Tural Əliyev, "Baku Post" qəzetinin təsisçisiBu gün dünyada azərbaycanlı yaşayan elə bir ölkə, elə bir bölgə tapmaq olmur ki, orada Xocalı ilə bağlı bəyanatlar verilməsin, çağırışlar edilməsin.
Bu hər yerdədir və getdikcə daha kütləvi, daha sanballı xarakter alır.
Qayıdaq Azərbaycana. Soyqırımın baş verdiyi ölkədə Xocalı 1 dəqiqəlik sükutla anılır. Fevralın 26-sı Azərbaycanda matəm günü deyil. Müqayisə üçün deyim ki, 20 Yanvar matəm günü elan olunub. Halbuki 20 Yanvar çoxdan xarakterini dəyişmiş tarixdir, ona artıq Milli Qürur günü kimi yanaşılır. Məntiqlidir. Çünki 20 Yanvar yalnız müstəqillik bərpa olunana qədər faciə idi, sonra o, getdikcə azadlıq bayramına çevrildi. Millət bağrına od basaraq yanvar şəhidlərinin tabutlarını Müstəqil Azərbaycanın şərəfinə qaldırmağı bacardı. Müstəqilliyin bərpası 20 Yanvarın misilsiz tarixi xidmətidir, şərəfli missiyanı başa vurmasıdır. Ancaq biz xarakterini dəyişmiş bir tarixi hələ də təqvimdə matəm günü kimi qeyd etməkdəyik.
Xocalı isə başqadır. İllər və əsrlər keçsə də, o xarakterini dəyişməyəcək, heç vaxt bayram olmayacaq. Soyqırımı olaraq qalacaq. Çünki Xocalı qalibiyyət tarixi deyil.
Yerlər sanki səhv düşüb. Təklif edirəm ki, 26 Fevral Azərbaycanda rəsmi matəm günü olsun. Onsuz da bu təqvim gününü qeyri-rəsmi hamı matəm saxlayır. Heç kim toy etmir, ad günü keçirtmir, şənlik qurmur. Televiziya, radio, mətbuat soyqırımından danışır, insanlar Xocalı abidəsinin önünə axın edir. Hətta bu izdihamın ön cərgəsində Azərbaycanın Ali Baş Komandanı, ölkənin birinci şəxsi addımlayır.
Xocalı hər kəsin qəlbini sızladır. Ürəklərdə çoxdan matəmi saxlanılan Xocalının təqvimdə adi gün olması özü qeyri-adidir. Mən belə görürəm.