Hindistanda yeddi aydan çox davam edən məhkəmə prosesində ötən ilin sonlarında baş vermiş kütləvi zorlamada ittiham olunan şəxslərə hökm oxunub. Müttəhimlər kürsüsündə əyləşmiş 4 nəfər cinsi zorakılıq və qətl törətməkdə təqsirli bilinərək, ölüm hökmü verilib. Onlar adam qaçırma, toplu təcavüz və cinayət törətmək daxil olmaqla, 11 ayrı maddə ilə təqsirli biliniblər və asılaraq edam ediləcəklər. Daha bir müttəhimə isə olay vaxtı yetkinlik yaşına çatmadığı üçün bir neçə gün əvvəl 3 il həbs cəzası verilib.Ötən ilin dekabrında naməlum şəxslər sərnişin avtobusunda 23 yaşlı tələbəyə qarşı zorakılıq tətbiq etmiş və döymüşdü. Qadın aldığı xəsarətlərdən iki həftə sonra Sinqapur xəstəxanasında ölmüşdü. Bu hadisə Hindistanda uzun müddət etiraz aksiyalarının keçirilməsinə səbəb olmuşdu.Hindistan hökuməti ölkədə yüksək olan zorlama hallarının qarşısını almaq üçün və etirazların təzyiqi altında zorlamaya görə təqsirli bilinənlərə ölüm hökmünün verilməsi barədə qanun qəbul etmişdi. Lakin müttəhimlərin edam cəzası alıb-almayacağı son dəqiqələrə kimi məlum deyildi. Hakimin qərarı oxunduqdan sonra məhkəmə binasının önünə toplaşan zərərçəkmişin yaxınları və izdiham qələbə şüarları səsləndirməyə başlayıb.