Dövlət Sərhəd Xidməti Yevlaxdakı hərbi hissədə baş vermiş əsgər ölümü ilə bağlı məlumat yayıb. Məlumatda qeyd olunub ki, 16 mart 2013-cü il tarixdə Dövlət Sərhəd Xidmətinin Yevlax şəhərində yerləşən hərbi hissəsinin əsgəri Niftizadə Elvin Fikrət oğlu nahar yeməyindən sonra özünü narahat hiss etdiyindən hərbi hissənin tibb məntəqəsinə gətirilib, müayinə zamanı təzyiqinin kəskin surətdə aşağı düşməsi aşkar olunub və təcili olaraq Yevlax şəhər xəstəxanasına aparılıb. Xəstəxanada həkimlərin ciddi səyinə baxmayaraq Elvinin həyatını xilas etmək mümkün olmayıb.Xəstənin vəfatının səbəblərinin aydınlaşdırılması məqsədilə hərbi prokurorluğun əməkdaşının iştirakı ilə keçirilmiş autopsiya nəticəsində əsgərin bədənində hər-hansı xarici yaxud daxili xəsarətalma halının olmaması müəyyən edilib. Autopsiyanın keçirilməsi prosesinin videoçəkilişi aparılıb. Hazırda ölümün səbəbinin müəyyənləşdirilməsi üzrə tədbirlər davam etdirilir, nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.Əsgər Elvin Niftizadə 9 dekabr 1994-cü il tarixdə Cəlilabad rayonunun Şötüklü kəndində anadan olub, 2013-cü ilin yanvar ayında Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Cəlilabad rayon şöbəsi tərəfindən müddətli həqiqi hərbi xidmətə çağrılaraq Dövlət Sərhəd Xidməti sıralarına göndərilib. Xidmət etdiyi 2 ay ərzində özünü müsbət tərəfdən göstərməklə komandirlərin və əsgər yoldaşlarının rəğbətini qazanıb, sərhədçi peşəsinə böyük həvəs və maraq göstərərək xidmətini başa vurduqdan sonra Dövlət Sərhəd Xidməti sıralarında müddətdən artıq hərbi xidmət etmək arzusu olduğunu bildirərək bu barədə hərbi hissə rəhbərliyinə müraciət etmişdi.