə yazması qeyri-mümkün idi. Amma elə oldu ki, «Milli Yol» qəzetinin redaksiyası bizim evimizin yanında yerləşdi və mən də hər gün o redaksiyanın qarşısından o yana, bu yana keçməyə başladım. Bir gün yazımı da götürüb ora getdim, rəhmətlik baş redaktor Şahin Ağabəyli yazıma baxdı və təbii ki, onu mənim yazdığıma inanmadı. Hələ mənə bir tapşırıq da verdi ki, sənə mövzu verəcəm, amma burada oturub yazarsan. Mən də etiraz etmədim və yazdım. Gördülər ki, həqiqətən mən yazı yaza bilirəm. Bir müddət yazılarım həmin qəzetdə dərc olundu. 2006-cı ildə gənclər sektoruna keçdim. Uşaq və Gənclər təşkilatı yaratdım. O mərhələdən sonra digər qəzetlərdə də artıq yazılarımı dərc etdirməyə başladım”. Və beləcə Fərid jurnalistika meydanına gedən yolda addımlmğa başladı. Gənc oğlan bu yolda da iri addımlarla irəliyə doğru istiqamət göstərdi. “Qaynar. info”ya rəhbərlik etməyə başlayanda cəmi 19 yaşı var idi. Bu yaşda bəlkə də hələ heç kim jurnalistika pillələrinin yuxarısında oturmayıb, rəhbər vəzifənin dadını görməyib. Fərid isə bu pilləyə cəsarəti, inamı, zəhməti ilə qalxıb. Çoxları inanmırdı ki, o, saytı sona qədər saxlaya bilər. Bu gün belə bir inamsızlıq yoxdur. Əslində “Qaynar.info” özünü ictimai-siyasi həyatda təsdiq etməsi üçün olduqca vacib bir rıçaqdır.
Gənclik azadlıqdır. Azadlıq məfhumu hər kəsin fikrində müxtəlif formalarda təzahür edir. Gəncliyə o zaman azadlıq demək olmaz ki, onun azadlığı siqaretdə, içkidə, narkomaniyadadır. Bütün bu əməllər onun zövq obyektinə çevrilir və həyatın mənasını bu əməllərdə görür. Amma çox təəssüf ki, gənclik bu deyil.
Gənclik azadlıqdır o insan üçün ki, gəncliyinə böyük dəyər verir. Böyük amallar uğrunda yola çıxır...
Fərid ikincilərdəndi...AZXEBER.COM portalı olaraq Fərid Şahbazlını ad günü münasibətilə ürəkdən təbrik edirik və bol-bol uğurlar arzulayırıq.