Ölən gəncin son arzusu

KÖŞƏ
15:09 04.12.2010
2498


Xoşbəxt olduğunu və hər zaman da xoşbəxt olacağını zənn edirdi. Nə vaxt bir çətinliyə düşsə atasına etdiyi bir zəng onu həmin çətinlikdən xilas edirdi.
Gecə düşdükdə onun günü yeni başlayırdı və bu cür gecələrin birində bir əyləncə mərkəzində vaxtını keçirərkən gözləri qaralır və yerə yıxılır.
Gözünü açdıqda yanında atasını görür. Atası oğlunun əllərini tutaraq hər şey yaxşı olacaq deyə ona təsəlli verirdi. Oğlan isə başına nəyin gəldiyindən xəbərsiz idi.
Atası oğlunun xərçəng xəstəliyənə tutulduğunu öyrənmişdi. Xarici ölkələrdə elə bir məşhur həkim qalmamışdı ki oğlunu həmin həkimin yanına müayinəyə aparmasın. Lakin çarəsi yox idi.
Zaman sanki oğlanı əridirdi. Saçları tökülmüş, gözləri qızarmış bu gəncin heç kim üzünə baxa bilmirdi. Gözləri eyni nöqtəyə baxırdı. Yanına dost bildiyi insanlardan heç biri yaxınlaşmırdı.
Günü-gündən zəifləyən bu gənc mənəvi cəhətdən artıq ölmüşdü. Gözlərini yumacağı anın tez gəlməsini arzulayırdı.
Bir gün oğlu yatan zaman atası yanına gəlir. Oğluna baxıb hönür-hönkür ağlayır. Bu zaman uşaq gözlərini açır və atasına baxaraq deyir:
Ata ağlama. Niyə ağlayırsan ki? Deyirlər mən bu xəstəlikdən xilas olacam. Düzdü?
Atası susurdu. Yerə dikilən dolmuş gözləri oğlu üçün cavab idi.
Oğlan atasının əllərindən tutaraq söyləyir:
Ata susma. De mənə öləcəyimi çəkinmə. Onsuzda mən öləcəyimi bilirəm. Sən narahat olma qorxmuram ölümdən. Çünki artıq bunu qəbul etmişəm. İstəsəm də istəməsəm də bu olacaq. Ancaq səndən istədiyim son bir şey var.
Atası ağlayaraq:
Oğlum son söz nədir deyirsən? Sən ölməyəcəksən.
Oğlan gülərək:
Bilirəm öləcəyimi. Yalandan gizləmə məndən. Səndən istədiyim son şeyi deyim. Həmişə dostlarının, qohumlarının istəklərini yerinə yetirmisən. Nə vaxt bir çətinliyə düşsəm köməyimə çatmısan. Bir tapşırığınla bütün işləri yoluna qoymusan. Doğma oğlunun son arzusunu da yerinə yetirəcəksən?
Atası başını qaldırıb oğluna baxır və onun üçün hər şeyi etməyə hazır olduğunu söyləyir:
De gözümün işığı de. Nə istəyirsənsə deyə bilərsən, çünki elə bir şey yoxdu ki onu mən oğlum üçün edə bilməyim. De nə istəyirsən?
Oğul atasının dolmuş gözlərinin içinə baxaraq son arzusunu dilə gətirir:
Ata qulağıma qorxunc səslər gəlir, gözüm qaralır. Ancaq dediyim kimi ölümdən qorxmuram. Çünki sənin kimi bir atam var. Bir tapşırığınla bütün işləri yoluna qoya bilirsən. Ona görə səndən istədiyim son xahiş var. Bilirəm bunu da yerinə yetirəcəksən. Ata mən qaranlıqdan qorxuram. O dünyada tək qalmaqdan qorxuram. Məni orada kiməsə tapşıra bilərsən?

4 dekabr 2010 Elmir Murquzov

OXŞAR XƏBƏRLƏR