Son günlər cəbhənin Tovuz istiqamətində baş verənlər, ənənəvi erməni təxribatı Dağlıq Qarabağ münaqişəsinin nə qədər aktual, yalnız kağız üzərində görünən atəşkəsin isə nə qədər kövrək və həssas olduğunu bir daha ortaya qoydu.
Bəs niyə hər gün bu atəşkəs pozulur? Niyə münaqişə tərəfləri arasında sülh yaratma missiyasını üzərinə götürən vasitəçilər məsələyə müdaxilə edə bilmirlər? Bu sualın cavabına az sonra qayıdacağıq. Əvvəlcə gəlin görək 26 ildir Azərbaycan və Ermənistanla sülh danışıqlarına vasitəçilik edən Minsk qrupu əslində kimlərdən ibarətdir və real missiyası nədir?
Bu yarıtmaz qrupun tarixi ATƏT Xarici İşlər Nazirləri Şurasının 1992-ci ilin 24 martında Helsinkidə keçirilmiş görüşündən başlayır. Həmin görüşdə Dağlıq Qarabağda vəziyyət müzakirə olunmuş, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həll edilməsinə dair Minsk konfransının çağırılması haqqında qərar qəbul edilmişdi. 2 il sonra dekabrın 5-də ATƏT-in Budapeştdə keçirilən Zirvə toplantısında isə həmsədrlik institutu təsis edildi. 1997-ci il yanvarın 1-dən Minsk Qrupuna Həmsədrlər qismində ABŞ, Rusiya və Fransa başçılıq edirlər. Bəli, 1994 - cü ilin mayında əldə olunmuş atəşkəs razılaşmasından sonra ejiminə dair razılaşma əldə ediblər və o vaxtdan bəri, ATƏT-in Minsk Qrupunun himayəsi altında, Rusiya, Fransa və ABŞ - ın həmsədrliyi ilə, hələ ki nəticəsiz, sülh danışıqları aparılır.
Əslində 13 il bundan qabaq da, elə bu gün də hegomon hesab etdiyimiz qrupun üzvlərindən nə istədyimiz bəlli idi. Hörmətli üç böyük dövlətin nümayəndələri, ATƏT-in nümayəndələri olaraq, siz müəyyənləşdirməlisiniz ki, bu məsələnin həlli üçün Azərbaycan nə etməlidir, Ermənistan nə etməlidir? Bu müddət ərzində haqlı olaraq Azərbaycan ictimaiyyətində Minsk Qrupunun fəaliyyəti ilə bağlı ciddi narazılıqlar da getdikcə artdi. Minsk Qrupu həmsədrlərinin Ermənistana işğalçı siyasətinə son qoymasına və beynəlxalq hüququn norma və prinsiplərinə riayət etməsi üçün açıq çağırışlar etmək əvəzinə, hər dəfə ümumi bəyanatla kifayətləndiyini qeyd etdi.
Münaqişənin həllinin süni surətdə uzadılmasının regional sabitlik və təhlükəsizlik üçün yeni risklər ortaya çıxardı. Və nəticə olaraq biz bu gün 28 illik sülh danışıqları adı altında General, polkovniklərimizi torpağa tapşırırıq. Prezident İlham Əliyev bundan əvvəl də öz müsahibələrində və beynəlxalq platformalardakı çıxışlarında ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətsizliyini, işğalçı ilə işğala məruz qalan ölkə arasında paralellər aparmaq cəhdlərini kəskin şəkildə tənqid edib. İlham Əliyev ATƏT-in Minsk qrupundan konkret bəyanatlar tələb edir, ölkəmizin manipulyativ söz oyunlarının yorulduğunu və prosesin belə davam etməsinin mümkünsüzlüyünü onların diqqətinə çatdırır.
Azərbaycan ATƏT-in Minsk qrupunun həmsədrlərindən daha konkret və məqsədə ünvanlanmış bəyanatlar gözlədiyi halda, onlar baş verənlərə daha çox vecsiz reaksiyaları ilə yadda qalırlar. Cavab tələb edəndə də necə deyərlər, nala-mıxa vurmaqla məşğuldurlar. O zaman ortaya haqlı olaraq başqa bir sual çıxır. Əgər ATƏT-in Minsk qrupu Ermənistanın danışıqlar prosesini pozma və uzatma cəhdlərinə yayındırıcı ifadələrlə cavab verirsə, həmçinin münaqişənin hərb yolu ilə həllinin mümkün olmadığını bildirirsə, o zaman işğala necə son qoyulacaq? Övladını bu torpağa qurban verən analara nə cavab veriləcək? Qaçqın və məcburi köçkünlər öz evlərinə necə qayıdacaq?
Münaqişə hansı yolla və vasitə ilə həll olunmalıdır? Məncə, artıq 26 ildə, prosesi uzatmaq üçün istifadə olunan bütün variantları, bəhanələri də bitib-tükətdiz. Hər oyunun bir sonu mütləq olur, cənablar. BMT-nin Nizamnaməsində ölkələrin özünümüdafiə hüququ təsbit olunub.
ATƏT Minsk qrupu isə özünü BMT-nin Nizamnaməsindən üstün hesab edir. Həmin nizamnaməsinin 51-ci maddəsinə görə, hər hansı dövlət beynəlxalq öhdəliklərini yerinə yetirmədiyi və başqa dövlətin ərazisini işğal etmək üçün hərbi qüvvədən istifadə etdiyi hallarda təcavüz qurbanına özünü fərdi və ya kollektiv şəkildə müdafiə etmək hüququ verilir. Bu hüququ isə heç kim Azərbaycanın əlindən ala bilməz
BAKU TV-nin məsələylə bağlı süjütini təqdim edirik: