Premyer Liqanın XVIII turunun açılış oyununda “Qarabağ” – “Muğan” oyununu idarə edən baş hakim Ceyhun Haşımov çox kobud bir səhvə yol verib. O, qarşılaşmanın birinci hissəsinin 43-cü dəqiqəsində komandaları fasiləyə göndərib.
Buna səbəb kimi, onun saatında yaranan problem göstərilir. Məhz bu üzdən dünya futbolunda bəlkə də heç vaxt rast gəlinməyən olay da yaşanıb. Belə ki, komandalar fasilədən qayıtdıqdan sonra yenə eyni qapılarda olmaq şərtilə, ilk yarıdan qalan həmin 2 dəqiqəni oynamaq məcburiyyətində qalıb. Həmin vaxt bitdikdən sonra isə qapıları dəyişən tərəflər ikinci hissəyə start verib.
Yəqin ki, Haşımovun bu kobud səhvi texniki səbəblərdən qaynaqlansa da belə, AFFA-nın Hakimlər Komitəsinin diqqətindən yayınmayacaq. //Ans Press